Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-308/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, onu xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş və aralarında olan narazılığa əsasən nikahları məhkəməyə qaydasında 28 noyabr 2023-cü ildə pozulmuşdur. Birgə nikahdan xx.xx.2012ci ildə X6 və xx.xx.2013-cü ildə X7 adlı iki uşaqları anadan olmuşdur. Bildirir ki, o, Samirlə ailə qurub Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən bir aynabənddən ibarət bir otaqlı evə ərə gələndə ev tam təmirsiz olmuşdur. Birgə nikah dövründə evi təmir edib əlavə otaqlar tikdirmişlər. Lakin hal-hazıradək evin heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Ona məxsus bütün əmlaklar və cehiz əşyaları Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən evdə saxlanılır. Nikahı məhkəmə yolu ilə xx.xx.2023-cü il tarixdə pozulduğundan o, azyaşlı uşaqları ilə Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən və birgə nikah dövründə əlavə tikdirdikləri və təmir etdikləri evdə azyaşlı uşaqları ilə yaşaya bilmir. Cavabdeh evinə köçüb orada yaşamasına imkan vermir və onu ölümlə hədələyir. Cavabdeh onu evinə buraxmaması səbəbindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 28 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və cavabdehin yaşadığı Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından 27 iyun 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Gəlin köçdüyü evin həmin vaxt 1 yataq və 1 qonaq otağı hazır vəziyyətdə olsa da digər otaqlar, həmçinin mətbəx və hamam hazır vəziyyətdə olmamışdır. O, Cavabdeh ilə nikahda olan zaman onların qazancları bir olmuş və birgə qazanc hesabına evi əsaslı təmir etdirmişlər. Təkcə onun öz vəsaiti hesabına evə 26000 manat xərc çəkilmişdir. Belə ki, çardaq qurulmuş, darvaza qoyulmuş, evin divarları suvanmış, 3 yataq otağı, mətbəx və hamam tam təmir olunmuşdur. Bundan sonra cavabdehlə münasibətləri pisləşmiş və onlar 2023-cü ilin noyabr ayında boşanmışlar. Buna baxmayaraq o, iki azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişdir. Lakin cavabdeh ona evdə yaşamasına müxtəlif maneələr yaratmış, hətta onunla intim əlaqədə olmayacağı halda evdən çıxmasını bildirmişdir. 2024cü ilin iyun ayında cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarıb atası evinə qoymuşdur. 2024-cü ilin sentyabr ayında o yenidən uşaqları ilə birlikdə cavabdehin yaşadığı Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə qayıtmış, lakin cavabdeh hazırda ona həmin evdə yaşamağa imkan vermir. Hazırda bütün əşyaları mübahisəli evdədir. Hesab edir ki, birgə nikah dövründə birgə qazanc hesabına həmin evi əsaslı təmir etdirdiklərindən və həmin evin sənədi olmadığından onun uşaqları ilə birlikdə köçüb yaşamaq hüquq vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə 28 aprel 2011-ci il tarixdə evlənmiş və onu yaşadığı Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evə gəlin gətirmişdir. Həmin vaxt evin yalnız qonaq və bir yataq otağı hazır olmuş, digər yataq otaqlarının döşəməsi vurulsa da digər işlər həyata keçirilməmişdir. İddiaçı ilə birgə nikahlarından 27 iyun 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Onlar nikahda olan zaman o, meyvə tərəvəz satışından pul yığmış, həmçinin Daşkəsən rayonu, Xoşbulaq kəndində olan torpaq sahəsini sataraq evi əsaslı təmir etdirmişdir. İddiaçı isə yalnız həmin evin təmirinə 10000 (on min) manat pul xərcləmiş, qalan vəsaiti o özü xərcləmişdir. O, Zülfiyyə ilə 2023-cü ilin noyabr ayında boşansa da Zülfiyyə 2024-cü ilin iyun ayına kimi onun yaşadığı evdə yaşamış, iyun ayında isə uşaqları ilə birlikdə Zülfiyyəni aparıb atası evinə qoymuşdur. Bundan sonra Zülfiyyə yenidən 2024-cü ilin sentyabr ayında onun yaşadığı evə gəlmişdir. O, Zülfiyyənin ona məxsus evdə yaşamasına razı deyil, lakin uşaqlarının Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçüb yaşamalarına etiraz etmir. Zülfiyyəni isə bir şərtlə ona məxsus evdə yaşamasına razı ola bilər ki, Zülfiyyə sosial şəbəkələrdə kişilərlə canlı yayın açıb danışmasın. Zülfiyyənin kişilərlə canlı yayın açıb danışmasını bir kişi kimi qəbul edə bilmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(125)-4992/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 28 aprel 2011-ci il tarixdə bağlanmış 282 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 27 iyun 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2013-cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmışdır. - Tərəflərin evləndikləri dövr və birgə nikah dövründə çəkilən fotoşəkillərdən və videogörüntüdən görünür ki, iddiaçı cavabdeh məxsus Gəncə şəhəri Cavadxan qəsəbəsinə gəlin gəlmiş, həmin vaxt həmin evin bir hissəsi təmirsiz olmuşdur. Daha sonra onların birgə nikah dövründə evdə təmir işləri aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 19 dekabr 2024-cü il tarixli, 3-21-3-33/2-14421/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh Əmrah oğlunun adına Gəncə şəhəri, Cavadxan qəsəbəsində (Avtozavod) yerləşən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Gəncə 2 saylı Mediasiya təşkilatının İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun verilməsi tələbinə dair məsələ üzrə mediasiya təşkilatına müraciət etmiş, lakin 28 sentyabr 2024-cü il tarixdə Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, İddiaçı Cavabdeh ilə 28 aprel 2011-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. İddiaçı həmin vaxt cavabdehin yaşadığı Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı gəlin köçən zaman evin yalnız bir yataq və 1 qonaq otağı təmirli olmuş, digər otaqlar, mətbəx və hamam təmirsiz olmuşdur. Tərəflərin birgə nikahından nikahından 27 iyun 2012-ci il təvəllüdlü X6 və 28 dekabr 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər nikahda olduğu müddətdə iddiaçının yaşadığı ev əsaslı şəkildə tərəflərin birgə qazancı hesabına təmir olunmuşdur. 28 noyabr 2023-cü ildə isə tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Buna baxmayaraq iddiaçı 2011-ci ildən hal hazıra kimi mübahisəli evdə uşaqları ilə birlikdə yaşamaqdadır. Lakin cavabdeh iddiaçıya evdə yaşamasına əngəl yaradır. Hətta 2024-cü ilin iyun ayından həmin ilin sentyabr ayınadək iddiaçını evdən çıxarmışdır. Tərəflərin birgə qazancı hesabına təmir etdirkdikləri Gəncə şəhəri Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa iddiaçının başqa yaşayış yeri yoxdur. Onun mübahisəli evə olan ehtiyacı da aradan qalxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli evə 2011-ci ildən köçdüyündən onunla cavabdeh arasında mübahisəli hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X5” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, iddiaçının cavabdehlə mübahisəli evi birgə nikah dövründə birgə vəsait hesabına əsalı şəkildə təmir etməsini, iddiaçının mübahisəli fərdi yaşayış evində təxminən 14 il, yəni uzun müddət fasiləsiz olaraq yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini və hazırda da iddiaçının orada yaşamasını sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin vaxtında hüquqi qeydiyyata alınmaması iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Hazırkı vəziyyətdə cavabdeh hüquqi qeydiyyata alınmamış fərdi yaşayış evindən hansı statusla istifadə edirsə, iddiaçı da həmin statusla köçüb istifadə etmək hüququna malikdir. Eləcə də, fərdi yaşayış evlərinin hüquqi qeydiyyata alınmaması əsası ilə iddiaçının fərdi yaşayış evinə köçürülməsi hazırda qüvvədə olan mülki qanunvericilikdə istisna olunmur. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli evə 2011-ci ilin aprel ayında köçdüyündən, onunla cavabdeh arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədən düşmüş, Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minmişdir. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin 6-cı maddəsi mənzil münasibətlərinin yaranma əsasını müəyyən edərkən yalnız dövlət, bələdiyyə və özəl mənzil fondundan istifadə, sahiblik və sərəncam hüquqlarını nəzərdə tutmuşdur. Həmin Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüuququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. Göründüyü kimi həm Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi, həm də Mülki Məcəlləsi fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişlər ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənməmişdir. Bu baxımdan hazırki mübahisə üzrə cavabdehin yaşadığı evin (yaşayış sahəsinin) statusuna və istifadənin əsaslarına Azərbaycan Respublikasının Mənzil və Mülki Məcəllələrinin birbaşa tətbiqi mümkün deyildir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsi oxşar münasibətləri tənzimləyən münasibətlərə qanunun analogiya üzrə tətbiqini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Yuxarıda sadalananlardan görünür ki, analogiya qaydasında hazırki münasibətlərə oxşar münasibətləri tənzimləyən normalar vardır. Həmin normalara Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələri aiddirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsi fiziki şəxslərin mülkiyyətində olan yaşayış sahələrindən, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə dövlət və bələdiyyə mənzil fonduna aid yaşayış sahələrindən istifadə ilə bağlı qaydaları nəzərdə tutur. Hazırki mübahisənin obyekti olan yaşayış sahəsi cavabdehin qanuni sahibliyində olduğuna görə məhkəmə hesab edir ki, mübahisənin həllinə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir, çünki, həmin Məcəllənin 30-cu maddəsi ailə üzvü ilə mülkiyyətçinin münasibətlərinə xitam verildiyi hallarda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını birbaşa istisna edir, 30-cu maddə Mülki Məcəllənin 228-ci maddəsinin şərtlərini ehtiva edir. 01 oktyabr 2009-cu ilədək yaranan münasibətlər üzrə yaşayış sahəsindən istifadə keçmiş Mənzil Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənirdi. Həmin maddə də dövlət mənzil fonduna aid yaşayış sahələrindən istifadəni nəzərdə tuturdu, çünki, həmin maddə mübahisəli münasibətləri tam əhatə edirdi. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə görə İddiaçı mübahisəli yaşayış sahəsindən cavabdehlə bərabər istifadə etmək ixtiyarı vardır və o, uşaqları ilə birlikdə cavabdehin yaşadığı evə köçürülməlidir. Məhkəmə hesab edir ki, əgər cavabdehlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı evdən çıxıb qohumlarına məxsus evdə müvəqqəti yaşamaq məcburiyyətində qalmazdı. Bundan başqa, cavabdeh iddiaçı ilə birgə nikah dövründə birgə vəsait hesabına mübahisəli evə əhəmiyyətli dərəcədə xərc çəkərək evi təmir etdirmişlər. İddiaçının məqsədi təmirə çəkilmiş xərci almaq deyil, həmin evə uşaqları ilə köçüb yaşamaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.11-ci bəndində göstərilir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh yaşadığı Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh yaşadığı Gəncə şəhəri, Cavadxan (Avtozavod) qəsəbəsində yerləşən evə köçürülsün. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-308/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-308/2025
23.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver