Məhkəmə qərarları › İş №e-2(125)-4639/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4639/2023

07.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4639/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospekti, Kəpəz Rayon İcra Hakimiyyəti binasının yaxınlığında olan 158,7 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 40 (qırx) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, eləcə də “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə cavabdehin yaşadığı yer üzrə məhkəməyə müraciət etməli olduğu halda ərazi aidiyyəti qaydalarını pozmaqla Gəncə Şəhər Məhkəməsinə müraciət etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən və bağlanması tələb edilən müvafiq icarə müqaviləsinin predmeti olan daşınmaz əmlak Gəncə şəhəri ərazisində yerləşsə də, iddia ərizəsi üzrə mübahisə predmeti - daşınmaz əmlak üzərində mülkiyyət və ya qanuni sahibliyin müdafiəsi deyil, həmin əmlakla bağlı icarə müqaviləsinin bağlanması olduğundan, bu cür iddia ərizəsinə müstəsna aidiyyət qaydaları üzrə deyil, ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Belə ki, müstəsna aidiyyət adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, iddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar