Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5732/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasındapul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə “Azsığorta" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixində Gəncə şəhəri. Nizami rayonu, Cümhuriyyət küçəsi, ev 8, 24 nömrəli mənzilə, mənzil 26-dan su axması nəticəsində maddi ziyan vurulmuşdur. Vurulmuş zərərlərə görə 300 (üç yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 300 (üç yüz) manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2020-ci il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, S.Rəhimov küçəsində istifadədə olan 8 nömrəli binanın 24 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli hadisə barədə məlumatdan görünür ki, ünvan 2, 24 nömrəli mənzilin yuxarı mərtəbəsindən tökülən su mənzilin mətbəxinə, mətbəxdən çıxan dəhlizə və ayaq yoluna zərər vurmuşdur. xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, dəymiş zərərin bərpası üçün çəkilən xərc ümumilikdə 500 manat təşkil etmiş, zərər məbləğindən 200 manat azadolma məbləği çıxılmışdır. xx.xx.2020-ci il tarixli, AKT2677/CFİ-0204/2020 saylı sığorta aktından görünür ki, dəymiş zərərin bərpası üçün çəkilən xərc ümumilikdə 500 manat təşkil etmiş, zərər məbləğindən 200 manat azadolma məbləği çıxılaraq 300 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, **********1 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 300 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh ərizəyə qarşı etiraz edərək, etirazını ödənilməli olan 300 manat pulu ödəməyə maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-ci maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi cavabdehin qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı 300 (üç yüz) manat məbləğində dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh dəymiş zərər üzrə 300 (üç yüz) manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5732/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5732/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver