Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-364/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəhbəri olduğu şirkətin etibarından sui-istifadə edərək mənimsədiyi 483 AZN vəsaitin şirkətin hesabına geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, rəhbəri olduğu QSC-nin əməkdaşı, əməliyyatçı vəzifəsində işləmiş Cavabdeh şirkətə 483 AZN məbləğində maddi zərər vurmuşdur. Belə ki, şirkət maliyyə lizinqi və lombard fəaliyyəti ilə məşğul olur. Müştərilərin rahatlığı üçün onların aylıq ödənişlərinin plastik kart hesabına ödəmələri məqsədilə şirkətləri tərəfindən şərait yaradılaraq müştəri ödənişləri Cavabdeh məxsus plastik karta köçürülmüş və sonra həmin kartdan vəsait nağdlaşdırılaraq şirkətin kassasına mədaxil edilmişdir. Odur ki, ona olan etibardan sui-istifadə edən Cavabdeh müştərilərin ödədiyi məbləğdən toplanılan vəsaitdən 483 manatı şəxsi məqsədlər üçün istifadə edərək xərcləmişdir. Bu barədə bank əməliyyatlarının aparıldığı müvəkkil bankdan ona şifahi açıqlama verilərək həmin 483 AZN məbləğin kibercinayət nəticəsində deyil, məhz Cavabdeh mobil nömrəsinə gələn təhlükəsizlik kodunu təsdiq etməsi ilə onun razılığı əsasında kartdan tutulduğu məlum olmuşdur. O, Cavabdeh bu hal barədə soruşduqda o, bu ödənişdən xəbərsiz olduğunu və vəsaitin hara və necə ödənildiyi barədə məlumatının olmadığını bildirmişdir. Halbuki onda vəsaitin Cavabdeh tərəfindən anlaqlı şəkildə təhlükəsizlik koduna əsasən xərclənməsi barədə müvəkkil bankın şifahi açıqlaması vardır. Beləliklə Cavabdeh ona göstərilən etimaddan sui-istifadə edərək şirkətin hesabına əsassız varlanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, müştərilərin şirkətə kart hesabı vasitəsilə ödəmək istədikləri vəsaitlər şirkətin bank hesabı olmadığı üçün cavabdehlə aralarında bağlanan şifahi tapşırığa əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tapşırığa əsasən cavabdeh onun hesabına göndərilən vəsaitləri nağdlaşdıraraq Cəmiyyətin xəzinəsinə təhvil verməli idi. Cavabdeh isə həmin vəsaitin bir qismini öz şəxsi tələbatı üçün sərəncam vermək istəmiş, bu zaman vəsait bilərəkdən yaxud kobud ehtiyatsızlıqdan bütövlükdə başqa hesaba köçürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 05 avqust 2021-ci il tarixdə saat təxminən 13 radələrində “instagram” sosial şəbəkəsində olan təsadüfən qarşısına baxıcı falçı ekstrasens adlı səhifə çıxmış, bu zaman səhifə diqqətini çəkmiş və fala baxdırmaq istədiyi üçün həmin hesaba mesaj yazmışdır. Özünü Arzu kimi təqdim edən qadın 5 manat müqabilində falına baxacağını demiş və o bununla razılaşmışdır. Həmin qadın “link” atacağını, həmin “linkə” daxil olaraq ona məxsus kartın nömrələrini qeyd etməsini, həmin kartdan 5 manat çıxdıqdan sonra onun falına “whatsapp” sosial şəbəkəsi vasitəsilə baxacağını demiş, o da həmin qadına inanaraq onun atdığı linkə daxil olmuş və linkdə olan bölmələrə özünə məxsus "xxxx"dan olan 5243 7544 1008 0871 nömrəli kartının kodlarını daxil etmişdir. Bundan sonra bank proqramı vasitəsi ilə kartını yoxlayan zaman həmin şəxsin ondan 483 manat pulunun başqa hesaba köçürüldüyünü görmüşdür. O, dərhal instaqram hesabına mesaj yazmaq istəmiş, lakin profilinin bloklandığını görmüşdür. Həmin vaxt özünü Arzu kimi təqdim edən qadının onu aldadaraq ümumilikdə 483 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi ona məlum olmuşdur. Həmin şəxsin kim olması, harda yaşaması barədə məlumatı yoxdur. Ona məxsus bank kartında olan və dələduzluq yolu ilə ələ keçirilən pul 483 manat olmaqla İddiaçı QSC-yə məxsus olmuşdur. Belə ki, İddiaçı QSC-nin bank hesabı olmadığından müştərilərin QSC-yə ödəməli olan pulu şifahi tapşırıq əsasında ona məxsus kart hesabına göndərilmişdir. Tapşırığa əsasən o, 483 manat pulu hesabından çıxarıb İddiaçı QSC-nin xəzinəsinə təhvil verməli idi. Lakin pul xakerlər tərəfindən ələ keçirildiyi üçün bunu edə bilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 07 aprel 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işə götürənin səlahiyyətlərini həyata keçirən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ilə işçi Cavabdeh arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. 07 aprel 2021-ci il tarixli iltizamdan görünür ki, işçi Cavabdeh arasında bağlanan əmək müqaviləsinə əsasən ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-313-cü maddələrilərinin mahiyyəti izah edilmişdir. Qanunun bu normalarına əsasən işə götürən İddiaçı MMC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə hər-hansı formada xələl gətirən əməllərə: təşkilatın və təşkilatın əməliyyat sirrini pozmağa, təşkilatın müştərilərini İddiaçı MMC-dən kənarlaşdırmağa və ya başqa təşkilatlara cəlb etməyə, habelə təçkilatın nüfuzuna zidd hərəkətlərə görə mülki, inzibati və cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıya bilməsi ona aydındır. 07 aprel 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ilə işçi Cavabdeh arasında bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən işçi təşkilatda işlədiyi dövrdə iş prosesində apardığı bütün əməliyyatlara görə tam maddi məsuliyyət daşıyır. Əgər işçi bilə-bilə qəsdən, yaxud diqqətsizliyə görə işəgötürənə ziyan vurarsa, həmin ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İşçinin maddi məsuliyyətini istisna edən hallar fövqəladə hallarla yanaşı, Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş hallar hesab edilir. Ziyanın məbləğinin müəyyən edilməsi faktiki itkilər üzrə dəymiş ziyan yoxlama və ya digər audit aktları araşdırılaraq müəyyən edilir. İşçi bilə-bilə qəsdən və ya ehtiyatsızlıqdan işəgötürənə ziyan vurarsa, o, ziyanın əvəzini tam ödəməklə yanaşı, qanunla müəyyən edilmiş qayda da mülki, inzibati və ya cinayət məsuliyyəti daşıyır. Ziyanın əvəzinin ödənilməsi məbləğindən asılı olmayaraq Əmək Məcəlləsinin 204-206-cı maddələrində nəzərdə tutulmuş qaydada tənzimlənir. Tərəflər razılaşmışlar ki, biri digərinə, eləcə də iş prosesində işçi işəgötürənin əmlakına qarşı vicdanlı münasibət bəsləyəcək və onun qorunub saxlanmasını təmin edəcəkdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1994-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 5(043)-206/2021 nömrəli qərarından görünür ki, vəsatət təmin edilmiş, 05 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdehn məxsus "xxxx" tərəfindən verilmiş 5243 7544 1008 0871 nömrəli kartından 483 manat pulun haradan, nə vaxt, kjim tərəfindən, hansı yolla çıxarılması, pulun köçürüldüyü hesabın kimin adına qeydiyyata alınması, həmin şəxsin anket məlumatları, pul köçürmə, mədaxil və məxaric sənədləri barədə "xxxx" KB ASC-dən götürülməsi qərara alınmışdır. “Cinayət işinin rədd edilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Cavabdeh məxsus 483 manat pulu dələduzluq yolu ilə mənimsəmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlaməti olduğundan həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə və Gəncə şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı QSC maliyyə lizinqi və lombard fəaliyyəti göstərən şirkətdir. Cavabdeh İddiaçınə məxsus şirkət də əməliyyatçı vəzifəsində işləmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı QSC tərəfindən müştərilərin aylıq ödənişlərinin plastik kart hesabına ödəmələri üçün müştəri ödənişlərini Cavabdeh məxsus plastik karta köçürmüş və sonra həmin kartdan vəsait nağdlaşdırılaraq şirkətin hesabına mədaxil edilmişdir. Cavabdeh “instagram” sosial şəbəkəsində olan təsadüfən qarşısına baxıcı falçı ekstrasens adlı səhifə çıxmış, bu zaman səhifə diqqətini çəkmiş, fala baxdırmaq istədiyi üçün həmin hesaba mesaj yazmışdır. Bu zaman onun falına baxacağını bildirən qadın link atacağını, həmin linkə daxil olaraq ona məxsus kartın nömrələrini qeyd etməsini həmin kartdan 5 manat çıxdıqdan sonra onun falına “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə baxacağını demiş, o da həmin qadına inanaraq onun atdığı linkə daxil olmuş, həmin linkdə olan bölmələrə özünə məxsus "xxxx"dan olan 5243 7544 1008 0871 nömrəli kartının kodlarını daxil etmişdir. Bundan sonra bank proqramı vasitəsi ilə kartını yoxlayan zaman həmin şəxsin ondan kartda olan 483 manat pulun başqa hesaba köçürüldüyünü görmüş, həmin şəxsin onu aldadaraq ümumilikdə 483 manat pulunu mənimsədiyi ona məlum olmuşdur. İddiaçı QSC Cavabdeh şirkətin etibarından sui-istifadə edərək mənimsədiyi 483 manat pul vəsaitinin şirkətin hesabına geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə kart hesabında olan pulun iddiaçıya məxsus olduğunu etiraf etmiş, lakin pulun üçüncü şəxs tərəfindən ələ keçirildiyi üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında olan mövcud münasibəti qiymətləndirərək məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə tapşırıq müqaviləsidir. Belə ki, tapşırıq müqaviləsinin predmetini həm hüquqi, həm də faktiki hərəkətlər təşkil edir. Faktiki hərəkətlərə vəkalət alanın vəkalət verənin tapşırdığı işi icra etməsi, bağlanmış əqdləri (müqavilələri) icra etməsi və xidmətləri icra etməsi daxildir. İşin hallarından görünür ki, İddiaçı şirkətə məxsus ödənişlərin Cavabdeh məxsus kart hesabına köçürülməsi bu yolla da şirkətin kassasına mədaxil olunması, yəni xidmətin icra olunması barədə tapşırıq vermiş bununla tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Cavabdeh isə öz şəxsi məqsədləri üçün kartdan istifadə zamanı kart hesabında olan şirkətə məxsus 483 manat ödənişi üçüncü şəxs tərəfindən ələ keçirilməsində bilavasitə rol oynamışdır. Bundan başqa, məhkəmə iclasında Cavabdeh onun kart hesabında olan 483 manat pulun İddiaçı QSC-yə məxsus olmasını etiraf etmişdir. Lakin məhkəmə cavabdehin 483 manat pulun üçüncü şəxs tərəfindən talandığı üçün iddia tələbinin rədd edilməsinə münasibətdə qeyd edir ki, məhz cavabdehin kartından iddiaçıya məxsus 483 manat pul vəsaiti kibercinət nəticəsində deyil, cavabdehin ona məxsus kartın kodunu üçüncü şəxsə verməsi, onun kart hesabında olan iddiaçıya məxsus 483 manat pul vəsaitindən şəxsi məqsədləri üçün istifadə etməsi zamanı ona gələn təhlükəsizlik kodunu təsdiqləməsi nəticəsində yəni, onun razılığı əsasında üçüncü şəxs tərəfindən talanmışdır. Tapşırıq müqaviləsinə əsasən təqsirə görə məsuliyyət prinsipi tətbiq edilir. Məhz bu səbəbdən də iddiaçı ona məxsus olan 483 manat pul vəsaitinin Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 483 manat alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə veriməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 483 manat tutulub İddiaçınə ödənilsin. Məhkəmə də iddia qaldırmaq məqsədi ilə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat Cavabdeh tutulub İddiaçınə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-364/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-364/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver