Məhkəmə qərarları › İş №e-2(125)-309/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-309/2025

21.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-309/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.0444 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1) torpaq sahəsinin zəbtdən azad edilməsi, tikinti işlərinin aparılmasına yaratdığı maneənin aradan qaldırılmasına və cavabdehə məxsus əşyaların ünvan 1) cavabdehin vəsaiti hesabına çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini hasarlamaq istəsə də, cavabdeh tərəfindən həmin torpaq sahəsinə qanunsuz olaraq mərhum şəhid oğlunun şəkli və həmçinin xırda bir butka yerləşdirilmişdir. Həmin şəxs tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Torpaq sahəsini hasarlamağa cavabdeh maneçilik törədir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, ona şər-böhtan atır və hətta əsassız olaraq ondan hüquq mühafizə orqanlarına şikayyət edir. Polisə müraciət etsə də ona hər dəfə müraciətinin mülki xarakterli olduğu bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/3961 nomrəli ekspert rəyindən görünür ki, İddiaçı cavabdeh X1 tərəfindən faktiki olaraq istifadə edildiyini iddia edərək naturada təqdim etdiyi 0.0444 ha torpaq sahəsi, xx.xx.2024-cü il qeydiyyat tarixli **********85 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, giriş 25A ünvanında yerləşməklə, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir; mübahisəli torpaq sahəsinə keçirilən baxış zamanı, **********85 reyestr nömrəli Çıxarışa əsasən, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, giriş 25A ünvanında yerləşməklə, İddiaçı xüsusi mülkiyyətində olan 0.0444 ha torpaq sahəsi üzərində, daşınmaz əmlak obyekti (tikili və qurğu) aşkar olunmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmı iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mülki iş üzrə rəy vermiş mütəxəssis Sevindik Həsənov bildirdi ki, elektron baza və arxiv daxil olmaqla istifadələrində olan bütün məlumatlardan istifadə etməklə rəy vermişlər. Araşdırma zamanı, iddiaçının faktiki təqdim etdiyi torpaq sahəsinin elektron baza məlumatlarına əsasən onun adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsində 2 ədəd şəhid şəkli və köşk, habelə inşaat materailları yerləşdirilmişdi, lakin həmin əşyalar daşınmaz əmlak hesab edilmədiyi üçün verdiyi rəydə bu barədə münasibət bildirə bilməmişdir. Görünənlərə əsasən, mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olduğunu müşahidə etmək mümkün idi. Baxışda habelə cavabdeh iştirak etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək bildirmişdi ki, mübahisəli torpaq sahəsində ona məxsus əşyaları yerləşdirmək üçün hər hansı əsası yoxdur. 2022-2023-cü illərdə torpaq sahəsini təmizlətdirib həmin əşyaları yerləşdirmişdir. Bələdiyyənin əməkdaşı olduğu bildirən Elmir adlı şəxs mübahisəli torpaq sahəsinin hər hansı şəxsə məxsus olmadığını və təmizlədəcəyi halda istifadə edə biləcəyini ona bildirmişdir. Həmin torpaq sahəsinə dair hər hansı müqavilə bağlamamışdır. Həmin torpaq sahəsinə çəkdiyi xərci iddiaçının ödəyəcəyi halda qeyd edilən əşyaları çıxarmağa razıdır. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 169.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını və həmin sahədə tikinti aparılmasına maneə yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmiş, tələbini torpaq sahəsi üzərində mülkiyyət hüququndan irəli gələn səlahiyyətlərini həyata keçirə bilməməsi ilə əsaslandırmışdır. Mülki iş üzrə rəy vermiş mütəxəssisin dindirilməsi zamanı cavabdehə məxsus olan və daşınmaz əmlak hesab olunmayan əşyaların mübahisəli torpaq sahəsində yerləşdirildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçının müvafiq xərclərini ödəyəcəyi halda ona məxsus əşyaları mübahisəli torpaq sahəsindən çıxaracağını bildirməsiylə cavabdeh mübahisəli torpaq sahəsindən sahiblik və istifadə etdiyini, ona məxsus əşyaları həmin sahədə yerləşdirdiyini təsdiqləmişdir. Lakin çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh mübahisəli torpaq sahəsinə hər hansı hüququnun yaranmasını təsdiqləyən dəlil təqdim etməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan olunması və cavabdehin vəsaiti hesabına ona məxsus əşyaların həmin sahədən çıxarılması tələblərinə dair hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı habelə mübahisəli torpaq sahəsinin zəbtdən azad olunmasını xahiş etsə də, həmin hissədə cavabdehə qarşı irəli sürülmüş tələb dəqiq olmamaqla, təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan AZ 2006, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, giriş 25A ünvanında yerləşən ümumi sahəsi 0.0444 ha olan torpaq sahəsindən Cavabdeh vəsaiti hesabına ona məxsus əşyalar çıxarılsın. AZ 2006, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, giriş 25A ünvanında yerləşən ümumi sahəsi 0.0444 ha olan torpaq sahəsində İddiaçı tərəfindən tikinti aparılmasına maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar