Məhkəmə qərarları › İş №e-2(125)-2730/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2730/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2730/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-yə olan 100,85 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya iddiaçı ASC) və Cavabdeh (cavabdeh) arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” üzrə 26 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli müqaviləyə əsasən, iddiaçı ASC ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, cavabdeh isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində balansda kifayət qədər vəsait olmadığı halda ödənişə cəhd edilmişdir. xx.xx.2022-ci il tarixində bank tərəfindən vəsaitin ödəniş edilən tərəfə çatdığını təsdiq edən sənəd daxil olmuşdur. Bununla əlaqədar olaraq Banka 100,85 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan cavabdeh Bankın hesabına 100,85 manat məbləğində əsassız varlanmışdır. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 26 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 01 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2245 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа cavabdehin müqaviləyə əsаsən iddiaçıya оlаn bоrcu 100,85 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında münasibətlər bu Xidmət Müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə (https://atb.az/wp-content/uploads/2019/12/v1_0_4.pdf) tənzimlənir. Həmin standart şərtləin 3.1.8-ci və 3.1.14-ci bəndlərinə görə kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək və kart hesabı üzrə açılmış əlavə ödəniş kartı vasitəsilə aparılan bütün əməliyyatlar üzrə məsuliyyət daşımaq müştərinin vəzifəsidir. Həmin standart şərtləin 6.1-ci bəndinə görə müştərinin Bank qarşısında öhdəlikləri yarandıqda və ya müvafiq məhkəmə qərarı olduqda, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Müştərinin sərəncamı olmadan onun hesabındakı pul vəsaiti Bank tərəfindən akseptsiz qaydada silinə bilər. Müştəri tərəfindən Banka edilən ödənişlər bu «Xidmət Müqaviləsi»yə uyğun həyata keçirilmədikdə, yaranmış overdraftı, kredit üzrə əsas borcu, hesablanmış faizləri, xidmət haqları, komissiyaları, müvafiq hallarda cərimə və dəymiş zərəri X1 və ya digər banklardakı hər hansı hesabındakı (hesabın yaranmış öhdəliklə bağlı olub-olmamasından asılı olmayaraq) pul vəsaitini (əmanət və ya cari hesabda olan digər pul vəsaiti) onun razılığı və sərəncamı olmadan akseptsiz və birtərəfli qaydada silə bilər (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya Bankın müvafiq tariflərinə əsasən həyata keçirilərək komissiya haqqı Müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silinir). Bank Müştərinin hesabında kifayət qədər vəsait olmadıqda bu faizlərin, borcların, komissiyaların və xidmət haqlarının nağd şəkildə ödənilməsini Müştəridən tələb edə bilər. Həmin müqavilənin 2.3-cü bəndinə görə limitdən artıq istifadə edilən məbləğə (overdrafta), məbləğ əmələ gələn gündən başlayaraq Bankın overdraft kreditləri üçün müəyyən etdiyi faiz dərəcəsi ilə faiz hesablanır və belə məbləğ Müştəri tərəfindən 1 (bir) ay ərzində Banka ödənilməlidir. Ödənilmədiyi halda bu ödənişinin gecikdirilməsi üçün müəyyən etdiyi faiz dərəcəsi ilə cərimə (dəbbə) hesablanır. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, iddiaçının müştərisi olan – cavabdehə məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixində balansda kifayət qədər vəsait olmadığı halda ödənişə cəhd edilmişdir. xx.xx.2022-ci il tarixində qarşı bank tərəfindən vəsaitin ödəniş edilən tərəfə çatdığını təsdiq edən sənəd daxil olmuşdur. Bununla əlaqədar olaraq Banka 100,85 manat həcmində ziyan dəymişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2245 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehə məxsus olmayan 100,85 manat vəsaiti 5 (beş) iş günü ərzində bötüvlükdə geri ödəməli olduğu, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ümumilikdə 100,85 manat pul vəsaiti çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” üzrə 26 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 445.7.1-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 100,85 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 100,85 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən 100,85 manat məbləğində pul vəsaitinin köçürüldüyünü təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, həmin məbləğin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 100,85 (bir yüz manat səksən beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar