Məhkəmə qərarları › İş №e-2(125)-5687/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5687/2024

20.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5687/2024 20.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı və nümayəndəsi vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin evi o, 2011-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh onun oğludur. Evi alan zaman onun qeydiyyata düşməyə yeri olmadığına görə evə qeydiyyata salmışdır. Lakin onun qeydiyyatı formal olmuş və bu evdə daimi olaraq yaşamamışdır. 2014-cü ildən sonra isə onunla heç bir əlaqəsi yoxdur və olduğu yer ona məlum deyildir. Bildirmək istəyir ki, sözügedən fərdi yaşayış evi 2020-ci ildə erməni terrorçularının təcavüzü nəticəsində dağıdılaraq qəzalı vəziyyətə düşmüşdür. Hazırda həmin evdə yaşamaq mümkün deyildir. Buna baxmayaraq, cavabdeh evdə qeydiyyatda olmağından istifadə edərək onu məhkəməyə verib evin dağıdılmasına görə ona verilmiş kompensasiyanın yarısını tələb edir. Lakin bir daha qeyd etmək istəyir ki, cavabdehin onun evində olan qeydiyyatı yalnız formal olmuş və bu evdə daimi olaraq yaşamamışdır. 2014-cü ildən sonra isə onunla heç bir əlaqəsi olmamışdır. Göründüyü kimi, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə ona məxsus olan evin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Onun bu evdəki qeydiyyatı yalnız formal xarakter daşıyır. Ona görə də hesab edir ki, ona məxsus olan Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi, 16 mart 2011-ci il tarixlı daşınmaz əmlakın alqı satqısı müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi alqı satqısı müqaviləsi əsasında İddiaçı tərəfindən 2011-ci il əldə edilmiş və mülk kimi DƏDRX-də İddiaçı adına qeydə alınmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi mülk kimi İddiaçı adına qeydə alınmışdır. Həmin Çıxarışdan fərdi yaşayış evinin qeydə alınmaşı müəyyən olunmur. İddiaçı özü də iddia ərizəsində və məhkəmədə verdiyi izahatında həmin ünvanda əvvəllər qeydə alınmış fərdi yaşayış evinini 2020-ci ildə erməni təcavüzü nəticəsində dağıdıldığını göstərmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halı kimi müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, X1 küçəsi, 6-cı dalan, ev 8 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş fərdi yaşayış evi 2020-ci ildə erməni təcavüzü nəticəsində dağıdılmış, hazırda da həmin evdə yaşayış yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 152.1-ci maddəsinin mətn və məzmununa görə, əmlakdan istifadə hüququ mülkiyyət hüququnun tərkib elementidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, əvvəllər mövcud olan əmlak kimi iddiaçının mülkiyyətində olmuş, hazırda mövcud olmayan fərdi yaşayış evi barəsində hazırki vəziyyətdə cavabdehin istifadə hüququ mövcud deyildir. Mövcud olmayan istifadə hüququ isə məhkəmə qaydasinda itirilmiş hesab edilə bilməz. İddiaçının tələbi isə məhz hazırda mövcud olmayan fərdi yaşayış evi barəsində cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədədir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əvvəllər mövcud olmuş fərdi yaşayış evi barəsində cavabdehin istifadə hüququnun olub olmamasının müəyyən edilməsi məsələsi hazırki məhkəmə araşdırmalarının predmetini təşkil etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar