Məhkəmə qərarları › İş №e-2(125)-4615/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4615/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4615/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehqayınatası Cavabdeh tərəfindən qoyulmuş maneənin aradan qaldırılaraq 3 azyaşlı uşağı ilə birlikdə mərhum əri X2 adına olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində ümumi sahəsi 106,1 kv.m olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 147 saylı sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində razılaşdırılmış ümumi sahəsi 106,1 kv.m, o cümlədən 43,0 kv.m yaşayış sahəsinin mərhum əri X2 adına qeydiyyata alınması qərara alınmışdır. xx.xx.2008-ci ildə X3 ilə aralarında nikah bağlanmış, birgə nikahlarından 3 azyaşlı övladları vardır. Onlar uzun müddət bu fərdi yaşayış evində 3 azyaşlı övladları ilə birlikdə yaşamışlar. xx.xx.2021-ci ildə əri X3 “Covid 19” virusundan vəfat etmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli ölüm şəhadətnaməsində qeyd edilmişdir. Əri öldükdən bir müddət sonra qayınatası Cavabdeh onu azyaşlı uşaqları ilə birlikdə evdən qovmuşdur. Belə bir ağır şəraitdə onlar kirayə evdə qalmağa məcbur olmuşlar. Ona məxsus cehiz əşyaları, o cümlədən övladlarına məxsus olan bir sıra əşyalar hazırda sözügedən evdədir. Onun həmin adı çəkilən fərdi yaşayış evindən tam istifadə hüququ vardır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçı evin gəlini olmuş, uzun müddət həmin evdə yaşamışdır. Hazırda cavabdeh də iddiaçının uşaqları ilə birlikdə sözügedən evə köçürülməsinə etiraz etmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul edib, cavabdehin həmin evə köçürülməsinə və onun himayəsində yaşamasına heç bir etirazı olmadığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 147 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən X2 istifadəsində olan 600,0 kv.m torpaq sahəsində razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş ümumi sahəsi 106,1 kv.m, o cümlədən yaşayış sahəsi 43,0 kv.m olan icazəsiz tikililərin qeydiyyata alınması və mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi qərara alınmışdır. AZ-İ 430196 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 nikahları xx.xx.2008-ci ildə X7 396 nömrə ilə qeydiyyata alınmışdır. AZ-İİ 177023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehin keçmiş gəlini olmaqla 2008-ci il tarixdə mübahisələndirilən mənzilə gəlin köçmüşdür. İddiaçı iddia etmişdir ki, uzun müddət sözügedən fərdi yaşayış evində 3 azyaşlı övladları ilə birlikdə yaşamış, xx.xx.2021-ci ildə əri X3 “Covid 19” virusundan vəfat etdikdən sonra qayınatası Cavabdeh onu azyaşlı uşaqları ilə birlikdə evdən qovmuşdur. Buna görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul edərək iddiaçının sözügedən evə köçürülməsinə etirazı olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı uşaqları ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində ümumi sahəsi 106,1 kv.m olan fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı uşaqları ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsində ümumi sahəsi 106,1 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar