Məhkəmə qərarları › İş №e-2(125)-545/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-545/2025

15.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-545/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin xx.xx.2024cü il tarixli, 458 nömrəli əmrini ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməsinə, onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla “Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb lisey” (bundan sonra təhsil müəssisəsi) arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 458 nömrəli əmrə əsasən xitam verilmiş, işdən azad edilmə əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra- ƏM) 70-ci maddəsinin “ç” bəndi-əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi göstərilmişdir. Qeyd edir ki, o, xx.xx.1988-ci ildən, yəni ali təhsil müəssisəsini bitirdikdən dərhal sonra təhsil sahəsində fəaliyyətə başlamış, müxtəlif təhsil müəssisələrində və fərqli vəzifələrdə çalışmış, ümumilikdə 36 il əmək stajı vardır, bu illər ərzində hər hansı intizam tənbehi olmamışdır. Lakin təhsil müəssisəsinə Gülşən Məmmədəliyevə direktor təyin olunduqdan sonra ondan əmək funksiyalarının icrası ilə bağlı qanunsuz tələblər etməyə başladı, mən o da razılaşmadığımdan onunla qərəzli mövqe tutmağa başladı, öz təşəbüssüylə işdən çıxmağını tələb etdi, bununla razılaşmadığından iki dəfə heç bir əsaslı səbəb olmadan barəsində intizam tənbehi tətbiq etdi. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 115 saylı saylı əmrlə “sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanması işini zəif yerinə yetirdiyinə” görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bu əmr onun barəsində sinif jurnalı cırıldığına görə verilmişdir, yəni o, sinif jurnalı kiminsə tərəfindən yararsız hala salındığına görə şiddətli töhmət almışdır. Bu hal özü G.Məmmədəliyevanın ona qarşı qərəzli olduğunu və gələcəkdə onun işdən çıxarılmağı üçün zəmin hazırladığının nümunəsidir. Bu faktlardan da aydın olur ki, işdən azad edilməyiylə onun əmək funksiyanı həyata keçirməməyinin və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetriməməyinin arasında heç bir əlaqə yoxdur. Təhsil müəssisəsinin direktoru Gülşən Məmmədəliyevanın istəyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozmuş, bu da öz növbəsində əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozuntusudur. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf mediasiya prosesində də iştirakdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli əmrdə formal olaraq yalnız “əmək müqaviləsi üzrə funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə” əsası qeyd edilmişdir, lakin cavabdeh müəssisə onun əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəliklərimi icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Halbuki, ƏM-si 71-ci maddəsinin 3- cü bəndində bunu imperativ norma kimi qoymuşdur. İşin məhkəmə baxışı zamanı müvafiq əmrin əsaslandırılması üçün məhkəməyə hər hansı sübut təqdim ediləcəyi təqdirdə həmin sənədlərin sonradan tərtib olunması halı nəzərə alınmalıdır. Qeyd etdiyi kimi cavabdehin müvafiq əmrində müqavilənin ləğv edilməsinin əsası qeyd edilməmiş, Həmkarlar İttifaqı Komitəsinin müvafiq protokolu əmrin məzmununa daxil edilməmiş, eyni zamanda əmri imzalayan şəxsin “ata” adı qeyd göstərilməmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda da qeyd olunan müvafiq xx.xx.2021-ci il tarixli, İş №2(102)- 3598/2021nömrəli qərarında bu hallar pozuntu kimi öz əksini tapmış, aşağı instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas olmuşdur. Cavabdeh o, faktiki əmək qabiliyyətini müvəqqəti itirdiyi müddəti pozuntu kimi qiymətləndirmiş və bu əsasla onunla əmək müqaviləsinə xitam vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyiylə bağlı işə getməmişəm və bu barədə ərizə ilə müvafiq tibbi sənədləri də əlavə etməklə təhsil müəssisəsinə təqdim etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixdə iş buraxmağını üzürlü hesab etməmiş, bunu pozuntu hesab etmişdir. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixində Bakı şəhərində, həkim X1 müayinəsində olmuş, bununla bağlı arayışı da təqdim etmişəm. Hətta müalicə ilə bağlı ödənişin bir hissəsi onun maaş kartına ödənilmişdir. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi ən ağır intizam tənbehidir və işəgötürən həmin tənbehdən əvvəl töhmət, şiddətli töhmət verə və ya aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə də tətbiq edə bilərdi. Lakin tətbiq edilən intizam tənbehi işçinin hərəkətinə münasibətdə ədalətli deyil. İntizam tənbehinin məqsədi əmək və icra intizamını artırmaqdır, şəxsi münasibətlər zəminində işçini cəzalandırmaq deyil. Həmçinin, qeyd etmək lazımdır ki, ƏM-in 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. O, uzun illərdir sözügedən müəssisədə çalışmış və hər zaman intizamlı bir işçi olmuşdur. Ona ƏM-in 186.2-ci maddəsində göstərilmiş intizam tənbehlərindən ən ağırı olan əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam olunması intizam tənbehinin verilməsi onun peşəkarlıq səviyyəsinə, kollektivdə olan nüfuzuna qətiyyən uyğun deyildir. Ümumiyyətlə, ƏM-də göstərilməyən əsaslara görə, şəxsi münasibətlər zəmnində əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin normalarına uyğun deyildir. Bundan başqa, təhsil müəssisəsinin direktoru G.Məmmədəliyeva xx.xx.2024-cü il tarixdə həmin müəssisənin Həmkarlar İttifaqı Komitəsinin (bundan sonra HİK) sədri Sədaqət Həsənovaya məktub ünvanlayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən razılıq verilməsini xahiş etmişdir. Bundan sonra, Həmkarlar ittifaqı Komitəsi xx.xx.2024-cü il tarixdə iclas keçirmiş və 5 nömrəli protokolla təqdimatın təmin edilməsi qərara alınmışdır, tik öncə qeyd edək ki, baxmayaraq ki, direktor G.Məmmədəliyeva məktub göndərmişdir, HlK sədri bunun təqdimat kimi qiymətləndirmiş və təmin etmişdir. HlK-nin 5 saylı protokolunda aşağıdakı çıxışlar qeyd edilmişdir: 1. Məktəb-liseyin HİK-nin sədr müavini Ruhiyyə Məmmədova çıxış edərək bildirdi ki, İddiaçı günün tələblərinə uyğun işləmədəyi və iş vaxtından tez getməsi məsələsi dəfələrlə kollektivdə müzakirə edilib. xx.xx.2024-cü il tarixində verilmiş töhmətdən nəticə çıxarıb işinə daha məsuliyyətlə yanaşmalı idi; 2. Məktəb-liseyin psixoloqu Jalə Qurbanova çıxış edərək bildirdi ki, İddiaçı üzərinə düşən işi yerinə yetirmir, dəfələrlə o, tabelə imza atanda İddiaçı işə gələrkən və işdən gedərkən davamiyyət tabelinə imza atmadığını görmüşdür. Bu həm işə, həm də rəhbərliyə qarşı saymamazlıqdır; 3. Məktəb-liseyin tarix müəllimi Elgün Qarayeva çıxış edərək bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini heç cürə qanuni şəkildə əsaslandıra bilmir. İşə gəlməmə səbəbini rəhbərliyə məlumat verməli və icazə almalı idi; Digər heyət üzvləri eyniməzmunlu çıxış edərək təqdimatın təmin edilməsinə tərəfdar olduqlarını bildirdilər. Qeyd olunan HİK-nin xx.xx.2024-cü il tarixli iclasının səs yazısı iddiaçı tərəfindən aparılmış və orada bir neçə qadın çıxış etmişdir. Çıxış edən HİK-nin sədri RRamazanovanın xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini və bununla bağlı heç bir sübut təqdim etmədiyini, bu barədə təhsil müəssisəsinin rəhbərinin məktubunun olduğunu bildirmiş, iş saatları ilə bağlı digər iştirakçılar müzakirə apandqda Sədaqət Həsənova iclasda məhz İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməməsi məsələsinin müzakirə olunduğu israrla bildirmişdir. Bundan sonra bir qadın çıxış edərək uzun müddətdir ki, İddiaçı məktəbdə işlədiyini, buna görə də kompramisə gedərək işləmək lazım olduğunu, müzakirə olunan məsələnin həm ürəkaçan mövzu olmadığım, həm də psixoloji də olaraq yaxşı hal olmadığını qeyd etmişdir. Daha sonra qanunu bilmədiyini və bu səbəbdən də çıxış edə bilməyəcəyini qeyd etmişdir. Daha bir iclas iştirakçısı can sağlığı ilə bağlı nümunə gətirərək İddiaçı başqa bir işdə də işləyə biləcəyini məsləhət görür. Daha bir iştirakçı qadın rəhbərlik tərəfindən məktub göndərildiyi təqdirdə bunun düz olduğunu və icra olunmalı olduğunu bildirir. Bu çıxışlardan sonra Sədaqət Həsənova göndərilmiş məktuba oturub cavab hazırlmah olduğunu bildirir, daha sonra iclas yekunlaşır. Göründüyü kimi iclasda faktiki olaraq, heç kim tərtib 5 saylı protokolda qeyd olunan 3 bəndlə bağlı fikir bildirmir. Bu fikirlər HİK-in sədrinin özünün də bildirdiyi kimi sonradan müvafiq məktuba cavab hazırlanan zaman komissiya sədri tərəfindən qeyd edilmişdir. Faktiki olaraq HİK-nin protokolu, keçirilmiş iclasda səsləndirilən fikirlərlə eynilik təşkil etmir və sübut kimi qəbul edilə bilməz. Bundan başqa Təhsil müəssisəsinin HİK-in protokolu ilə tanış olduqda yuxanda da qeyd etdiyi kimi 3 bəndən ibarət pozuntu ilə bağlı fikir bildirilmişdir. Burada həm İddiaçı işə davamiyyəti pozduğu, həm tabelə imza etmədiyi, həm də xx.xx.2024- cü il tarixdə bütün günü işə gəlməməsi qeyd olunmuşdur. K.Ramazanovamn işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli, 458 saylı əmrə diqqət edilsə, burada əmək müqaviləsi ilə bağlı vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad olunmasını görərlər. Əgər işəgötürən əmək müqaviləsinə xitam verən zaman HİK-in xx.xx.2024-cü il tarixli razılıq məktubunu əsas götürmüşsə burada yenə də səhvə yol vermişdir. Belə ki, əmək qanunvericilyinin tələblərinə görə işə gəlmək-əmək vəzifəsini, işləmək isə-əmək funksiyalarım yerinə yetirmək yetriməkdir. HİK-in protokoldan çıxarışında isə yalnız işə davamiyyətlə bağlı hissəyə toxunulmuşdur. Bundan başqa əgər işəgötürən əmək müqaviləsinə xitam verilməsi zamanı əsas kimi HİK-in xx.xx.2024-cü il tarixli razılıq məktubuna istinad edirdisə, bu zaman protokoldan çıxarışda qeyd olunan 3 bənddən hansı birinə istinad etdyini əmrdə dəqiq göstərməli idi. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. xx.xx.2024-cü il tarixli, 458 saylı əmr isə əsaslandırılmamışdır. Qeyd edirik ki, İddiaçı işdən çıxarılma üçün əsas olmuş sənədləri məhkəmə tələb etmiş və cavabdeh tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim edilmişdir ki, onlardan bir neçəsi də R.Ramazanovnın işə davamiyyəti ilə bağlı olmuş, işdən vaxtından tez getməsi ilə bağlı AKT tərtib edilmişdir. Qeyd edir ki, istər xx.xx.2024cü il, istər xx.xx.2024-cü il istərsə də xx.xx.2024-cü il tarixində tərtib edilmiş AKT-larda qeyd olunanlar həqiqəti əks etdirmir, sonradan tərtib edilmişdir. Belə ki, həmin AKT-lann tərtib olunaraq İddiaçı təqdim edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bununla bağlı İddiaçı nə sms, nə e-mail, nə də ki, yaşadığı ünvana məktub göndərilməmişdir. Bundan başqa əgər iddiaçı xx.xx.2024-cü il tarixli işə davamiyyətlə bağlı pozuntu aşkar etmişdirsə, bununla da bağlı tədbir görməli idi, lakin heç bir tədbir görməmişdir. Ümumiyyətlə, işəgötürən xx.xx.2024-cü il tarixli əmrdə sübut kimi təqdim etdiyi sənədlərdən hansına istinad etdiyini əsaslandırmamışdır. Yəni, iddiaçını xx.xx.2024cü il tarixli işburaxmaya, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işdən iş vaxtından tez getməsinə və ya xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə verilmiş intizam tənbehlərinə görə işdən azad etməsini qeyd etməyərək əsaslandırmamışdır. Lakin, məhkəmə sorğusuna iddiaçının işdən azad edilməsinə səbəb olmuş hallan əsaslandıran zaman qeyd olunan sübutlan iş materiallarına əlavə etmişdir. İddia ərizəsində də qeyd etdiyimiz kimi cavabdeh İddiaçı qarşı olan şəxsi qərəzli münasibətlərindən irəli gələrək onu işdən azad etmək istəmiş, öz ərizəsi ilə işdən azad etməsini ona bildirsə də, sonuncu bununla razılaşmadığından təhsil müəssisəsinin rəhbəri sahib olduğu hüquqi imkanlardan sui-istifadə edərək iddiaçını işdən azad etmişdir. Bunu cavabdehin məhkəməyə təqdim etdiyi digər sübutlardan da görmək mümkündür. Təqdim edilmiş sübutların arasında təhsil müəssisəsinin bir çox əməkdaşları tərəfindən direktorun adına yazılmış ərizələrdə guya İddiaçı onlardan müəyyən fəaliyyətləri həyata keçirmək üçün müxtəlif məbləğlərdə pul tələb edib alması, İddiaçı qızı Gülnar Ramazanovanın xadiməçi kimi işdə görmədikləri qeyd olunmuşdur. Həmin ərizələrdə cinayət hüquqi xarakterli məlumatlar olduğu halda üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq hələ də tədbir görülməməsi, əməkdaşlardan pul tələb olunduğu halda niyə hüquq-mühafizə orqanlarına şikayət etməyib, yeni direktor işə gələndə ona ərizə yazmaları, niyə əvvəlki direktora bu barədə məlumat verməmələri cavabdehin qərəzli şəkildə İddiaçı işdən çıxarmasını bir daha sübut edir. Heç bir yerdə rəsmi qeydiyyatı aparılmayan sübutların məhz məhkəmə baxışı zamanı təqdim edilməsi iddiaçıya iddia tələbindən imtinaya məcbur etmə kimi də qiymətləndirilə bilər. Göründüyü kimi cavabdeh Təhsil müssisəsinin rəhbəri G.Məmmədəliyeva tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edirik ki, pozuntu məhkəmənin ədalətli qərarı əsasında bərpa olunmalıdır. Cavabdehin göstərdiyi münasibətdən də aydındır ki, ona verilmiş səlahiyyətlərdən öz şəxsi mənafeyi və məqsədləri üçün istifadə edir və gələcəkdə hüquqlarından istifadə edərək müəssisənin digər əməkdaşlarına da bu formada işdən azad edə bilər. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinin direktoru tərəfindən həmin məktəbin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2025-cü il tarixli təqdimatdan görünür ki, məktəbin təlimtərbiyə işləri üzrə direktor müavinin İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmir. Təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ş” bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsini xahiş etmişdir. Müvafiq sənədlər əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasının 5 nömrəli protokolunun çıxarışından görünür ki, Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyevanın xx.xx.2024-cü il tarixli təqdmatına baxılması barədədir. Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədri Sədaqət Həsənova məktəbin direktoru Gülşən Məmmədəliyevanın xx.xx.2024-cü il tarixli təqdimatını heyət üzvlərinin nəzərə çatdıraraq bildirdi ki, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədri Sədaqət Həsənova məsələyə münasibət bildirilməsini heyət üzvlərindən xahiş etdi. Çıxışlarda, 1. Məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədr müavini Ruhiyə Məmmədova çıxış edərək bildirdi ki, İddiaçı günün tələblərinə uyğun işləmədiyi və iş vaxtından tez getməsi məsələsi dəfələrlə kollektivdə müzakirə edilib. 01 aprel 2024-cü il tarixində verilmiş töhmətdən nəticə çıxarıb işinə daha məsuliyyətlə yanaşmalı idi; 2. Məktəb-liseyin psixoloqu Jalə Qurbanova çıxış edərək bildirdi ki, İddiaçı üzərinə düşən işi yerinə yetirmir, dəfələrlə o, tabelə imza atanda Rəfiqə Ramaznovanın işə gələrkən və işdən gedərkən davamiyyət tabelinə imza atmadığını görmüşdür. Bu həm işə, həm də rəhbərliyə qarşı saymamazlıqdır; 3. Məktəbliseyin tarix müəllimi Elgün Qarayeva çıxış edərək bildirdi ki, İddiaçı 02 sentyabr 2024-cü il tarixdə işə gəlmədiyini heç cürə qanuni şəkildə əsaslandıra bilmir. İşə gəlməmə səbəbini rəhbərliyə məlumat verməli və icazə almalı idi. Digər heyət üzvləri eyni məzmunlu çıxış edərək təqdimatın təmin edilməsinə tərəfdar olduqlarını bildirdilər. Bütün çıxışlar və təkliflər nəzərə alınaraq, təqdimatın təmin edilməsi, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsi tərəfindn həmin məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli 294 nömrəli məktubunun təsdiqlənmiş surətindən görünür ki, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı – məktəbin-liseyin təlimtərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əsas: müvafiq aktlar, məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024cü il tarixli razılıq məktubudur. İş materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması ******* nömrəli vərəqindən görünür ki, İddiaçı qızı durğunluq ürək çatışmamazlığı olmadan başlıca olaraq ürəyin hipertenziv diaqnozu ilə xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. xx.xx.2024-cü il tarixdən işə başlamalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin direktoru Gülşən Məmmədəliyeva tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və sinif jurnalının aparılmasına dair qeydlərin 14-cü bəndini nəzərə alaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əsas: Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məlumatı, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 115 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri və Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin saxlanması haqqında Təlimat”ın nəzərə alaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin heyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəb liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixində keçirilən Pedaqoji Şuranın iclasına məktəbdə olduğu halda heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məktəb-liseyin direktoru, pedaqoji şuranın sədri Gülşən Məmmədəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi, pedaqoji şuranın katibi Günel Əsgərova, məktəb-liseyin HİK-nin sədri Sədaqət Həsənova, Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Musayeva, riyaziyyat müəllimi Günay Əhmədova, tarix müəllimləri Kamal Verdiyev, Tacəddin Verdiyev, Elgün Qarayeva, Zeynəb Abbasova, informatika müəllimi Tamella Əsgərova, biologiya müəllimi Vüsalə Həsənova, coğrafiya müəllimi Gülnar Məmmdəova, kimya müəllimi Lalə Qurbanova, ingilis dili müəllimləri Türanə Əkbərova, Nərgiz Nağıyeva, Simuzər Əsədova, fiziki tərbiyə müəllimləri Yeganə Məmmədova, Təranə Qaragözova, ibtidai sinif müəllimləri Ruhiyə Məmmədova, Gülnarə Məmmədova, Sevil Quliyeva aktı öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktor əvəzi Afət Fərzəliyeva, xadimə Xalidə Hüseynova, laborant Aygün Rzayeva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı iş vaxtının saat 17:00-da bitməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə məktəb direktoruna heç bir məlumat vermədən iş yerinin saat 15:45-də tərk etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini, məktəb-liseyin direktor əvəzi Afət Fərzəliyeva, UBR Könül Musayeva, laborant Gülnür Əlizadə, ibtidai sinif müəllimləri Sevil Quliyeva, Ruhiyə Məmmədova, ingilis dili müəllimi Simuzər Əsədova, xadimə Xalidə Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünr ki, məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı həqiqətən də heç kimə məlumat vermədən 02 sentyabr 2024-cü il tarixdə işə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, katibə Aytəkin Həsənova, məktəb-liseyin HİK-nin sədri Sədaqət Həsənova, xadimə Xalidə Hüseynova, fəhlə Mübariz Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı iş vaxtının saat 17:00-da bitməsinə baxmayaraq 08 oktyabr 2024-cü il tarixdən məktəb direktoruna heç bir məlumat vermədən iş yerini saat 16:27-də tərk etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən tərdib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən gorünür ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində həkim müayinəsində olmuşdur; xx.xx.2024-cü il tarixdən xəstəli ilə əlaqədar işə çıxmamışdır. Xəstəliyini təstiq edən sənədləri təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı, katibə Aytəkin Həsənova, məktəb-liseyin HİK-nin sədri Sədaqət Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı 08 oktyabr tarixində xəstəlik vərəqəni təqdim edərkən məlum olmuşdur ki, o, 02 sentyabr 2024-cü il tarixdən işə gəlmədiyi üçün xəstəlik vərəqi həmin tarixdən başlamalıdır. İddiaçı xəstəlik vərəqinin 03 sentyabr tarixindən başladığını qeyd etmişdir və bildirmişdir ki, burda heç bir problem yoxdur. Məktəb-liseyin direktoru X2 Ramazanovadan heç bir izahat yazmadan otağı tərk etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, katibə Aytəkin Həsənova, UBR Könül Musayeva, HİK-nin sədri Sədaqət Həsənova, ibtidai sinif müəllimi Natəvan Zeynalova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 08 oktyabr 2024-cü il tarixdən izahat istənilməsinə baxmayaraq, məktəb rəhbərliyinə saymazlıq edərək 09 oktyabr 2024-cü il tarixdə saat 12:10-da UBR Könül Musayevadan 08 oktyabr 2024-cü il tarixli ərizə göndərmişdir. O, ərizədə 03 sentyabr əvəzinə 03 oktyabr qeyd etməklə nə zamandan xəstə olduğunu dəqiq bilmədiyini sübut etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus ******* nömrəli, xx.xx.2019-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 36 nömrəli, xx.xx.2014-cü il tarixli əmrlə təyin edilmişdir; İddiaçı xx.xx.2024-cü il tarixdən Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinin vəzifəsini pozduğuna görə xx.xx.2024-cü il tarixdən 452 nömrəli əmrlə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması 844643 nömrəli vərəqindən görünür ki, İddiaçı qızı durğunluq ürək çatışmamazlığı olmadan başlıca olaraq ürəyin hipertenziv diaqnozu ilə xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. xx.xx.2024-cü il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300-ci maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardan görünür ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı xx.xx.2011-ci il tarixdən Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinə məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh məktəb-lisey tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, bu barədə əmrin müvafiq aktlar və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə keçirilən 5 nömrəli Protokolu ilə əsaslandırıldığı göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı həmin əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsini məhkəmədən xahiş etmiş, tələbini əmrin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisələndirilən əmr əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Belə ki, işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi; işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması; işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə tələblərin cəmi mövcud olduğu üçün işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu müəyyən edilmir. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli bütün məlumatlar öz əksini tapmamış, beləliklə tam tərtib edilməmişdir. Bununla yanaşı, cavabdehin əmrin əsası qismində qeyd etdiyi müvafiq aktlar qeyrimüəyyəndir. Əmək münasibətlərinə xitam verilməsi kimi ağır nəticəyə səbəb olan tənbeh tədbirinin tətbiq olunması üçün belə qeyri-müəyyən əsasa istinad edilməsi əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü olan işəgötürənin hüquqdan sui-istifadəsi olaraq görünür. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün əsaslar ilk öncə həmin münasibətin digər tərəfi olan və əmrin təqdim edildiyi işçiyə aydın olmalıdır. Belə ki, həmin əsaslarla razılaşmadığı halda müvafiq əmri mübahisələndirmək işçinin hüququdur. Bundan başqa, cavabdeh əmrin qəbul olunmasına əsas kimi göstərilmiş aktların iddiaçıya təqdim edilməsi, münasibət bildirməsinə şərait yaradılması müəyyən olunmur. Hazırkı iş üzrə mübahisələndirilən əmrin qəbul olunması əsası kimi göstərilən “müvafiq aktlar” sərhədsiz və qeyri-müəyyən olaraq məhkəmənin araşdırma predmetini təşkil edə bilmir, eləcə də mübahisələndirilən əmrin əsaslı olmasını təsdiqləyə bilmir. Əmrin digər əsası qismində isə həmkarlar ittifaqının xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, qanunvericinin tələbinə əsasən, işçiylə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən tərəfindən həmin müəssəsisənin həmkarlar ittifaqı təşkilatına verilən yazılı təqdimat əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə işəgötürən həmkarlar ittifaqına müraciətində İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyasını yerinə yetirməməsinə istinad etməklə kifayətlənmiş, həmin halı əsaslandırmamışdır. Bununla yanaşı, təqdimatda müvafiq sənədlər əlavə edildiyi göstərilsə də, təqdimata sənədlərin qoşma edilməsi, eləcədə həmin sənədlər göstərilməmişdir. Bundan başqa, həmkarlar ittifaqının müvafiq iclas protokolundan görünür ki, gündəlikdə olan məsələ üzrə İddiaçı əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Beləliklə, iclası və onun gedişatını əks etdirən protokoldan iclasın başlanğıcında təqdimata dair araşdırma aparmadan qərar qəbul edildiyi görünür. Halbuki, iclas müvafiq təqdimatın araşdırılması və ona münasibət bildirilməsi üçün keçirilməkdədir. Daha sonra, həmin komitənin sədr müavini öz çıxışında İddiaçı uyğun işləmədiyi günün tələbləri və (ya) iş vaxtından tez getməsinin dəfələrlə kollektivdə müzakirə edilməsi barədə şəxsi fikirlər, hansı əsaslara istinad etməsi aydın olmadan İddiaçı töhmətdən nəticə çıxarmadığını və işinə daha məsuliyyətlə yanaşmalı olduğunu bildirir. Bundan başqa, məktəb-liseyin psixoloqu öz çıxışında buna münasibət bildirmək və ya dəyərləndirmək səlahiyyətinin olub-olmaması qeyri-müəyyən olsa da, İddiaçı üzərinə düşən işi yerinə yetirmədiyini, dəfələrlə tabelə imza atanda İddiaçı işə gələrkən və işdən gedərkən davamiyyət tabelinə imza atmadığını bildirir, habelə, bu halın həm işə, həm də rəhbərliyə qarşı saymamazlıq olmasına dair şəxsi mülahizəsini bildirir. Bundan başqa, məktəb-liseyin tarix müəllimi çıxışında hansı araşdırmaya əsaslandığı aydın olmadan İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini heç cürə qanuni şəkildə əsaslandıra bilmədiyini, habelə işə gəlməmə səbəbini rəhbərliyə məlumat verməli və icazə almalı olduğunu göstərir. Beləliklə, həmkarlar ittifaqının heyət üzvləri eyni məzmunlu çıxışlar edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair tərəfdar olduqlarını bildirmişlər. Halbuki, həmin protokoldan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslar xitam verilməsi üçün əsasların mövcud olub-olmamasının araşdırılması və öz təsdiqini tapması müəyyən olunmur. Əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqı tərəfindən işəgötürənə ünvanlanmış cavab məktubu bu barədə iclasla eyni mahiyyəti daşıyaraq əsaslandırılmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, şəxsi mülahizələr əmək münasibətlərinin yaranması, dəyişməsi və xitam verilməsi əsası kimi çıxış edə bilməz. Şəxsi mülahizələrə istinad edən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz. Beləliklə, mübahisələndirilən əmr müvafiq araşdırma aparılmamış iclasın nəticəsi olaraq verilmiş, əsaslandırılmamış razılıq məktubuna istinad etmişdir. Məhkəmə həmçinin bildirir ki, həmkarlar ittifaqının müvafiq iclasında qeydə alındığını müəyyən etmək mümkün olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş audio yazı sübut qismində nəzərə alına və dəyərləndirilə bilməz. Bundan başqa, işəgötürən tərəfindən “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verildikdən sonra “aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək” barədə tənbeh tədbirinin tətbiqi imkanın kollektiv müqavilədə nəzərdə tutulması müəyyən olunmur. Mməhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsi müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinin xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar