Məhkəmə qərarları › İş №e-2(125)-5306/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5306/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5306/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “kirayə haqqı ödənişinin cavabdeh tərəfindən təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun kirayə haqqı ödənişinin cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildən etibarən ünvanlı sosial yardım 361,09 manat təyin edilib. Kirayədə qalır və kirayə müqaviləsi var. Cavabdehə kirayə pulunun ödənilməsi ilə bağlı elektron müraciət etsə də, ona kirayə pulu ödənilmir. Dövlət Sosial Müdafiə X1 sədri Himalay Məmişov mətbuata bildirir ki, ünvanlı sosial yardım alan şəxs kirayə müqaviləsi ünvanlı sosial yardım təyin edilirsə, onun kirayə haqqı həmin sosial ödənişinin üstünə əlavə edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-in 25.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının V bəndində göstərilir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 3.1-ci bəndində qeyd edilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 7.1-ci bəndində nəzərdə tutulur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə İddiaçı arasındakı münasibətlər xüsusi hüququn deyil, ümumi (publik) hüququn nizama salma predmetinə aiddir. Belə ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, inzibati orqanlar ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş, digər tərəfə münasibətdə yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini tətbiq etmiş və İddiaçı aztəminatlı ailə kimi sosial müavinət təyin etmişdir. İddiaçı hazırki iddia ərizəsində onun kirayə haqqı ödənişinin inzibati orqan olan cavabdeh tərəfindən təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən və işin mahiyyətindən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları görünmür. Başqa sözlə, iddia tələbinin mahiyyətindən ilkin olaraq görünür ki, cavabdeh inzibati orqandır və tərəflər arasındakı mübahisə onlar arasındakı müqavilə və ya başqa hər hansı xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisə deyil, inzibati orqanın və ya onun qurumunun hərəkətsizliyindən irəli gələn mübahisədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati orqan, bu mümkün olmadıqda isə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi ilə kirayə haqqı ödənişinin cavabdeh tərəfindən təmin edilməsi bağlı olduğundan və iddia tələbi inzibati orqana qarşı yönəldiyindən, həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya inzibati orqan olan cavabdehin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyi ilə bağlı ilkin olaraq müvafiq qaydada inzibati orqanın özünə müraciət etmək, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “kirayə haqqı ödənişinin cavabdeh tərəfindən təmin edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar