Məhkəmə qərarları › İş №e-2(125)-4868/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4868/2024

14.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4868/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 qarşı qarşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 vəzifədən azad edilməsi barədə 25 iyun 2024-cü il tarixli, 161 saylı əmrinin ləğv edilməsinə, onun İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb bölməsində "ibtidai sinif müəllimi" vəzifəsinə bərpa edilməyinə və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsinə, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 400 manat pulun, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-ci il tarixədək Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə "ibtidai sinif müəllimi" vəzifəsində işləmişdir. İşlədiyi müddətdə işində peşəkar və nizam-intizamlı müəllimə olmuşdur. Lakin onun işində hər hansı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmasını hər-hansı imtahan və başqa formada müəyyən etmədən Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 onu 25 iyun 2024-cü il tarixli, 161 saylı əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 25 iyun 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İşəgötürən onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrində qeyd etmişdir ki, "Təhsil müəssisələri/Gəncə şəhəri üzrə/İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb" bölməsində "ibtidai sinif müəllimi" vəzifəsində işləyən İddiaçı Rasim qızı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70-ci "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilsin. Həmin əmr ümumiyyətlə əsaslandırılmamış, yəni əmrdə göstərilən pozuntuların nədən ibarətdir və onun peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı nədən ibarətdir qeyd olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin işə bərpa, buraxılmış iş saatlarına görə əmək haqqı ödənilməsi tələbinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi hissəsindən imtina edirlər, Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 vəzifədən azad edilməsi barədə 25 iyun 2024-cü il tarixli, 161 saylı əmrinin ləğv edilməsinə, həmçinin vəkilə xidmət haqqı üçün ödənilmiş 400 manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddianın “işə bərpa, buraxılmış iş saatlarına görə əmək haqqı ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi tələbləri hissələri üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə izahatını dinləyib və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, əsli məhkəmədə tədqiq edilərək surəti iş materiallarına əlavə edilmiş, İddiaçı aid olan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 15 dekabr 2017-ci il tarixdən vakantda olan ibtidai siniflər üzrə TTİÜDM-i vəzifəsinə təyin edilmişdir. Bu qeyddən sonra iddiaçının əmək kitabçasında hər hansı bir qeyd aşkarlanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb üzrə verilmiş 161 saylı 25 iyun 2024-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası» nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi rəhbər tutularaq əmr edilmişdir; Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada « Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Gəncə şəhəri İsmət Qayıbov adına 1№ li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar serifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 25 iyun 2024-cü il tarixdən ləğv edilsin və və 6 saat fərdi təhsil (Azərbaycan dili 4 saat, riyaziyyat 2 saat) dərsi dayandırılsın. Məhkəmə hesab edir ki, həmin əmr əsassız sayılmalı və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə əvvəlcə onu qeyd edir ki, iddiaçının əmək kitabçasında onun (İddiaçı) İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi kimi işə qəbul edilməsi barədə heç bir qeyd yoxdur, yəni iddiaçı ilə belə bir əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, işin faktiki halı kimi müəyyən edilir ki, iddiaçı hazırda da İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyir. Bundan başqa, İddiaçı ibtidai sinif müəllimi kimi təkrar serifikatlaşdırmadan keçməmiş hesab edildiyi barədə də heç bir sübut yoxdur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrin ləğv edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb üzrə verilmiş 25 iyun 2024-cü il tarixli əmr qanuni əsaslı sayıla bilməz, ona görə də ləğv edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə xidmət haqqı üçün ödənilmiş 400 manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassızdır, belə ki, iddiaçının nümayəndəsi olan vəkilə həmin məbləğdə pul ödədiyi barədə heç bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən-əmrin ləğvi tələbi hissədə təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəb üzrə verilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə olan, 161 saylı 25 iyun 2024-cü il tarixli əmr ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar