Məhkəmə qərarları › İş №e-2(125)-4959/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4959/2025

17.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4959/2025 17.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 2 saylı Vəkil Büsrosunun vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X13 küçəsində 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 194.6 kvadratmetr təşkil edən 166 nömrəli fərdi yaşayış evi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Gəncə şəhəri, X13 küçəsində 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 194.6 kvadratmetr təşkil edən 166 nömrəli fərdi yaşayış evi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbinin əsaslandığı hallar:

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Gəncə şəhəri, X13 küçəsində 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 194.6 kv.m təşkil edən 166 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı fərdi yaşayış evini atası X4 xx.xx.2011-ci il tarixdə vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında miras əmlak şəklində və birgə mülkiyyət hüququ əsasında əldə etmişdir. Fərdi yaşayış evinin digər birgə mülkiyyətçisi qismində çıxış etmiş iddiaçının anası X3 öz payını, yəni fərdi yaşayış evinin özünə məxsus olan ½ hissəsini xx.xx.2022-ci il tarixli (reyestrdə 4Ə-124 № ilə qeyd edilib) “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında İddiaçı bağışlamışdır. Beləliklə, İddiaçı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı və onun ailə üzvləri ilə yanaşı, hazırkı iş üzrə cavabdehlər, yəni iddiaçının bacıları Cavabdeh1 və Cavabdeh2 da fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlərin Fərdi yaşayış evində qeydiyyatda olmaları İddiaçı üçün əlavə xərclərin yaranmasına səbəb olur. Belə ki, məlum olduğu kimi yaşayış sahələrinin saxlanması üçün kommunal xidmətlərə görə xərclər, bundan əlavə, sayğac qoyulmayan yaşayış sahələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xərclər yaşayış sahəsində qeydiyyatında olan şəxslərin sayına uyğun ödənilir. Hazırkı halda da fərdi yaşayış evində cavabdehlərin qeydiyyatda olması qeyd edilən xərclərin iddiaçı tərəfindən çəkilməsinə səbəb olur. Bundan əlavə, cavabdehlərin fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının fərdi yaşayış evi barəsində mülkiyyətçi kimi sərəncam verməsinə mane ola bilər. Belə ki, məlum olduğu kimi yaşayış sahələrinin özgəninkiləşdirilməsi barədə müqavilələrin notariat orqanında təsdiq olunması zamanı həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin buna notariat qaydada təsdiq olunmuş razılıqları tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və həmin maddənin birinci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1 xx.xx.2001-ci ildə, Cavabdeh2 isə 1997-ci ildə ailə həyatı qurduqdan sonra ərlərinin evlərinə köçmüşdürlər və həmin andan etibarən onlar fərdi yaşayış evində faktiki olaraq yaşamırlar. Cavabdeh1 əri X7 məxsus Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Turqut Özal küçəsində yerləşən 40A nömrəli fərdi yaşayış evində, digər cavabdeh V.Əliyeva isə ailəsi ilə birlikdə hazırda Rusiya Federasiyasının Ulyanovsk şəhərində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 513 nömrəli arayışından da göründüyü kimi cavabdehlər fərdi yaşayış evində yaşamırlar. Bundan əlavə qeyd etmək istəyirik ki, mərhum V.Q.Yaradanquliyev xx.xx.2011-ci il tarixdə vəfat etdikdən sonra cavabdehlər onun (atalarının) mirasını qəbul etmələri haqqında ərizələr ilə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmişdirlər. Bu hal mərhum V.Q.Yaradanquliyevin mirasının açıldığı yer üzrə Gəncə şəhər 5 saylı Notariat ofisindən sorğuya cavab olaraq əldə edib məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 341 nömrəli məktubla təsdiq olunur. Yuxarıda göstərilənlərdən aydın olur ki, cavabdehlər fərdi yaşayış evində faktiki olaraq yaşamırlar və onun üzərində vərəsəlik hüquq münasibətlərindən irəli gələn mülkiyyət hüququna malik deyildirlər. Lakin cavabdehlərin nikaha daxil olana qədər fərdi yaşayış evində yaşadıqlarını və buna əsasən onların həmin fərdi yaşayış evi üzərində istifadə hüquqlarının mövcud ola biləcəyini nəzərə alaraq hazırkı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət olunması məqsədəmüvafiq sayılmışdır. Əgər işə baxılması nəticəsində məhkəmə tərəfindən cavabdehlərin fərdi yaşayış evi üzərində istifadə hüquqlarına malik olduqları müəyyən edilərsə, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, onların bu hüquqlarına kompensasiya ödənmədən xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-16-2384/2025 nömrəli cavab məktubuna və həmin məktuba əlavə olunmuş arayışa əsasən cavabdehlərin hər biri hazırda evlidirlər. Yuxarıda sözügedən arayışdan isə göründüyü kimi cavabdehlər fərdi yaşayış evində yaşamırlar. Qeyd olunanlar təsdiq edir ki, cavabdehlər ərlərinin evlərində yaşayırlar və onların fərdi yaşayış evinə ehtiyacları yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Tərəflərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçının övladı olmaqla, uzun illərdir ki, mübahisəli ünvandan çıxıb getmiş və ailə həyatı quraraq ailələri ilə birlikdə yaşayırlar. Belə ki, Cavabdeh1 15 noyabr 2001-ci ildə, Cavabdeh2 isə 1997-ci il ailə həyatı qurduqdan sonra ər evinə köçmüşdürlər və həmin andan etibarən onlar Gəncə şəhəri, X13 küçəsində 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 194.6 kvadratmetr təşkil edən 166 nömrəli fərdi yaşayış evində faktiki olaraq yaşamırlar. Cavabdehlər öz ərlərinə məxsus evdə yaşamaqla mübahisəli evə olan ehtiyacları aradan qalxmışdır. Belə olan halda cavabdehlər gəlin köçdükləri vaxtdan Gəncə şəhəri, X13 küçəsindəki 166 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqları itmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

6. Məhkəmənin 04 sentyabr 2025-ci il tarixində keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, 2001-ci ildən etibarən Gəncə şəhəri, X13 küçəsində yerləşən 166 nömrəli evdən köçərək ər evinə gəlin getmişdir. Həmin tarixdən hal hazıra kimi həmin evdə yaşamır. Eyni zamanda bacısı Cavabdeh2 da 1997-ci ildə ailə həyatı quraraq Gəncə şəhəri, X13 küçəsində yerləşən 166 nömrəli evdən ər evinə köçmüşdür. Boş vaxtı olmadığına və 50 yaşının tamam olmasından sonra şəxsiyyət vəsiqəsinin yenilənəcəyini nəzərə alaraq mübahisəli evdən qeydiyyatdan çıxmamışdır. Lakin 50 yaşı tamam olandan sonra yeni kimlik alan zaman ərinə məxsus evə pasport qeydiyyatına düşəcəkdir. Hesab edir ki, qardaşının ona qarşı belə bir iddia qaldırması etik deyil. Onun özünə bu barədə desəydi, o qeydiyyatdan çıxardı. Onun evi var və mübahisəli evdə yaşamaq fikri yoxdur.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir.

8. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar;

9. 11 iyul 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X1 şəhəri, X13 küçəsi, ev 166 ünvanında olan 0,04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 194.6 kvadratmetrdən ibarət evi İddiaçı bağışlamışdır.

10. 02 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X10 surətindən görünür ki, Gəncə şəhəri, X13 küçəsi, ev 166 ünvanında olan 0,04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 194.6 kvadratmetrdən ibarət ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışının surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 Gəncə şəhəri, X13 küçəsi, ev 166-da qeydiyyatdadır.

12. Gəncə şəhər qeydiyyat şöbəsinin 30 iyul 2025-ci il tarixli, 3-16-5/8-16- 2384/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 evli olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və onun barəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır.

13. Gəncə şəhər qeydiyyat şöbəsinin 30 iyul 2025-ci il tarixli, 3-16-5/8-70-M- 2539/2025 nömrəli arayışından görünür ki, X8 ilə Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə 285 nömrəli nikah qeydə alınmışdır.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 01 avqust 2025-ci il tarixli, 3-21-3-33/2-7830/2025 nömrəli məktubundan görünür ki, Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 2V-59 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən 137.8 kvadratmetrdən ibarət fərdi yaşayış evi və evin altında olan 0.02 ha torpaq sahəsindən ibarət mülk X6 adına keçmiş, ona xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisinin 28 iyul 2025-ci il tarixli, 341 nömrəli məktubundan görünür ki, “Elektron notariat” X2 axtarış zamanı Cavabdeh1 (FİN: xxxxxxx) və Cavabdeh2 (FİN: xxxxxxx) tərəfindən mərhum X4 mirasının qəbul edilməsi barədə məlumat Gəncə şəhər 5 saylı notariat ofisində aşkar olunmamışdır.

16. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 iyul 2025-ci il tarixli, 513 nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yaşamır.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 07 avqust 2025-ci il tarixli məktubunda iddiaçıya cavab olaraq bildirilmişdir ki, xx.xx.1976cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X13 küçəsi, ev 166 ünvanından qeydiyyatdan çıxarılmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Məhkəmənin müəyyən etdiyi hallar:

18. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı bacılarıdır. Gəncə şəhəri, X13 küçəsində 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 194.6 kvadratmetr təşkil edən 166 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Cavabdehlər iddiaçıya məxsus həmin evdə pasport qeydiyyatındadır. Lakin cavabdehlərdən Cavabdeh2 1997-ci ildə, Cavabdeh1 isə 2001-ci ildə ailə həyatı quraraq ər evinə köçmüşdürlər. Həmin müddətlərdən bəri cavabdehlər mübahisəli evdə yaşamırlar. Hal-hazırda iddiaçı cavabdeh olan bacılarına qarşı ona məxsus evdən istifadə hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehlər iddiaçıya məxsus mübahisəli evdə formal olaraq pasport qeydiyyatında olmasına baxmayaraq, həmin evdə 20 ildən artıqdır yaşamırlar. Bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəmə hazırlıq iclasında iştirak edərək, 2001-ci ildən etibarən Gəncə şəhəri, X13 küçəsində yerləşən 166 nömrəli evdən köçərək ər evinə gəlin getməsini, həmin tarixdən hal-hazıra kimi sözügedən evdə yaşamadığını, eyni zamanda bacısı Cavabdeh2 da 1997-ci ildə ailə həyatı quraraq Gəncə şəhəri, X13 küçəsində yerləşən 166 nömrəli evdən ər evinə köçməsi faktını təsdiq etmişdir. Lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər.

Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq:

19. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququ 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığından hazırki mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

22. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

23. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

24. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

25. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir.

26. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evdə cavabdehlər qeydiyyatda olsa da, orada Cavabdeh2 1997-ci ildən, Cavabdeh1 isə 2001-ci ildən bəri, yəni uzun müddətdir yaşamır. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, cavabdehlər mübahisəli evdə uzun illər yaşamamaqla, onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi maraqları da olmamışdır. Bununla yanaşı məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlərin ərlərinə məxsus ev vardır.

27. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onların Gəncə şəhəri, X13 küçəsi, ev 166 ünvanından istifadə hüquqları itmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.

29. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

30. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

31. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

32. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

33. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

35. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onların həmin yaşayış sahəsinə ehtiyacları olmadığından cavabdehlərin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

39. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

40. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

41. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68).

42. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması onların həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürməkdə haqlıdır.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

44. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

45. Beləliklə, məhkəmə yekun qənaətinə əsasən hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, X13 küçəsi 166 nömrəli fərdi yaşayış evi üzərində olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, X13 küçəsi 166 nömrəli fərdi yaşayış evi üzərində olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar