Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3215/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X61 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair ərizəsi üzrə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkün qanun üzrə birinci növbə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və miras əmlak üzərində vərsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək onun tərəfindən Gəncə şəhəri, Hərbi Şəhərcik -83 (38), xətt-14, ev 7-nin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı məhkəməyə ərizə verərək anası X7 qanun üzrə vərəsələrini müəyyən edərkən onu da nəzərə alıb, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt-14, ev 7-də yerləşən miras mülkdə miras payının ¼ olmasının müəyyən edilməsini xahiş etmişdir. Bundan başqa mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi verərək anası X5 miras qalmış ünvan 2 ünvanda yerləşən mülkə onun mirası qəbul etmə faktının müəyyən edilməsinə və miras əmlak üzərində onun qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, anası X17 xx.xx.2014-cü ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən mülk anasının xüsusi mülkiyyətində olmuş və anasının adına xx.xx.2012-ci il tarixli çıxarış əldə edilmişdir. Anası rəhmətə gedəndən sonra, ondan miras qalmış mülkü həmin evdə yaşamaqla X6, özü və qardaşları Cavabdeh1 və X14 qəbul etmişdirlər. X6 xx.xx.2020-ci ildə, qardaşı X15 isə xx.xx.2021-ci ildə ölmüşdür. X1 öləndən sonra onun ailəsi də həmin evdə yaşamışdır. Özü isə 2014-cü ilə qədər orada yaşamışdır. Anası sağ ikən həmin evdə olmuş, ancaq müxtəlif rayonlarda hərbi hissədə xidmətdə olduğuna görə evdən çıxmışdır, ancaq qayıdıb şəhərə gələndə orada yaşamışdır. 2014-2016-cı illərdə Şəmkirdə, 2018-ci ildə Gədəbəydə, 2020-ci ildə Toğanada xidmət etmişdir. Həmin ilin noyabr ayında pandemiya başlamış, dekabr ayında atası vəfat etmişdir, bundan sonra Kəlbəcərdə xidmətə getmiş, ehtiyata buraxıldıqdan sonra evə qayıtmışdır. Ancaq həmin evdə yaşamasına icazə verməmişdirlər. Qardaşı Nurağa onu və qardaşı Mirmehdinin ailəsini həmin evdən çıxarmışdır. Buna görə də 1 il 5 aydır ki, kirayədə yaşayır. 2013-cü ildə uşağının sünnət toyu həmin evdə olmuşdur. Uşağın ad günlərinin həmin evdə keçirilməsi ilə bağlı şəkillər vardır. Onun əmlakı, həmçinin servantda olan qab-qacaqları 2008-ci ildən bəri həmin evdə olmuşdur. Anasının sağlığında stol-stulu özü satmış, anası öləndən sonra əşyaları oğurlanmışdır. Bütün cehizlərini həmin evə gətirmişdir, özünə məxsus otağı olmuşdur. Evin kommunal xərclərini müştərək qaydada ödəmişlər. İşığı Nurağa, qazı isə Mirmehdi və özü ödəmişdir. Pulu həmişə ödəməsi üçün Mirmehdiyə vermişdir. Anasının vəfatından sonra depressiyaya düşdüklərinə görə mirasın bölünməsi ilə bağlı notariusa müraciət etməmişlər, həmçinin aralarında heç bir mübahisə olmamışdır. 2010-cu ildən etibarən Ülviyyə kirayədə yaşamışdır. Anası vəfat edənə kimi Nurağa ilə danışmamışdır. Gecə işdən çıxanda gəlib anasını görüb qayıtmışdır. Bir övlad kimi ata evindən pay istədiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia üzrə iddiaçı ilə eyni məzmunda izahat verib, əlavə olaraq göstərdi ki, iddiaçının anası öz sağlığında qızı Floraya qızıl üzük vəsiyyət etmişdir. Qarşı tərəfin iddiasının əksinə olaraq həmin qızıl üzüyü Flora anasının vəfatından əvvəl yox, onun vəfatından sonra pula ehtiyacı olduğuna görə lombarda qoymuşdur. Flora tərəfindən mirasın qəbul edildiyini, kommunal ödənişlər edildiyini qeyd edərək, ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 2006-cı ilə qədər mübahisəli evdə yaşamışdır, ancaq 2006-cı ildə Ceyhun Namazovla ailə quraraq, Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən Ceyhungilin ailəsinə məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2007-ci ildə Əli adlı uşaqları dünyaya gəlmişdir. Əli yaşadıqları evin yaxınlığında 16 saylı tam orta məktəbdə oxumuşdur, hazırda isə 10-cu sinif şagirdidir. Yəni, Flora 2006-cı ildən etibarən həmin evdə yaşamır, xx.xx.2014-cü ildə anası vəfat etdikdən sonra da həmin evdə yaşamamışdır. Boşandıqdan sonra gəlib 1-2 gün qalmış, həmçinin anası, atası və qardaşı Mirmehdi vəfat edəndə yas üçün gəlib qalıb getmişdir. 2005-ci ildə Ülviyyə, 1993-cü ildə Nəsihət evdən çıxmışdır. Anası xəstə olanda yaşadıqları evdə şərait olmadığına görə Ülviyyə öz evində ona baxıb qulluq etmişdir. 2011-ci ildə qardaşı Mirmehdi ailə quraraq İnşaatçılar sarayı yanında kirayədə yaşamışdır. Anası sağ olan zaman 5-10 gün həmin evdə qalıb, sonra bəzi şeyləri bəyənmədiklərinə görə çıxıb getmişdirlər. Floranın boşanandan sonra harada qalması ilə bağlı məlumatı yoxdur. Anasının sağlığında onun üzüyünü Flora 2014-cü ildə banka girov qoymuşdur. Həmin vaxt atası imkan verməmişdir ki, onu polisə versinlər. Anası üzüyü Floraya vəsiyyət etməmişdir, əgər vəsiyyət etsəydi Ülviyyəyə qalmalı idi, çünki anasının əziyyətini çəkən o olmuşdur. 1 evdir, 2 giriş-çıxışı vardır, qaz, işıq, su 3 sayğac olmuşdur. Bütün kommunal xərclərini özü ödəmişdir. 2013-cü ildə 633 manat borc yazılmış, bütün borcu özü ödəmişdir. Floranın o evdə heç bir əşyası yoxdur, cehizi də olmamışdır. Evdə olan əşyalar valideynlərindən qalmışdır, bu o demək deyildir ki, Floranındır. İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə eyni məzmunda izahat verib əlavə olaraq göstərdi ki, Floranın həmin evdə yaşaması ilə bağlı arayışlar saxtadır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər Nəsihət və Ülviyyənin iddiası əsassızdır. Mübahisəli əmlak Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilmiş, evin kommunal xərcləri onun tərəfindən ödənilmişdir, bu barədə qəbzlər vardır. Yerli baxış zamanı Floranın həmin evdə yaşaması və orada əşyalarının olması faktı öz təsdiqini tapmamışdır. İlkin iddianın və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddiasının rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 izahatında göstərdi ki, Gəncə şəhəri, Hərbi Şəhərcik-83, xətt-14, 7 saylı ev mərhum anası X5 miras qalmışdır. O hələ anasının sağlığında həmin evdə yaşamış, anası vəfat etdikdən sonra da həmin evdə yaşamaqda davam etmişdir. Belə ki, 2014-cü ildə anası vəfat etmiş, o isə 2016-cı ilə qədər həmin evdə yaşamışdır. Ancaq müəyyən səbəblərdən evdən çıxmışdır. Qardaşı Nurağa ona demişdir ki, “evdə ancaq yaşaya bilərsən, işdən çıxmalısan, pay vermirəm.” O isə qardaşının sözünə qulaq asıb, kariyerasını atmamışdır. 2016-cı ildən sonra atasının təkid etməsi nəticəsində evə qayıtmış, 2021-ci ildə yenə evdən çıxmışdır. Öz əşyalarını da 2021-ci ildən evdən çıxarmışdır. Anasına 5 övladdan ancaq o baxmışdır. Anası ağır ürək-damar xəstəliyindən əziyyət çəkdiyinə görə onun müalicəsi və qulluğu onun tərəfindən qarşılanmışdır. Buna görə də anası evi ona vəsiyyət etmək istəmiş, o isə narazılıq olmasın deyə bütün qardaşbacılar arasında bölünməsini istəmişdir. Florada olan üzük hələ anasının sağlığında borca görə lombarda qoyulmuşdur, anası ona vermək istəmişdir. Hazırda nişanlıdır, ailə qurmamışdır. Atasına demişdir ki, onun payını versinlər özünə toy edə bilsin. Atası da razılaşmışdır ki, onun payını verəcəklər. Kommunal ümumi olmuşdur, ancaq o ödəməmişdir. Anası öləndən sonra Flora həmin evdə yaşamamışdır. Bir övlad kimi ata evindən pay istədiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 X13 ilə eyni məzmunda izahat verib, əlavə olaraq göstərdi ki, Cabbarova Ülviyyə ata-anasına qulluq etmişdir, həmin evdə yaşamışdır. İstəsə idi xəstə qadını notariusa aparıb, aldadaraq, anasının evi ona vəsiyyət etməsi nəticəsində sənədləşdirə bilərdi. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 məhkəmə iclasına gəlmədiyi üçün ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Flora ilə qonşudurlar. 20 ildir ki, həmin küçəyə gəlin köçmüşdür. Flora həmin evdə yaşamışdır. Sözügedən evdə İntizar, Mirağa, Flora, Mirmehdi, Nurağa ailəsiylə yaşamışdırlar. Flora uşağını o evdə böyütmüşdür, boşanıb gələndə anası sağ olmuşdur. Anasının vəfatından sonra dava-dalaşla həmin evdə yaşamışdır. Kirayəyə çıxma səbəbi hərbiçi olmasıdır. Nəsihəti heç vaxt orada görməmişdir. Ülviyyəni tanıyır, ancaq həmin evdə görməmişdir, o, Yeni Gəncədə yaşamışdır. Floranın sözügedən evdə təxmini nə qədər yaşadığını bilmir. O. Rusiyaya getmiş, 1 il 5 ay orada qalıb qayıtmışdır, qayıdıb gələndə Flora evdə olmuşdur. Mirmehdi 1-2 il olar ki, ölmüşdür. Nə vaxt ailə qurduğunu bilmir, təxmini 2018-ci ilə qədər həmin evdə yaşamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti üzrə şahid qismində dindirilən X30 ifadəsində göstərmişdir ki, Floragil qardaşı uşaqlarıdır. Onların evini dayısıgil vermişdirlər, anası qəhrəman ana olduğu üçün evi dəyişmişlər. Ev İntizarın adına olmuşdur. Əvvəl İntizar sonra isə Mirağa ölmüşdür. Həmin evdə 2 qardaş və Flora yaşamışdır. Mirmehdi vəfat etdikdən sonra orada Nurağa və Flora yaşamışdır. Nəsihət Bakıda, X56 yaşamışdır. Hazırda Nurağanın yoldaşı Floranı o evdə yaşamağa qoymur. Flora hərbiçidir. Mirmehdini də 3-5 ay yaşayandan sonra evdən qovdular, gedib kirayə yaşadı, orada da öldü. Nurağanın yoldaşı demişdir ki, “bu evə heç kim girməyəcək.” 2005-ci ildə Flora evlənib köçmüş, 1 uşağı olmuşdur. Boşanandan sonra 2008-ci ildən həmin evdə yaşamış, işlə əlaqədar gedib-gəlmişdir. Nurağa o evdə yaşamışdır. Floranın orada əşyalarının olub-olmadığını bilmir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti üzrə şahid qismində dindirilən X26 ifadəsində göstərmişdir ki, Flora ilə qonşudurlar. Floranın qaldığı ev ata mülküdür. Uşaq vaxtından orada yaşamışdır, evlənib boşandıqdan sonra da gəlib orada yaşamışdır. 2008-ci ildə boşanıb gəlmiş, anası öləndən sonra dava-dalaşla bir müddət yaşayıb, kirayəyə çıxmışdır. İntizar vəfat etdikdən sonra həmin evdə Mirağa, Nurağa, Mirmehdi və Flora yaşamışdır. Tez-tez səs-küy eşitmişdir. Atası sağ ikən Mirmehdi də yola getməmiş, evdən çıxmışdır. Evin içi 2 otaq olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti üzrə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Floragil əmisi uşaqlarıdır. Ev əvvəldən bölünmüşdür. 1 otaq da Floraya verilmişdir. Flora atası evində yaşamış, hərbidə işləmişdir. İntizar öləndən sonra da Flora həmin evdə yaşamışdır, əşyaları olmuşdur. Atası vəfat edəndə Kəlbəcərdə olmuş, yas mərasiminə güclə özünü çatdırmışdır. Atası pandemiya vaxtı vəfat etmişdir, onun ölümündən sonra Flora uşağını onların evində qoyub, özü hərbiyə Toğanaya getmişdir. Uşaq 1 il onlarda qalandan sonra götürmüşdür. 2023-cü ilin mart ayında kirayəyə çıxmışdır. Evdə 1 sayğac olmuşdur. Kommunal üstündə həmişə söz-söhbət olmuşdur. Mirmehdinin adına sayğac olmamışdır. İntizarın ilindən sonra Mirmehdi evdən çıxmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəsatəti üzrə şahid qismində dindirilən X32 ifadəsində göstərmişdir ki, iş üzrə tərəflərin xalasıdır. X40 bacısıdır. Flora bacısının yanında yaşamamışdır. Bacısı öləndən sonra da həmin evdə yaşamamışdır. Boşanandan sonra kirayədə yaşamışdır. Həmin evə gedişgəlişləri vardır, münasibətləri normaldır. Ülviyyə işdə olduğuna görə bacısına Nurağa və onun yoldaşı baxmışdır. Bacısı vəfat etdikdən sonra 40 gün orada qalmışlar. İntizar vəfat etməmişdən əvvəl üzük söhbətini eşitməmişdir, kimə qaldığını bilmir. Həmçinin oğurluq söhbətini də eşitməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəsatəti üzrə şahid qismində dindirilmiş X49 ifadəsində göstərmişdir ki, İntizar onun bacısıdır. xx.xx.2014-cü ildə ölmüşdür. Bacısının 2 oğlu, 3 qızı vardır. Nurağa həmişə sözügedən evdə yaşamışdır. Flora qoşulub qaçandan sonra evə qoymamışdır. Neçə il evli qaldığını bilmir, boşanandan sonra hərbiyə getmiş, orada yaşamışdır. Hərbidən gələndən sonra da həmin evdə yaşamamış, qonaq kimi gəlib-getmişdir. Heç Floragil o evi bəyənməmişdirlər. Nəsihət Bakıda yaşamışdır. Ülviyyə həmin evdə bir az yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstərmişdir ki, Nurağa onun dayısı, Flora, Nəsihət və Ülviyyə isə xalalarıdır. Onun anası Təranə Mirağanın yox, İntizarın qızıdır. Nənəsi, yəni İntizar xx.xx.2014-cü ildə ölmüşdür. Nənəsi öləndən sonra həmin evdə Mirağa və Nurağa ailəsi ilə birlikdə yaşamışdır. Floranın harada yaşadığını bilmir, Nəsihət Bakıda, Ülviyyə isə Yeni Gəncədə yaşamışdır. Babası və dayısı Mirmehdi vəfat edəndə Floranı yasda görmüşdür. Flora 2005-ci ildə evlənmiş, 1 oğlu olmuşdur. Boşanandan sonra harada yaşadığını bilmir, hərbiçi olmuşdur. Uzun müddətdir ki, onunla əlaqəsi yoxdur. Hazırda da dayısı Nurağagilə gedib gəlsə də Floranı görməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəsatəti ilə şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, Ülviyyəni tanıyır, Flora ilə Nurağanı görmüşdür. Ülviyyə firmada işlədiyi vaxt onu tanımış, yaxın münasibətləri yaranmışdır. Anasına iynə vurmaq üçün Ülviyyə maşın tutub onu hərbi şəhərciyə aparıb gətirmişdir. Ülviyyə kirayədə qaldığı müddətdə atasına da baxmış, atasına sistem qoşmaq üçün getmişdir. Qış vaxtı bir neçə dəfə Nurağa onu aparıb düşürmüşdür. Atalarının əlindən əlilliyi olmuşdur, qadın öləndən sonra atası Ülviyyəni həmin evə aparmışdır, ancaq sonra yenə Ülviyyənin kirayəyə çıxdığını eşitmişdir. 15 ildir ki, Ülviyyəni tanıyır. Floranı 1 saatlıq, 1 dəfə görmüşdür. Atasına isə 5 dəfə, 3 ay müddətində sistem köçürmüşdür. Ülviyyə olmayanda həmin evə getməmişdir. Flora hərbidə olduğuna görə vaxtı olmadığını demişdir. Anası sağkən evi Ülviyyənin adına keçirmək istədiyini ona demişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəsatəti üzrə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ülviyyəni şirkət vasitəsilə tanımışdır, iş münasibətləri olmuşdur. Flora ilə Nurağanı da Ülviyyəyə görə tanımışdır. Anası vəfat edəndən sonra 1 ildən çox orada yaşamış, sonra evdən çıxmışdır. Atasının istəyi ilə yenidən evə qayıtmış, atasının vəfatından sonra çıxmışdır. Anası xəstə olanda ailəsi ilə birlikdə yaşamışdır, təxmini 2012-ci ildə. Anası ölməmişdən əvvəl kirayədə yaşamışdır. Floranın Ülviyyənin bacısı olduğunu bilir, ancaq həmin evdə yaşayıbyaşamadığını bilmir. Ancaq Nurağa həmin evdə yaşamışdır. Flora 95 aptekin yanında kirayədə yaşamış, qonşu olmuşdurlar. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 vəsatəti üzrə şahid qismində dindirilən X33 ifadəsində göstərdi ki, tərəflər xalası uşaqlarıdır. Xalası, yəni İntizar sağ ikən, həmçinin öləndən sonra da Ülviyyə həmin evdə yaşamışdır. Onu atası evə qaytarmış, atası öləndən sonra 1 il qalmış, yenidən evdən çıxmışdır. Anası rəhmətə gedəndən sonra Flora həmin evdə qalmamışdır. Ancaq əvvəllər yaşamışdır. Hərbiyə düzəldikdən sonra işlə bağlı getmişdir. Həmin evdə Floranın əşyalarının olub-olmadığını bilmir. Mübahisəli evə sonuncu dəfə ya Mirmehdinin 40 mərasimində, ya da ilində gəlmişdir. Nurağa həmin evdə yaşamışdır, Ülviyyə və Nəsihət qonaq kimi gəlib-getmişdir. Flora isə hərbidə olduğuna görə arada-bir gəlib-getmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edərək, ona münasibətdə ərizəni baxılmamış saxlamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın surətindən görünür ki, miras əmlakın hüquqmüəyyənedici sənədləri olmadığı üçün və vərəsələr arasında mirasın qəbulu barədə mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. xx.xx.2012-ci il tarixli, **********29-05101-093001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X7 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. AZ-İİ 274338 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü ildə ölmüşdür. İV-JQ 464622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ata qrafasında X25, ana qrafasında isə X2 qeyd olunmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil istismar hissəsi 1 saylı mənzil sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 25 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında yaşadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N nömrəli arayışdan görünür ki, İddiaçı Kəlbəcər(Murovdağ) uğrunda gedən döyüşlərdə xx.xx.2020-xx.xx.2020-il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində baş aşbaz vəzifəsində iştirak etmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 barəsində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və onun sağ qalan vərəsələri oğlu Cavabdeh1, qızı X12, qızı İddiaçı, qızı X13 müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 ilə X9 nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1972-ci il tarixdə 855 nömrə ilə qeydə alınmışdır. İİ-JQ 393133 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ata qrafasında X25, ana qrafasında isə X2 qeyd olunmuşdur. AZ-İİ 110986 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.2020-ci ildə ölmüşdür. Gəncə şəhəri, Hərbi Şəhərcik, xətt-14 ünvanında yerləşən Zenner tipli smart sayğaca edilən ödənişlərə dair çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh1 tərəfindən cəmi 592 manat məbləğində ödəniş edilmişdir. Telefon borclarının ödənilməsinə dair ödəniş qəbzlərindən görünür ki, ünvan 8 ünvanında telefon borcları Cavabdeh1 tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, X20, X34, İddiaçı, X50, X21, X13, X22, X23 xx.xx.2003cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında qeydiyyatda olmaqla, yaşayır. X12, İddiaçı, X13, X50 həmin ünvanda qeydiyyatda olsalar da, yaşamırlar. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında girov müqaviləsinin rəsmiləşdirilməsinə dair məlumat aşkar edilməmişdir. LPO "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına LPO "xxxx" ASC-nin adına bank əməliyyat sistemində 2013-2014-cü il tarixlərə hər hansı kredit müqaviləsi və qızıl-zinət əşyalarının girovu barədə məlumatlar aşkar edilməmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, G770 saylı kredit müqaviləsinə əlavədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı 18 ay müddətinə hər ay 41,47 manat ödəmək şərtilə 525 manat məbləğində kredit verilmiş həmin kreditin təminatı olaraq İddiaçı tərəfindən dəyəri 550 manat olan 1 ədəd üzük girov qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt 14, 7 nömrəli ev tərəflərin anaları X5 miras qalmışdır. Vərəsələrdən ilkin iddia üzrə İddiaçı miras qalmış əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsini və miras əmlak üzərində vərəsəlik hüququna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı miras açılandan sonra mirası faktiki olaraq qəbul etməsini həmin miras əmlakda yaşaması və əmlaklarının da orada olması və anasından miras qalmış bir ədəd qızıl üzüyü də qəbul etməsi ilə əsaslandırmışdır. Bundan başqa vərəsələrdən ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın əsassız olduğu üçün rədd edilməsini, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək, miras açılandan sonra həmin miras əmlakı qəbul etməsi, həmin əmlakda yaşayaraq əmlakı idarə etməsi ilə əsaslandırmışdır. Bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürən şəxs X13 iddia ərizəsi verərək mirası qəbul etməsi faktının müəyyən edilməsini və miras əmlak üzərində onun qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinə dair sübut təqdim etməmişdir. Belə ki İddiaçı mirası qəbul etməsini, həmin mənzildə yaşaması və əmlaklarının da bir qisminin mənzildə olması ilə əsaslandırmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisəli miras əmlaka baxış keçirilmiş, baxış zamanı iddiaçı həmin mənzildə əmlakı olmasını göstərə bilməmişdir. Bununla yanaşı yaşadığı dövrdə kommunal xərclərin ümumi şəkildə ödənildiyini, kommunal xərclərin qardaşı mərhum Mirmehdiyə ödədiyini göstərmişdir. Digər tərəfdən anasından miras qalan qızıl üzüyün də miras açıldıqdan sonra əldə etməsinə dair sübut təqdim etməmişdir. Digər vərəsələr hələ anaları sağ olarkən qızıl üzüyün iddiaçıda olduğunu və lombarda girov qoyulduğunu iddia etmişlər. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt 14, 7 nömrəli evin Cavabdeh1 tərəfindən vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, təqdim edilmiş kommunal xərclərinə dair ödəniş qəbzlərindən və mübahisəli miras əmlaka baxış zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 miras əmlakı faktiki olaran qəbul etməklə idarə etmişdir. Mülkiyyət hüququnun tanınmasına gəldikdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. (MM.mad.1255) Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinə qiymət verərək qeyd edir ki, iddia tələbi ona münasibətdə də təmin edilməməlidir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Ü.Cabbarova mirası faktiki qəbul etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Öz tələbinin əsasını şahid ifadələri ilə əsaslandırsa da, vəsatəti üzrə dindirilmiş şahid X33 onun miras açıldıqdan sonra mübahisəli evə qonaq kimi gəlib-getdiyini göstərmişdir. Ümumiyyətlə tərəflərin vəsatəti üzrə dindirilmiş şahidlərin hər biri dəvət olunmuş tərəfin xeyrinə ifadə vermişlər. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflərin iddia etdiyi kimi onların miras qalmış əmlakda yaşaması onlar tərəfindən mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra-MM) 1243.1- 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1-1159.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddia qismən təmin olunmaqla, Cavabdeh1 anası X5 miras qalmış Gəncə şəhəri, Hərbi Şəhərcik 38, xətt-14, 7 nömrəli evi vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh1 anası X5 miras qalmış Gəncə şəhəri, Hərbi Şəhərcik 38, xətt-14, 7 nömrəli evi vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3215/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3215/2023
21.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver