Məhkəmə qərarları › İş №e-2(125)-514/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-514/2024

23.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-514/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mülkə dair istifadə hüququna xitam verilməsi və onun azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdurlar. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 adlı 2 uşaqları vardır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5615/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikah bağlanmazdan əvvəl ünvan 1 ünvanında yerləşən mülkü əldə etmişdir. Cavabdehin həmin mənzilə hər hansı bir hüququ olmadığı halda o nikah pozulduqdan sonra da həmin evdə yaşamaqla, onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib əlavə olaraq göstərdi ki, iddiaçının mülkiyyətində olan ev 2004-cü ildə alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı uşaqlara baxır, hər bir xərclərini çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izhatında göstərdi ki, tərəflərin 2004-cü ildən etibarən münasibətləri olmuşdur. Cavabdehin 17 yaşı olduğuna görə, nikaha gec daxil olmuşdurlar. Cavabdeh iddiaçının ailə üzvüdür, həmin evdən istifadə hüququ vardır, yalnız kompensasiya verilməklə evdən çıxarıla bilər. Azyaşlı uşaqları vardır, başqa yaşayış yeri yoxdur. İddia əsassız olduğundan, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13713 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60,210 kv.m 4 (dörd) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5615/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qsmən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər xx.xx.2010-cu ildə ailə qurmuşlar, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yaşaraq birgə təsərrüfat idarə etmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5615/2023 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Göründüyü kimi qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaransa da, tərəflər arasında olan nikah 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyindən cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi mənzil onun mülkiyyətindədir. İddiaçı iddia etmişdir ki, cavabdehlə nikahlarının pozulmasına baxmayaraq, cavabdeh hələ də mülkiyyətində olan mənzildə yaşamaqla onun mülkiyyət hüququnu pozur. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etməyərək, iddiaçının mübahisəli mənzili əldə etməmişdən əvvəl cavabdehlə ailə münasibətləri olduğu üçün cavabdehin istifadə hüququ olduğunu göstərsə də, etirazının əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş, etirazını formal mülahizələrlə əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçının uşaqları ilə birlikdə mənzildən çıxarılmasına gəldikdə məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi ilə uşaqların analarının yanında qalması müəyyən edildiyindən cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Məhrəsə Bağı, bina 5, 48 nömrəli mənzildən çıxarılmalıdır. İddia tələbinin mənzildən istifadə hüququna xitam verilməsinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin həmin mənzildən istifadə hüququ itirildiyi üçün iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Məhrəsə Bağı, ev 5, 48 nömrəli mənzildən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar