Məhkəmə qərarları › İş №e-2(125)-290/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-290/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-290/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin ünvan 1 saylı evdən və yerləşdiyi 0,04 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 saylı evi açıq hərracdan almışdır. Tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan ünvan 1 saylı fərdi yaşayış evi Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli notarial Beh müqaviləsinin şərtlərinə görə 25500 manat beh ödənilməklə, qalan məbləği, xx.xx.2023-cü il tarixinə kimi ödənildikdən sonra, müddətin sonunda cəmi 37500 manata Cavabdeh satılmalı idi. Həmçinin, şifahi razılaşmaya görə Cavabdeh və onun ailə üzvləri bu müddətdə həmin evdə yaşayacaqlar. Lakin Cavabdeh beh müqaviləsi üzrə qalan 12000 manat pulu vaxtında ödəməmişdir. Həmin beh müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, satıcı İddiaçı ASC tərəfindən müştəriyə müqavilə məbləğini tamamlamağa əlavə vaxt verilmişdir. Həmin müddət ərzində də, Cavabdeh tərəfindən beh müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməmişdir. Bu səbəbdən tərəflərindən dəfələrlə Cavabdeh müraciət edilmiş və Beh müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmasını nəzərə alaraq Behin qaytarılmayacağını və evdən çıxarılacağını bildirmişlər. Belə bir vəziyyətdə Banka məxsus olan əmlakı zəbt etmiş Cavabdeh və onun ailə üzvlərinin Banka məxsus əmlakdan qanunsuz olaraq istifadə etməsini bankın hüquqlarının, müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti 0,04 ha torpaq sahəsində yerləşən ünvan 1 saylı evə tam mülkiyyət hüququnu əldə etmişdir. Həmin əmlak hal-hazırda da iddiaçının mülkiyyətindədir. Lakin, əmlak cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, həqiqətən də beh müqaviləsində qeyd edilən məbləği ödəmiş, bundan sonra isə Bahka pul ödəməmişdir. Müqavilə müddəti bitdikdən sonra borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etsə də, bankla aralarında razılıq əldə olunmamışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli notariat qayasında təsdiq edilmiş beh müqaviləsindən görünür ki, Xəlilov X1 ASCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 57.4 kv.m olan fərdi yaşayış evinə dair bağlanacaq alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədilə Rabitəbank ASC-yə ödənilməli olan 37500 manat məbləğin 25500 manatını beh vermiş, tərəflər öhdəliyini icrasını 02 aprel 2023-cü il tarixə kimi öhdəliklərinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, ünvan 1 saylı fərdi ev xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan ünvan 1 saylı fərdi yaşayış evi barəsində Cavabdeh ilə Bank arasında xx.xx.2020-ci il tarixli beh müqaviləsi başlanmışdır. Müqavilənin şərtlərinə görə 25500 manat beh ödənilməklə, qalan məbləğ xx.xx.2023-cü il tarixinə kimi ödənildikdən sonra, müddətin sonunda həmin əmlak cəmi 37500 manata Cavabdeh satılmalı idi. Həmçinin, şifahi razılaşmaya görə Cavabdeh və onun ailə üzvləri bu müddətdə həmin evdə yaşayacaqlar. Lakin, Cavabdeh beh müqaviləsi üzrə qalan 12000 manat pulu vaxtında ödəməmişdir. Hazırda cavabdeh həmin evdən çıxmadığından iddiaçı Bank qanuni əsaslarla özünə məxsus ünvan 1 saylı evdən cavabdehin əmlakları ilə birlikdə çıxarılmasını tələb etmişdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli beh müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 saylı həmin evdən çıxarılmalı, ünvan 1 saylı ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxardılaraq, ev və torpaq sahəsi boşaldılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar