Məhkəmə qərarları › İş №e-2(125)-4297/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4297/2025

07.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4297/2025 07.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Gəncə şəhəri, M.B.Qasımov küçəsi, 28 nömrəli ev barəsində İddiaçı adına mülkiyyət hüququ əsasında Qeydiyyat vəsiqəsi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 2ariusunun 21 avqust 2002-ci il tarixli, 4Ə-2-224 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cəfərli Hacı-Rüfət Yunis oğlu tərəfindən İddiaçı satılmış və ona 22 avqust 2002-ci il tarixli, 18682 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mülki işin materiallarında olan DİN “ASAN” Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda X4, Cavabdeh2, xx.xx.2005-ci ildə doğulmuş Cavabdeh3 və xx.xx.2007ci ildə doğulmuş Cavabdeh1 da qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 4 ünvanında yerləşən 39 saylı mənzil 30 iyul 1997-ci il tarixində aparılmış texniki inventarlaşdırma işləri zamanı texniki pasport X6 istifadəsində göstərilmişdir. Mənzil 28 iyul 2003-cü il tarixli 4-Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən X1, sonuncunun adına 05 avqust 2003-cü il tarixli 16241 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil 17 iyun 2005-ci il tarixində "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzil 21 iyun 2011-ci il tarixli Hərrac Təşkilatının, Hərracın yekunları barədə 66/04 nömrəli protokolu və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2010-cu il tarixli, 2(043)-59/2010 və 23 avqust 2011-ci il tarixli, 2(043)-1028/2011 nömrəli qətnamələrinə əsasən AtaBank ASC-yə keçmiş, sonuncunun adına 06 iyun 2013-cü il tarixli, **********91-05101-093031 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 1 saylı notariat kontorunun 13 noyabr 2014-cü il tarixli 4Ə- 115 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən AtaBank" ASC tərəfindən X2, sonuncunun adına 20 noyabr 2014-cü il tarixli **********91-05101-093031 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 09 dekabr 2021-ci il tarixli 40-65 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Cavabdeh2 satılmış sonuncunun adına 22 dekabr 2021-ci il tarixli, **********91-05101-093031 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququ ilə mənə məxsus olan Gəncə şəhəri, M.B.Qasımov küçəsi, ev 28 ünvandakı evdən istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, M.B.Qasımov küçəsi, ev 28 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin cavabdehlər başqa mənzilə köçsələr də, ona məxsus ünvanda qeydiyyatda qalıblar. Belə ki, onlar xeyli müddətdir ki, daimi olaraq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 5 ünvandakı mənzildə yaşayırlar. Onların onun mənzilində qeydiyyatlarının qalması mülkiyyətçi kimi onun iradəsinin ziddinədir, beynəlxalq və yerli qanunvericiliyin tələblərinə də uyğun deyil. Üstəlik onların mənzilində qeydiyyatlarının olmasına görə o, artıq miqdarda kommunal xərclər ödəməli olur. Cavabdehlər bir neçə ildir ki, ona məxsus mənzildən köçüb, daimi olaraq özlərinə məxsus mənzildə yaşadıqlarına görə onların onun mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə irəli sürdüyü iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzun illərdir ki qonşudurlar və bilir ki, Reyifin oğlu Namiq 2022-ci ildə öz ailəsi ilə 3-cü mikrorayondan ev alıb həmin evə köçmüşdür. İddiaçı evində yaşamırlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Reyif onun qonşusudur. Reyif Gəncə şəhəri, M.B.Qasımov küçəsi, ev 28 ünvandakı evdə tək yaşayır. Oğlu Namiq isə 2022-ci ildən öz ailəsi ilə 3-cü mikrorayondan aldığı evdə yaşayır. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh2 iddiaçının oğlu X4 ilə ailə qurmuş, iddiaçının mülkiyyətində olan ünvan 6 ünvana qeydiyyata alınmışdır. Bu nikahdan onların xx.xx.2005-ci ildə doğulmuş Cavabdeh3 və xx.xx.2007-ci ildə doğulmuş Cavabdeh1 adlarında iki uşaqları vardır. Cavabdeh2 09 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri 3-cü mikrorayon ev 13 ünvanında yerləşən 39 saylı mənzili alqı satqı əqdi əsasında əldə etmiş, həmin vaxt yetkinlik yaşına çatmamış olan övladları- Cavabdeh1 və Cavabdeh3 da özü ilə götürərək, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, M.B.Qasımov küçəsi, ev 28 ünvanından çıxmış, daimi istifadə etmək üçün öz mülkiyyətində olan mənzilə köçmüşdür. Hazırda Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində həmin mənzildən yaşayış sahəsi kimi istifadə etmirlər və başqa yaşayış ünvanına köçmüşlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsaən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında ifadə etmiş olduğu hüquqi mövqeni önəçəkən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə ehtiyacının olmadığı işin faktiki halları kimi müəyyən edildiyindən və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının bu hallara tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, M.B.Qasımov küçəsi, ev 28 ünvanlı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar