Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3212/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41029 manat məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 07 dekabr 2018-ci il tarixindən iddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında iddiaçı MMC-yə ödənilməsi üçün ona verilmiş 41029 manat məbləğində pul vəsaitinin cavabdeh ilə iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Nəticədə cavabdehin iddiaçı MMC-yə 41029 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edərək, xx.xx.2020-ci il tarixədək 41029 manat borc məbləğini tam qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı MMC-yə vurduğu 41029 manat məbləğində zərərin əvəzini ödəməmişdir. Belə ki, xəbərdarlıqdan da görünür ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmənin bir iclasında iştirak etmiş, məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, cavabdehin iddiaçı MMC-də çalışdığı müddətdə əmək funksiyalarının icrası ilə bağlı fəaliyyəti yoxlanılarkən onun öz dislokasiyasına daxil olan satış nöqtələrindən iddiaçı MMC-yə çatdırmaq üçün topladığı ümumilikdə 41029 manat vəsaitini iddiaçı MMC-nin xəzinəsinə ödəmədiyi və şəxsi mənafelərinə sərf etdiyi müəyyən edilmişdir. Cavabdeh vurduğu zərəri etiraf etmiş və onunla cavabdeh arasında zərərin ödənilməsi qaydası ilə bağlı müəyyən razılıq əldə edilmişdir. Bu məqsədlə tərəflər arasında xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh iddiaçı MMC-yə 41029 manat borcunun olduğunu etiraf etmiş və xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Yəni, tərəflər arasında əmək münasibətlərindən yaranan mübahisə mülki hüquq münasibətlərinə çevrilmişdir. Odur ki, iddiaçının nümayəndəsi göstərilən xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli 969/K nömrəli əmrdən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilənin surətindən görünür ki, cavabdehlə iddiaçı MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. “Satış Departamentinin satış nümayəndəsinin vəzifə təlimat”ının 14-cü bəndinə əsasən satış nümayəndəsi müştərilərdən (ticarət nöqtələrindən) iddiaçı MMC-yə məxsus malların satışından əldə edilən pul vəsaitini iddiaçı MMC-nin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli 031/K nömrəli əmrdən çıxarışdan və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdehin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 yanvar 2020-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan, cavabdeh və iddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən tərəflər etiraf edərək qəbul edirlər ki, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında ticarət obyektlərindən iddiaçı MMC-yə ödənilməsi üçün "xxxx"-ya verilmiş 41029 manat məbləğində pul vəsaitinin "xxxx" ilə iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Nəticədə "xxxx"-nun iddiaçı MMC-yə 41029 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 2-ci bəndinə əsasən "xxxx" bu müqavilənin 1-ci maddəsində qeyd olunan borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edir və qəbul edir ki, borc məbləği xx.xx.2020-ci il tarixədək öz hesabına tam qaydada iddiaçı MMC-yə nağd qaydasında tam ödəyəcəkdir. Cəmiyyət ilə "xxxx" arasında əmək müqaviləsinə xitam verilməsi borcun ödənilməsindən azad olunma üçün əsas deyildir. Müqavilənin 3-cü bəndinə əsasən borcun həmin müddət ərzində ödənilməyəcəyi təqdirdə həm əsas borcun, həm də əsas borcun 1 faizi məbləğində tətbiq olunacaq cərimənin və qanunvericiliklə müəyyənləşdirilmiş faiz borcunun, həmçinin, digər xərclərin məcburi qaydada tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada bütün hüquqi tədbirlərdən istifadə ediləcəkdir. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin ikinci maddəsi ilə müəyyən edilmiş öhdəlik "xxxx" tərəfindən vaxtında icra olunmadıqda iddiaçı MMC borcu xəbərdarlıq etmədən dərhal tələb etmək hüququna malikdir. İş materiallarında olan, audit aktının surətindən görünür ki, maddi məsul şəxs olan cavabdehə təhkim edilmiş müştərilən faktiki borc qalıqları cavabdehin özünün iştirakı ilə yoxlanmış, yoxlama dövrünü xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığı, borcun məbləği isə 41028,99 manat təşkil etmişdir. İş materiallarında olan, cavabdehə ünvanlanmış borcun ödənilməsinə dair xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 41029 manat məbləğində borc pul vəsaitini iddiaçı MMC-yə ödəməmişdir. Cavabdehdən müqavilə üzrə iddiaçı MMC-yə olan borcunu qısa müddət ərzində ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Hazırkı iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də imzaladığı audit aktına və “Mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə istinad edərək, cavabdehdən maddi zərərə görə 41029 manat pulun tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Həmçinin, tərtib edilmiş auditor hesabatına əsasən cavabdehin Cəmiyyətə 41028,99 manat məbləğində zərər vurması müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurduğu, işçinin qanuna zidd əməlinin və bu əməllə zərər arasında səbəbli əlaqənin mövcud olduğu iddiaçının təqdim etdiyi cavabdehin də imzaladığı audit aktı və tərəflər arasında bağlanmış “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə təsdiq olunur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə, belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmçinin, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Göründüyü kimi, cavabdeh, üçüncü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında iddiaçı MMC-yə ödənilməsi üçün ona verilmiş 41029 manat məbləğində pul vəsaitinin onunla iddiaçı MMC arasında aparılan dövriyyə hesablaşmaları zamanı iddiaçı MMC-nin hesabına daxil olmadığı və əksik olduğunun aşkarlandığını və nəticədə onun iddiaçı MMC-yə 41029 manat məbləğində borcunun yarandığını etiraf edərək, xx.xx.2020ci il tarixədək 41029 manat borc məbləğini tam qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı MMC-yə vurduğu 41029 manat məbləğində zərərin əvəzini ödəməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 41029 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmiş SMS bildiriş alsa da məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddiaçı ilə aralarında olan müqavilələrdə hər hansı ayrı qaydanın nəzərdə tutulduğunu və onlar arasında münasibətlərdən ayrı qaydanın irəli gəldiyini təsdiq edən, ümumiyyətlə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcinə daxil olan və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 41029 (qırx bir min iyirmi doqquz) manat və məhkəmə xərcinin əvəzinə görə 213,09 (iki yüz on üç manat, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov