Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5353/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və onun vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma, qeyri-yaşayış sahəsinin tam şəkildə boşaldılaraq təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi, həmçinin 01 iyun 2023-cü il tarixindən başlayaraq obyekt boşaldılan günə kimi hər ay üçün 3000 (üç min) manat hesablamaq şərti ilə pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reysetrində qeydə alınmışdır. Həmin əmlak 16 fevral 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən atası X4 tərəfindən ona bağışlanmışdır. X4 obyekti ona bağışlamazdan əvvəl Cavabdeh MMC-yə icarəyə vermişdir. Obyekt iddiaçının adına keçdikdən sonra cavabdeh şirkətə bildirmişdir ki, “həmin obyekti ondan aylıq 3000 (üç min) manata icarəyə istəyən var, ya bu qiymətə uyğun yeni icarə müqaviləsi bağlayaq, ya da ki obyekti boşaltsın”. Lakin cavabdeh şirkət qəti şəkildə obyektdən çıxmayacağını və onunla heç vaxt razılaşmayacağını bildirmişdir. Bu barədə onlara dəfələrlə müraciət etməyinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Hətta cavabdehə bununla bağlı yazılı bildiriş də göndərmişdir. Amma cavabdeh yenə də öz bildiyini etməyə davam edir. Yəni, cavabdehin ucbatından o, öz mülkiyyətdən məhrum olmuşdur. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, hazırda həmin əmlakı ondan aylıq 3000 (üç min) manata icarəyə istəyirlər. Nə qədər ki, cavabdeh onun obyektini boşaltmayıb, deməli hər ay 3000 (üç min) manat gəliri əldən çıxır. Hesab edir ki, 01 iyun 2023-cü il tarixindən başlayaraq obyekt boşaldılan günə kimi hər ay üçün 3000 (üç min) manat hesablamaq şərti ilə pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bu səbəbdən hesab edir ki, Cavabdeh MMC-nin ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və obyektin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi, həmçinin 01 iyun 2023-cü il tarixindən başlayaraq obyekt boşaldılan günə kimi hər ay üçün 3000 (üç min) manat hesablamaq şərti ilə pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizədə bildirilmişdir ki, sözügedən icarə müqaviləsinə əsasən ümumi sahəsi 216 kv.m olan qeyri-yaşayış sahəsinin 182.4 kv.m. issəsini icarəçi Cavabdeh MMC-yə 25 yanvar 2032-ci il tarixədək icarəyə vermişdir. İddiaçı icarə predmeti olan qeyri-yaşayış sahəsinin "OBA MARKET” MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsini tələb edərkən nəzərə almamışdır ki, icarə predmeti icarəçiyə xx.xx.2022-ci il tarixli, 3M-101 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən X2 razılığı ilə icarəyə verilmişdir və icarəçi həmin sahədən tam qanuni əsaslarla istifadə edir. Hazırda mübahisə predmeti olan icarə sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 3M-101 nömrəli icarə müqaviləsi qüvvədədir. Cavabdeh MMC qeyd edir ki, iddiaçı mülkiyyətçidir və onun mülkiyyət hüququna toxunulmur. Burada mülkiyyətin toxunulmazlığından və ya qanunsuz sahiblikdən söhbət gedə bilməz. Cavabdeh MMC qeyd edir ki, MMC həmin mülkiyyətçinin obyektində icarəçidir, mülkiyyətçi olmaq və ya mülkiyyətçinin əmlakını əlindən almaq kimi niyyəti yoxdur. Ümumiyyətlə bu məsələyə bu maddələrin uzaqdan və yaxud yaxından heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq OBA Market MMC həmin obyektdə icarəçidir və xx.xx.2022-ci ildə X4 öz iradə azadlığı və sərbəst şəkildə Cavabdeh MMC ilə icarə müqaviləsi bağlayıb. Cavabdeh MMC qanunvericiliyin tələbinə əsaslanaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi icarəçinin həmin əmlakdan istifadə hüququna xitam vermir. Eyni zamanda bildirilir ki, müqavilənin dayanıqlıq baxımından, investisiya qoyuluşunun qorunması, uzunmüddətli müqavilə münasibətlərinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında süni əngəllər törədərək icarə haqqının artırılması, obektdən çıxarma, obyektin boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşısının alınması yəni, işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Bu baxımdan da, kiminsə həmin obyektə 3000 manat məbləğ icarə haqqı təklif etməsi reallığa və fakta əsaslanmır. İcarə müqaviləsi bağladıqları tarix 25 yanvar 2022-ci il, bağışlama müqaviləsini rəsmləşdirdikləri tarix isə 16 fevral 2022-ci il tarixində baş vermişdir. Öncəki mülkiyyətçi X4 1175 manat Ö.M.V. daxil icarə haqqı ilə razı deyildisə, icarə müqaviləsi bağlamazdı. Üstündən 1 ay vaxt keçməmiş bağışlama müqaviləsinin imzalanaraq X3 adına keçməsi məntiqə əsaslanmır. X4 öz iradə azadlığı və sərbəst şəkildə “OBA Market" MMC ilə icarə müqaviləsi bağlayaraq, daha sonra bağışlama müqaviləsi ilə X3 adına keçirərək bağladığı icarə müqaviləsinin qiymətinin qaldırılmasına nail olmaq istəyirsə, nəzərinə bir daha çatdırırılır ki, “İcarə haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən “İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi, müqavilə şərtlərinin dəyişdirilməsi və onun pozulması üçün əsas deyildir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə etdi və onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə onu da əlavə etdi ki, dəfələrlə qarşı tərəfə mülkiyyətçinin iddiaçı olduğu, cavabdehin 3000 manat icarə haqqına razı olduğu təqdirdə qalması, əks təqdirdə isə qeyri-yaşayış sahəsini tərk etməsi barədə bildiriş göndərilmişdir, iddiaçının mülkiyyət hüquqları pozulub, tələbləri müqavilənin ləğvi yox, cavabdehin 3000 manat icarə haqqına razı olmadığı təqdirdə obyektdən çıxarılmasıdır. Həmçinin, icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verdi, həmçinin əlavə etdi ki, iddia tələbi əsassızdır, X4 ilə icarə müqaviləsi bağlandıqdan 20 gün sonra daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanıb. X1 ilə bağlandığından ona ödəniş olunur, X2 daşınmaz əmlakı bağışladığı şəxs onun qızıdır, onunla isə müqavilə bağlanmayıb. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********34- 05101-083002 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabın 72 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan, Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-256 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi X4 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarında olan, X4 ilə Cavabdeh MMC arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-101 reyestr nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********34-05101-083002 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 216 kv/m olan qeyri-yaşayış sahəsinin 182,4 kv.m hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə obyekti qəbul etməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavilə imzalandığı tarixdən qüvvəyə minmiş və 10 il ərzində qüvvədə olacaqdır, icarəçi icarəyə verənə hər ay 1175 manat (Ö.M.V. daxil) icarə haqqı ödəməli, icarə haqqı xx.xx.2022-ci il tarixdən etibarən hesablanacaqdır. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 10 may 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə öz obyektini aylıq minimum 3000 (üç min) manata icarəyə verdiyini, əgər onunla razılaşırlarsa, 10 (on) gün müddətində aralarında yeni icarə müqaviləsinin bağlanmasını təklif etmiş, bu məbləğlə razılaşmadıqları təqdirdə 01 iyun 2023-cü il tarixinə kimi obyekt boşaldılaraq təhvil verilməsini xahiş etmiş, əks halda bununla bağlı məhkəməyə müraciət edəcəyi, həmçinin obyekt boşaldılan günə kimi icarə haqqı yuxarıda qeyd edilən 3000 (üç min) manatdan hesablanaraq cavabdeh şirkətdən tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi əvvəlcə X2 mülkiyyətində olmuş, A.Məmmədov notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-101 reyestr nömrəli icarə müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 216 kv/m olan qeyri-yaşayış sahəsinin 182,4 kv.m hissəsini 10 il müddətinə icarəçi Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin qeyri-yaşayış sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-256 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 tərəfindən qızı - İddiaçı bağışlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci və ikinci dispozitiv şərtin olması, yəni qeyri-yaşayış sahəsinin hazırda iddiaçıya məxsus olması və əmlakın cavabdehin sahibliyində olması işin mübahisəsiz halları ilə təsdiq olunur. Lakin iddiaçı üçüncü dispozitiv şərtin mövcud olmasını, yəni həmin qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını iddia etsə də, bu dəlilinin əsaslarını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi cavabdehin qanuni sahibliyindədir. İcarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi icarə müqaviləsinin mövcudluğunu şübhə altına ala bilməz, başqa sözlə, ümumiyyətlə müqavilənin qanuniliyi mübahisələndirilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin ona bağışlanarkən cavabdehlə icarə müqaviləsinin bağlandığını, qeyri-yaşayış sahəsini yüklü əldə etdiyini bilmişdir. İddiaçının atasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verildiyini bilməməsi inandırıcı deyil. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Məcəllənin 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. xx.xx.2022-ci il tarixli, 3M-101 reyestr nömrəli icarə müqaviləsinin 11.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verənin hüquqları vərəsəlik qaydasında onun varislərinə keçdikdə və ya o icarəçinin əvvəlcədən alınmış yazılı razılığı əsasında hər hansı bir formada digər şəxslərə özgəninkiləşdirdikdə də, bu Müqavilədən imtina edilməsi və bu müqavilədə icarə haqqını və yaxud digər şərtlərin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM-in 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və ona məxsus qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsindən cavabdehin əşyalarla birlikdə çıxarılması tələbi, eləcə də bu tələbdən törəyən digər - qeyri-yaşayış sahəsinin tam şəkildə boşaldılaraq iddiaçıya təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi tələbləri rədd edilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma, qeyri-yaşayış sahəsinin tam şəkildə boşaldılaraq təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5353/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5353/2023
27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver