Məhkəmə qərarları › İş №e-2(125)-45/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-45/2024

19.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-45/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi, həmin torpaq sahəsinin boşaldılması və iddiaçının torpaq sahəsində hasar inşa etməsinə cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 0,07 hektar torpaq sahəsindən çıxarılması, qanunsuz aparılan tikintinin sökülməsi, torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən aparılan qazıntının doldurulması, iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasar inşa edilməsində cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin caabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında iddianı müdafiə edərək, bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi İddiaçı istifadəsində, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 137,4 kvadrat metr fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020-ci il tarixli, **********35-1301 reyestr nömrəli çıxarışı mövcuddur. Tərəflər qonşudurlar və Cavabdeh1 özünə məxsus torpaq sahəsinin bir hissəsini azyaşlı nəvəsi Cavabdeh2 bağışlamışdır. İddiaçı özünə məxsus torpaq sahəsinin hüdudlarında hasar inşa etmək istəsə də, cavabdehlər buna mane olmuşlar. Cavabdeh1 İddiaçı xəbərsiz İddiaçı mülkiyyətində olan torpaq sahəsində qazıntı işləri aparmış və tikinti materialları tökmüşdür. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində hasar tikdirir və iddiaçının öz torpaq sahəsinin hüdudlarında hasar inşa etdirməsinə mane olur. X1 Tamella Ənvər qızından və Cavabdeh2 qanuni nümayəndəsindən zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi onun həmin tələbinin icrasından imtina etmişdir. Qeyd olunan səbəbdən də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini azyaşlı nəvəsi Cavabdeh2 bağışlamışdır. Qeyd olunanların əksinə İddiaçı onların mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Həmin hal Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-247/2023 nömrəli qətnaməsi əsasında öz təsdiqini tapmışdır. Buna görə də İddiaçı iddiası qanunsuz və əsassızdır. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 qanuni nümayəndəsi X6 iddianı qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, **********5-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi İddiaçı istifadəsində, ümumi sahəsi 137,4 kvadrat metr olan fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli, 3M-249 reyestr nömrəli torpaq sahəsinin üzərində olan istifadə hüquqlarının bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 istifadəsində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair istifadə hüquqlarını nəvəsi Cavabdeh2 bağışlamışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********47 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsi istifadə hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 247/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 X7, X8, X4 və İddiaçı qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 istifadəsində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin zəbt olunmuş 9 kv/m hissəsindən X11, 7 kv/m hissəsindən X12 və X2 çıxarılması və onlar tərəfindən torpaq sahəsinin zəbt olunmuş hissəsində inşa edilmiş tikililərin öz hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/92 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən **********35-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçın istifadəsində olan 700,19 kv/m həyətyanı torpaq sahəsinin ölçüləri ilə faktiki istifadə sahəsin ölçüləri arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, İddiaçı **********35-10301 reyestr nömrəli çıxarışa əsasən qanuni istifadəsində olan 700,19 kv/m torpaq sahəsinin, 602,27 kv/m hissəsindən faktiki istifadə etdiyi müəyyən olundu. **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 istifadəsində olan 199.74 kv/m torpaq sahəsinin ölçüləri ilə, Cavabdeh1 faktiki istifadə etdiyi sahəsinin ölçüləri arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, Cavabdeh1 **********47 reyestr nömrəli çıxarışa əsasən qanuni istifadəsində olan 199.74 kv/m torpaq sahəsinin, 178.69 kv/m hissəsindən faktiki istifadə etdiyi müəyyən olundu. **********47 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2n istifadəsində olan 199.74 kv/m torpaq sahəsinin ölçüləri ilə, Cavabdeh2n faktiki istifadə sahəsinin ölçüləri arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, Cavabdeh2, **********47 reyestr nömrəli çıxarışa əsasən qanuni istifadəsində olan 199.74 kv/m torpaq sahəsinin, 178.69 kv.m hissəsindən faktiki istifadə etdiyi müəyyən olundu. **********35-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı istifadəsində olan 700.19 kv/m həyətyanı torpaq sahəsi, **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2n istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi göstərilmişdir. İş materiallarında olan tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/511 nömrəli rəyindən görünür ki, **********35-10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportu, eyni zamanda elektron baza məlumatlarına əsasən İddiaçı qanuni istifadəsində olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən, faktiki istifadə vəziyyətinə istinadən şimal tərəfdən 8.3 kv/m kənara çıxma halı olduğu müəyyən edilmişdir. Ekspertiza baxışı zamanı, Cavabdeh1, torpaq sahəsinin mübahisəli olması səbəbindən faktiki istifadə sahəsinin olmadığını bildirmiş, həmin mübahisəli torpaq sahənin, faktiki vəziyyətinə istinadən 1,4 kv/m hissəsi, **********35-10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportu, eyni zamanda elektron baza məlumatlarına əsasən İddiaçı qanuni istifadəsində olan, 0,07 ha həyətyanı torpaq sahəsi ilə, 13.5 kv.m hissəsi isə elektron xəritə materiallarına istinadən yol ilə üst-üstə düşdüyü, eyni zamanda, xx.xx.2020-ci il qeydiyyat tarixli, **********47 reyestr nömrəli çıxarışa və plan ölçü sənədlərinə əsasən Cavabdeh1 qanuni istifadəsində olmuş 0,02 ha torpaq sahəsinin cənubdan 7 kv/m, şərqdən isə 9 kv/m ümumilikdə 16 kv/m hissəsinin digər şəxslər tərəfindən faktiki istifadəsində olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il qeydiyyat tarixli, **********47 reyestr nömrəli çıxarışa və plan ölçü sənədlərinə əsasən Cavabdeh2 qanuni istifadəsində olan 0,02 ha torpaq sahəsinin cənubdan 7 kv/m, şərqdən isə, 9 kv/m ümumilikdə 16 kv/m hissəsinin digər şəxslər tərəfindən faktiki istifadəsində olduğu müəyyən olundu. **********35-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı qanuni istifadəsində olan 0.07 ha, xx.xx.2020-ci il qeydiyyat tarixli, **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 qanuni istifadəsində olmuş 0,02 ha və xx.xx.2021-ci il qeydiyyat tarixli, **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 qanuni istifadəsində olan 0,02 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, iş materiallarında olan məhkəmə tikinti-texniki eksertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/511 nömrəli rəydən görünür ki, mübahisəli torpaq sahənin, faktiki vəziyyətinə istinadən 1,4 kv/m hissəsi, **********35-10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportu, eyni zamanda elektron baza məlumatlarına əsasən İddiaçı qanuni istifadəsində olan, 0,07 ha həyətyanı torpaq sahəsi ilə, 13.5 kv.m hissəsi isə elektron xəritə materiallarına istinadən yol ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin olunmalı, İddiaçı istifadəsində olan (xx.xx.2020-ci il tarixli, **********35-10301 reyestr nömrəli çıxarış,) Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 1,4 kv/m hissəsi boşaldılmalı və həmin torpaq sahəsinə iddiaçı tərəfindən daş hasarın çəkilməsinə cavadehlər tərəfindən maneənin yaradılması qadağan edilməlidir. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı onun istifadəsində olan torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən qazıntı və tikinti işlərinin aparılmasını bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, dövlət rüsumunun ödənilməsinə və mütəxəssis rəyinin verilməsinə sərf olunmuş vəsait isə İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı istifadəsində olan (xx.xx.2020-ci il tarixli, **********35-10301 reyestr nömrəli çıxarış,) Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən zəbt olunmuş (tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/511 nömrəli rəyinə əlavə edilmiş plan-sxemə uyğun şəkildə) 1,4 kvadrat metr hissəsi boşaldılaraq, İddiaçı təhvil verilsin. İddiaçı istifadəsində olan (xx.xx.2020-ci il tarixli, **********35-10301 reyestr nömrəli çıxarış,) Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin zəbt olunmuş 1,4 kvadrat metr hissəsində hasar inşa edilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneənin yaradılması qadağan edilsin. Cavabdeh1 və Cavabdeh2 tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar