Məhkəmə qərarları › İş №e-2(125)-5750/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5750/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5750/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 962.91 manat vəsaitin və ona hesablanmış 116.35 manat faizlərin, cəmi 1079.26 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.80 manat vəsaitin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Kapital Bank” ASC ilə müştəri Cavabdeh arasında xx.xx.2022-ci il tarixli birbank cashback debet kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq Bank tərəfindən Müştərinin hesabına köçürülə bilər. Müştəri umico platforması vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Daha sonra həmin məhsulun alışından istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə Bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək (5) faktiki ödəniş etmədiyi və mal almadığı halda 962.91 manat cashback əldə etmişdir. Azərbaycan Respublikasının Mərkəzi X1 qərarı ilə xx.xx.2024-cü il tarixindən uçot dərəcəsi 7.25% miqdarında müəyyən edilmişdir. Cavabdehdən 962.91 manat vəsaitlə yanaşı, həmin vəsaitlərə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən Banka ödəniləcəyi günə qədər bank uçot dərəcəsi ilə 116.35 manat faizlər də hesablanmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişi üzərində “bu ünvanda yaşamır” qeyd edilməklə geri qaytarılmışdır.. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “BİRBANK CASHBACK DEBET KART müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh yaşayış yeri kimi ünvan 1 ünvanı göstərilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan da müəyyən edilir ki, Cavabdeh yaşayış yeri həmin ünvandır. Məhkəmə bildirişi də məhz həmin ünvana göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 954.1-ci maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa, işə baxılarkən Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumatlı olduğunu və ona qarşı irəli sürülən iddiaya etirazının olmadığını bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Texniki Overdraft-akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəlikdir. Həmin müqavilənin 4.2.1-ci və 4.2.2-ci bəndlərində qeyd edilmişdir ki, müqavilə tərəfi olan müştəri (cavabdeh) kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməmək, dərhal Banka geri qaytarmaq müştərinin vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kartın mülkiyyəti Banka aiddir. Bank kartı geri ala bilər, vaxtı bitmiş kartları yenisi ilə əvəz etməyə bilər və ya istifadəsini dayandıra bilər. Müştəri kartın itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itdikdə və ya oğurlandıqda, müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə və ya ölkə xaricindən tel: (099412) *** ** ** telefon nömrəsinə təcili xəbər verilməlidir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 962.91 manat pul vəsaiti çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı xx.xx.2022-ci il tarixli “BİRBANK CASHBACK DEBET KART müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 445.7.1-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 962.91 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 962.91 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 962.91 manat vəsaitə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən Banka ödəniləcəyi günə qədər bank uçot dərəcəsi ilə 116.35 manat faiz hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı cavabdehin 962.91 manat pul vəsaitini qanunsuz saxlamasına istinad edərək cavabdehdən 116.35 manatın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının təqdim etdiyi sübutların borcun düzgün hesablandığını təsdiq etdiyini və cavabdehin məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etmədiyini nəzərə alır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.80 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 962.91 manat məbləğində pul və ona hesablanmış 116.35 manat faiz borcu olmaqla, cəmi 1079.26 (bir min yetmiş doqquz) manat 26 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,80 (otuz) manat 80 qəpik məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar