Məhkəmə qərarları › İş №e-2(125)-2839/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2839/2025

18.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2839/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, döngə 7, ev 24A nömrəli fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ünvan 1 ünvanında yerləşən 0,04666 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 95,2 kv.m olan fərdi yaşayış evindən ibarət **********49-10301 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-338/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 923 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2023-ci il təvəllüdlü Hüseynzadə Rasim Əli oğlu adlı bir oğlan övladları dünyaya gəlmişdir. Evləndikdən sonra bir müddət bir yerdə yaşayıb övladlarını böyütsələr də, sonradan aralarında olan narazılıqlar ailənin dağılmasına, baş verən mübahisələr onların münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş və hazırda ayrı yaşayırlar. İddiaçı Samux rayonu Sərkar kəndində qohumlarına məxsus evdə müvəqqəti yaşamaqdadır. Vərəsəlik qaydasında atasından ona qalmış miras əmlak olan Gəncə şəh, Təbriz küçəsi, döngə 7, ev 24A-ya isə cavabdeh tərəfindən faktiki sahiblik və istifadə həyata keçirilməklə iddiaçının həmin fərdi yaşayış evində qalmasına cavabdeh tərəfindən maneə yaradılmaqdadır. Gəncə şəhər, Təbriz küçəsi, döngə 7,ev 24A tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Fərdi yaşayış evi iddiaçının ola-ola, orada yaşamasına, öz evinə girməyinə cavabdeh imkan vermir və onun da, cavabdehlə birlikdə yaşamaq fikri yoxdur, ona görə ki, artıq boşanmışlar və bundan sonra birlikdə yaşamaları qeyri-mümkündür. Göründüyü kimi cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə yaşamağa və mülkiyyətindən istədiyi kimi istifadə edib sərəncam verməyə imkan vermir. Cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən sonuncu dəfə iddiaçının özünəməxsus fərdi yaşayış evinə girməsinə icazə verilməmiş və iddiaçı tərəfindən polisə müraciət edilsə də, polis tərəfindən bu işlərə məhkəmənin baxdığı bildirilmişdir. Bundan başqa iddiaçı özünəməxsus ev ola-ola hazırda Samux rayonunda qohumlarına məxsus evdə müvəqqəti yaşamaqdadır. Odur ki, yuxarıda göstərdiklərinə əsasən iddiaçının özünəməxsus Gəncə şəh, Təbriz küçəsi, döngə 7, ev 24A saylı fərdi yaşayış evinə köçürülməsi və cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-2900/2025 nömrəli, xx.xx.2025-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngə, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi Kommunal Təsərrüfatı Nazirliyinin 12 yanvar 1984-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X4 adına qeyd edilmişdir. Fərdi yaşayış evinə dair 1992-ci il tarixində aparılmış texniki inventarlaşdırma işləri zamanı texniki pasport X3 istifadəsində göstərilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun 08 fevral 2012-ci il tarixli, 2V-1-33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-1-47 reyestr nömrəli miras əmlakın bölgü müqaviləsinə əsasən Gəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngə, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi X6, X5, X7 arasında bölünmüşdür. Bölgüyə əsasən fərdi yaşayış evinin X1 hissəsinə ünvan 1 ünvanı verilmiş, 10 aprel 2012-ci il tarixli, **********22-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 26 sentyabr 2014-cü il tarixli 2V-764 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M03-868 reyestr nömrəli miras payın bəxşeyiş müqaviləsinə əsasən 13 oktyabr 2014-cü il tarixli, 20T013004222-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda 18 sentyabr 2023-cü il tarixli, **********49- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adınadır. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da aydın olur ki, iddiaçı mübahisəli fərdi yaşayış evini 2014-cü il tarixdə əldə etmiş, tərəflər isə nikaha 2022-ci il tarixdə daxil olmuş və onların nikahı Gəncə Şəhər Məhkəməsinin e-2(125)-338/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə əvvəlcə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsinə mane olmaqla onu mülkiyyət hüququndan məhrum etmişdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddia həm də ona görə təmin edilməlidir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında da göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin anlayışı Məcəllənin 30.1-ci maddəsində verilmişdir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəllənin 30.4-cü maddəsində isə qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin adı çəkilən müddəalarından açıq şəkildə görünür ki, qanunverici yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranmasını və davam etməsini ailə münasibətlərinin mövcudluğu (varlığı) ilə bağlı etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə mülkiyyətçinin ailə üzvlərini 2 qrupa ayırır. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Bu baxımdan, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu qaydadan isə 2 istisna var: istifadə hüququnun saxlanması üçün keçmiş ailə üzvləri arasında razılaşmanın olması və yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması. Bu halda, məhkəmə keçmiş ailə üzvünün maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə ala bilər. Məhkəmə qeyd edir ki, istifadə hüququnun saxlanması üçün tərəflər arasında razılaşmanın olması və yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması halı mövcud deyil. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasındakı ailə münasibətləri 2022-ci il tarixdə yarandığından və bu münasibətlərə tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehin iddiaçıya məxsus Mənzildə istifadə hüquqları saxlanmadığından, iddiaçının iddia tələbi tam təmin olunmalı, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı və iddiaçı həmin evə köçürülməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcinə görə 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. Cavabdeh məhkəmə xərcinin əvəzi qismində 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar