Məhkəmə qərarları › İş №e-2(125)-3353/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3353/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3353/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkili Nümayəndə, Cavabdeh2, cavabdeh X1 nümayəndəsi, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(114)-2276/2021 nömrəli qərarından görünür ki, Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, iddiaçı X4 xüsusi nülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur - iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(104)-451/2022 nömrəli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı X4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və X5) qarşı ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. - iş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X8 ona məxsus ünvan 2 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmışdır. - iş materiallarında olan 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində ünvan 2 ünvanlı daşınmaz əmlakın X8 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə satılması barədə olan, 4-Ə-769 nömrə ilə reyestr kitabında qeydə alınmış notariat işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. - iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 240 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. - iş materiallarından müəyyən olunur ki, cavabdehlər X5, X7 və Cavabdeh1 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadırlar. İddia tələbi barədə məlumatlar; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkili Nümayəndə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələr verərək, Cavabdeh3 qarşı tələblərindən imtina etmiş, Abdullayeva(Əsədova) Maral Rafiq qızının isə cavabdeh kimi işdə iştiraka cəlb edilməsini, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abdullayeva(Əsədova) Maral Rafiq qızının Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Qeydiyyatda olan şəxslər evin köhnə mülkiyətçilərinin qohumlarıdır. Onların iddiaçı ilə hərhansı bir qohumluq və ya digər yaxın münasibətləri yoxdur. iddiaçı ümumiyyətlə onları tanımır. İddiaçı mənzili alarkən həmin mənzildə heç kəs yaşamırdı. Notariusda da müqavilə bağlanarkən qeydiyyatda olan şəxslər barəsində arayış alınmışdır ki, həmin arayışda cavabdehlərin adları yox idi. İddiaçı qeyd etmişdir ki, o, hazırki iddianı qaldırmadan əvvəl Gəncə İnzibati Məhkəməsində cavabdeh Gəncə şəhər Baş Polis idarəsinə cavabdehin qarşı üzərinə 3-cü şəxslər X6, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmasını öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etsə də, onun iddiası rədd edilmişdir. Həmin işə baxılarkən ona məlum olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı (Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 1mk-1077/07 saylı qətnaməsi) ilə üçüncü şəxslərin mübahisələndirilən mənzildən istifadə hüquqlarının olması müəyyən edilmiş və bu səbəbdən də məhkəmə belə hesab etmişdir ki, iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququ əldə etsə də, həmin əmlakı üçüncü şəxslərin məhdud əşya hüququ, istifadə hüququ ilə yüklü əldə etmişdir. Cavabdehlər mənzildən istifadə hüququ əldə etmiş olsalar belə, bunun ona hər-hansı bir aidiyyəti yoxdur. Belə ki, əvvəla o, mənzili alarkən cavabdehlər nə həmin mənzildə qeydiyatda olmuş, nə də ki faktiki olaraq orda yaşamışlar. Onlar sonradan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)- 451/2022 nömrəli qərarına əsasən icraya dönüş edildikdən sonra həmin mənzilə qeydiyyata düşmüşlər. Belə olan halda o, vicdanlı alıcı kimi mənzili almışdır. Cavabdehlərin hər-hansı bir tələbi olsa da, onlar bunu mənzilin köhnə mülkiyətçisindən tələb edə bilər. Bundan başqa cavabdehlər bu gündə həmin mənzildə yaşamırlar. Onlar mənzilin bir otağını zəbt edib başqa şəxslərə kirayə veriblər. Hesab etmişdir ki, hazırki hal onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi vəkili Nümayəndə təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, cavabdehlərin mənzilin bir otağını zəbt etdiklərini qeyd edib və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. 10 il bundan əvvəl 4 sot torpaq alıb, pandemiya dövründə pulu olmamış və satmışdır. Onun başqa yaşayış yeri yoxdur. Mənzilin əvvəlki mülkiyyətçisi X8 ilə iddiaçı qohumdurlar və iddiaçı həmin mənzillə bağlı mübahisənin olduğunu bilirdi. Sonda cavabdeh irəli sürülən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəməyə gəlməmiş, məhkəmədə onu nümayəndəsi Vəkil2 təmsil etmiş, Vəkil2 digər Cavabdeh2 izahatında qeyd edilən xüsusatlara uyğun olan izahat vermiş, sonda X3 qarşı irəli sürülən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəməyə gəlməmişdir. Digər Cavabdeh2 məhkəməyə bildirmişdir ki, Cavabdeh1 onun oğludur və məhkəmə barədə məlumatlıdır. Ona görə də məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə məhkəməyə gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, ünvan 3 ünvanlı mənzilin əvvəlki mülkiyyətçisi X4 iddiası əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ilə Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, iddiaçı X4 xüsusi nülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur. Cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılmalarından sonra, yəni, xx.xx.2022-ci il tarixdə X8 həmin mənzili İddiaçı satmışdır. Həmin müqavilə 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. Həmin mənzillə bağlı xx.xx.2022-ci il tarixli əqdin bağlanmasından sonra, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı X4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və X5) qarşı ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Nəticə etibarı ilə cavabdehlərin ünvan 2 ünvanlı mənzilə istifadə hüquqları bərpa edilmişdir. Hazırki vəziyyətdə iddiaçı mənzilin yeni mülkiyyətçisidir, cavabdehlər isə onun ailə üzvləri deyillər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanmaqla hesab edir ki, iddiaçının ünvan 2 ünvanlı mənzili alqı satqı əqdi əsasında əldə edərkən həmin əmlakın cavabdehlərin istifadə hüququları ilə yüklü olmaması fakt kimi təsdiq olunandır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. MPM-in 81-ci maddəsinin tələblərinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində ünvan 2 ünvanlı daşınmaz əmlakın X8 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə satılması barədə olan 4-Ə-769 nömrə ilə qeydə reyestr kitabında qeydə alınmış notariat işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. Yəni, iddiaçı həmin mənzili alqı satqı əqdi ilə əldə edərkən, həmin mənzil cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır. Belə halda, iddiaçı ilə heç bir qohumluq münasibəti olmayan cavabdehlərin həmin mənzilə sonradan bərpa edilən istifadə hüquqlarının itirilmiş hesab edilməməsi iddiaçının Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarının pozulması anlamına gələr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçının ünvan 2 ünvanlı daşınmaz əmlakı X2 xx.xx.2022-ci il tarixdə alqı satqı əqdi ilə əldə edərkən, həmin mənzilin cavabdehlərin istifadə hüquqları ilə yüklü olmadığını və cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqlarının xx.xx.2022-ci il tarixli alqı satqı əqdindən sonrakı tarixdə bərpa edilməsinin işin faktiki halları kimi müəyyən edildiyini önəçəkən məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının bu hallara tətbiqindən yaranan nəticəyə görə irəli sürülən iddia qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanlı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin və onlar həmin mənzildən çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar