Məhkəmə qərarları › İş №e-2(125)-3405/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3405/2024

05.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3405/2024 05.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 2258.06 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 fevral 2023-cü il tarixindən İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2258.06 pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 2258.06 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul onlar tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının ona qarşı olan iddia tələbini rədd edir. Belə ki, onun iddiaçıya hər-hansı borcu yoxdur. Onun çalışdığı dövr ərzində hər-hansı qüsurlu hərəkəti olmamışdır. Hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər-hansı zərər vurmamışdır. İddia ərizəsində qeyd edilən məbləğ əsassızdır. Belə ki, iddiaçı öz tələbində onun iddiaçıya məxsus pul məbləğini mənimsədiyini qeyd etmişdir. Mənimsəmə halı cinayət məsuliyyətinə səbəb olduğundan bu məsələ ilə bağlı hərəkətlər mülki məhkəmə icraatı qaydasında yox cinayət mühakimə qaydasında həll edilməlidir. Həmçinin iddiaçı qeyd etdiyi halları sübuta yetirəcək, mötəbər sübut hesab ediləcək hər-hansı bir sənəd təqdim etməmişdir. Əlyazma ilə qeyd edilmiş akt və orada nə olduğu məlum olmayan rəqəmlərin qeyd edilməsi hesab edir ki, iddia tələbinə əsas ola bilməz. Həmçinin vurğulamaq istəyir ki, mənimsənildiyi iddia edilən pul məbləğinə dair hər hansı sərbəst audit rəyi də iş materiallarına əlavə edilməmişdir. Bildirmək istəyir ki, iddiaçı ilə aralarında olan əmək münasibətlərinə bir ildən artıq müddətdir ki, xitam verilmişdir və üzərindən bu qədər müddət keçməsinə baxmayaraq iddiaçının ona qarşı hər-hansı bir pretenziyası olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə aralarında olan əmək müqaviləsinə xitam verildiyində hər-hansı bir zərər olmuş idisə nə üçün iddiaçı onu Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq deyil, məhz onun ərizəsi əsasında müqaviləyə xitam vermişdir? Göründüyü kimi bu məsələdə iddia tələbində öz əksini tapmır. Xüsusilə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi ilə bu məsələnin müzakirəsi üçün mediasiya proseslərində görüşmək istəsə də, iddia tərəfi bu sessiyaları saxtalaşdırmışdır. Bu məsələ ilə bağlı müvafiq mediasiya təşkilatı və mediator barəsində də şikayət vermişdir. Belə ki, iddia tərəfi onunla görüşməmiş, ona pretenziya təqdim etməmiş, həmçinin mediasiya sessiyasının vaxtı barədə bildiriş göndərilməsinə maneə törətməklə onunla görüşdən yayınmışdır. İddia tərəfi öz iddia ərizəsini Mülki Məcəllənin 445.2-ci maddəsinə əsaslandırmış lakin, həmin maddənin tələblərinə uyğun olaraq ona hər-hansı bir xəbərdarlıq edilməmiş, buna dair hər-hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddia tələbində qeyd edilənlər iddiaçının şəxsi mülahizələrindən ibarətdir və heç-bir əsası yoxdur. Onunla iddiaçı arasında əmək müqaviləsi tərəflərin öz istəyi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddənin 2a bəndinə əsasən sonlandırılmışdır. İddia tərəfinin qeyd etdiyi mənimsəmə halları əgər baş vermiş olsa idi, iddiaçı mənimlə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən son verərdi. Tərəfin bildirməsinə görə, artıq xx.xx.2023-cü il tarixdə onlar guya onun tərəfindən şirkətə dəymiş ziyandan xəbərdar idilər. Belə olduğu halda belə, iddia tərəfi iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş üzrə materiallardan görünür ki, iddia tərəfi bu müddət axımını da, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək ötürmüşdür. Həmçinin bildirir ki, Mediasiya Haqqında qanunun 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 29.6-cı maddəsinə əsasən Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin qanunun 32.4.2-ci maddəsinə əsasən mediasiya prosessinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. İş materiallarından da aydın olur ki, MŞG1/MT007/2024/00598 saylı İMS arayışı xx.xx.2024cü il tarixdə verilmişdir və iddia müddətinin mediasiya prosessinə görə dayanmış axımı yenidən davam etməyə başlamış, iddia tərəfi məhkəməyə vaxtında müraciət etmədiyi üçün isə müddət ötürülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmişdir ki, iddia tərəfi iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, hazırki iddia tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən əmək mübahisələri üçün tədbiq edilən iddia müddəti 1 ildir və hazırkı iş üzrə iddia tərəfi bu müddəti ötürmüşdür. MM-nin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, yazılanları nəzərə alaraq məhkəmədən iddia tələbindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, məhkəməyə verdiyi etirazın dəlillərinə uyğun izahat vermiş, sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olan 2258.06 manat məbləğində pul tələbinə dair iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir il müddətinə satış üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xxxxxxx000201 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2023-cü il tarixədək satış üzrə nümayəndə vəzifəsinə keçirilmişdir. İş materiallarında olan tam maddi məsuliyyət daşınması haqqında müqavilədən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X1 ilə həmin cəmiyyətin satış üzrə bölmə rəhbəri Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materialarında olan İddiaçı MMC-nin vəzifə təlimatından görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış üzrə nümayəndə vəzifəsinin təlimatı ilə tanış olmuşdur. İş materialarında olan İddiaçı MMC-nin vəzifə təlimatından görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış üzrə bölgə rəhbəri vəzifəsinin təlimatı ilə tanış olmuşdur. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları özünün iştirakı ilə yoxlanılaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xxxxxxx000201 saylı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən təftiş dövründə müştərilər tərəfindən təqdim olunan borc qalıqları ilə cəmiyyətin xəzinəsinə olunan ödəmələr yoxlanılmış, yoxlamanın nəticəsi olaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuş, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xxxxxxx000201 saylı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı MMC cavabdehlə aralarında yaranmış maddi ziyan ilə bağlı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ilk öncə Mediasiya Şurasına müraciət etmiş və 28 mart 2024-cü il tarixdə tərəflərə bu barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 379.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.(maddə 379.1.6 ) Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göründüyü kimi, mübahisə tərəflər arasında olan əmək münasibətlərindən yaranan mübahisədir, ona görə də mübahisəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin bitməsindən əvvəl maddi ziyan tələbi ilə mediasiya şurasına müraciət etmişdir və iddia müddətinin axımı dayanmışdır. Ona görə də məhkəmə göstərir ki, İddiaçı MMC hazırki iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə araşdırılmış sübutlarla işin halları kimi müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir il müddətinə satış üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İddiaçı MMC-nin Satış departamentinə xx.xx.2023-cü il tarixədək satış üzrə nümayəndə vəzifəsinə keçirilmişdir. Vəsifəsi dəyişidirilərkən İddiaçı MMC ilə həmin cəmiyyətin satış üzrə nümayəndəsi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Cavabdeh İddiaçı MMC-nin satış üzrə nümayəndə vəzifəsinin təlimatı ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixli akta əsasən təftiş dövründə müştərilər tərəfindən təqdim olunan borc qalıqları ilə cəmiyyətin xəzinəsinə olunan ödəmələr Cavabdeh özünün iştirakı ilə yoxlanılmış, yoxlamanın nəticəsi olaraq 2258.06 manat məbləğində əksikgəlmə müəyyən olunmuşdur. Bu hal həmin aktı Cavabdeh imzalaması ilə də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh həmin imzanın ona aid olmasını məhkəmədə mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191 -ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdən Cavabdeh İddiaçı MMC-nin Satış departamentində satış üzrə nümayəndə vəzifəsində işləmiş həmin vəzifəyə keçərkən İddiaçı MMC-nin nümayəndəsi ilə onun arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Lakin işlədiyi dövrdə maddi məsul şəxs olan Cavabdeh vəzifəsini lazımınca icra etməməsinə görə İddiaçı MMC-yə 2258.06 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2258.06(iki min iki yüz əlli səkkiz) manat 06 qəpik məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 50 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərclərinin hansı tərəfə aid edilməsi məsəsləsi iddianın predmetinə aid deyildir ona görə də məhkəmə bu qənaətdədir ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2258.06 (iki min iki yüz əlli səkkiz) manat 06 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin hesabına tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar