Məhkəmə qərarları › İş №e-2(125)-4479/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4479/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4479/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9482 manat, bir il müddəti üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla (9482 x 5:100=)474.1 manat və 50 manat mediasiya xərcinin, 70 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-də satış üzrə mütəxəssis (satıcı) kimi işə götürülmüşdür. 01 aprel 2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında tam maddi məsluliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh olan Cavabdeh vəzifəsi və öhdəliyi bazarlarda satış məntəqələrindən qəbul edilmiş sifarişlər əsasında iddiaçıya məxsus anbardan malları götürüb yerlərdə satış məntəqələrinə çatdırmaq və müqabilində ödənilmiş pul vasitələrini isə iddiaçının (şirkətin) xəzinəsinə mədaxil etməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində pulun mütənasibliyində və satış məntəqələrində pul vəsaitlərinin ödənilməsi hissəsində əsaslı şübhələr yaranmış və bununla bağlı cavabdehində iştirakı ilə satış məntəqələrində araşdırmalar aparılmışdır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh satış məntəqələrindən iddiaçının kassasına ödənilməsi üçün verilmiş pul vəsaitlərini mənimsəmiş və verilmiş pul vəsaitlərini iddiaçının kassasına mədaxil etməmişdir. Beləliklə də, cavabdehində iştirakı ilə aparılmış yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə borcun qarşılıqlı üzləşdirilməsi haqqında yekun AKT-ı tərtib edilmiş və imzalanmışdır. Akta əsasən müəyyən edilir ki, cavabdeh müştərilərdən iddiaçının kassasına ödənilməsi üçün götürdüyü 13.982 manat pulu özündə saxlayaraq mənimsəmişdir. Bundan əlavə olaraq cavabdehlə iddiaçı arasında yaranmış borcunun əsasını və miqdarını müəyyən edən xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, eyni zamanda da xx.xx.2023-cü il tarixdə cavabdeh izahat yazaraq dəymiş ziyanı xx.xx.2023-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. Cavabdeh vurduğu dəymiş ziyandan bugünə kimi 4500 manat olmaqla hissə-hissə pul ödəniş etmişdir. Xeyli müddətdir ki, ödəniş etmək üçün vaxt istəsə də əməl etməmiş və borcunu ödəməkdən yayınır. Bununla da, cavabdehin hazırda iddiaçıya 9482 manat borcu qalmışdır. Vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı şifahi etiraf etmişdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə işəgötürən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. İş materiallarında olan işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış 01 aprel 2023-cü il tarixli “tam maddi məsluliyyət haqqında” müqavilədən görünür ki, əmək münasibətləri prosesində işəgötürənə aid malların satışı məqsədi ilə topdan və ya pərakəndə satış yerlərində (satış məntəqələri və bazar) paylanılması, işəgötürənin mənafeyi və maraqları daxilində malların satış dövriyyəsində nisyə və nağd əməliyyatların mütənasibliyini gözləmək və satışdan əldə olunan pul vəsaitlərinin vaxtında şirkətin xəzinəsinə mədaxil etmək üzrə işçinin məsuliyyəti; həmçinin işçinin istifadəsində olan işəgötürənə məxsus əmlakın salamatlığını təmin etmək, eləcə də işçinin təqsirindən (delikt) gələcəkdə üçüncü şəxslərə, işəgötürənə dəyəcək və ya dəyə biləcək maddi və mənəvi ziyanın işçi tərəfindən tam şəkildə ödənilməsi müqavilənin predmetidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh bu müqavilədə göstərilən 13982 manat borcun həqiqiliyini və yaranma əsasını qəbul etmişdir, etiraz etmir və mübahisələndirmir; Həmin borcu ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borcun qarşılıqlı üzləşdirilməsi haqqında yekun AKT”-dan görünür ki, “Nazim 1001“ MMC-nin satış təmsilçisi X1 xx.xx.2023 tarixindən xx.xx.2023-cü il tarixinə kimi ona təhkim olunmuş erazilərdə, "İnci, Yuasa”' brendinə aid olan malların alqı-satqısını təşkil etdiyi ticarət nöqtələrində yoxlamalar zamanı öhdəsindəki borc qalığının məbləğində uçot məlumatları ilə faktiki təstiqlənmiş məbləğ arasında 13982 manat məbləğində çatışmazlıq (mənimsəmə) müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, Maddə 42. 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə iddiaçı işəgötürən əmək münasibətləri zamanı işçi cavabdehin vurduğu maddi ziyanın əvəzi kimi pul 9482 manat pulun və həmin pulun ödənilməsinin gecikdirildiyi vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz dərəcəsiylə hesablanan 474.1 manat pulun tutulmasını tələb etmişdir. Cavabdeh məhkəmə icraatı zamanı iddianı etiraf etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, 9482 manat pul və 474.1 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən, iddia təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9482 manat və əldən çıxmış fayda qismində 474.1 manat olmaqla, cəmi 9956 (doqquz min doqquz yüz əlli altı) manat 10 (on) qəpik pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat və mediasiya xərcinin əvəzi kimi 50 (iyirmi beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar