Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-60/2025 06.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlərin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 2.500 ABŞ dolları məbləğində pul vəsaitinin, maddi zərərin əvəzi qismində 16.831 manat 07 qəpik, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154 manat, cəmi 21.435 manat 07 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2008-ci il tarixdə notarial qaydada təsdiq olunmuş «borcun etirafı» müqaviləsinə əsasən X1, Cavabdeh2 və Cavabdeh1 həmin şəxslərə məxsus Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin bir hissəsini, yəni evin həyətinin baş tərəfində yerləşən bir otaqlı tikilini 2.500 ABŞ dolları məbləğinə almışdır. Həmin fərdi yaşayış evini aldıqdan hazırki tarixədək o, təmir-tikintiyə, yenidən quraşdırılmasına dair xeyli xərc çəkmişdir. Belə ki, fərdi yaşayış evini aldıqdan sonra o, əlavə yeni bir otaq, o cümlədən hamam, sanitar qovşağı da tikdirmiş, həmin evə qaz, su, enerji təhcizatının quraşdırılmasını təmin etmişdir. Hazırda çəkdiyi xərclərlə birlikdə mübahisələndirilən əmlakın real bazar qiyməti 16.831 manat 07 qəpik təşkil edir. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 onun evdən çıxmasını tələb edirlər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin vəkili Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 mübahisələndirilən əmlakın İddiaçı verilməsi zamanı ödənilmiş 2.500 ABŞ dolları və həmin evə çəkilmiş xərcin əvəzi qismində 3.217 manat məbləğində pul vəsaitinin onlardan alınaraq iddiaçıya ödənilməsinə etiraz etmirlər. Hazırda Cavabdeh1 və Cavabdeh2 iddianı 2.500 ABŞ dolları və 3.217 manat məbləğində pul tələbinə dair hissədə qəbul edirlər. Sonda cavabdehlərin vəkili Nümayəndə iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehlərin vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli «borcun etirafı» müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yaşayanlar X5, Cavabdeh2 və Cavabdeh1 öz aralarında «X2, Cavabdeh2 və Cavabdeh1 İddiaçı, bizə məxsus olan və ünvan 2 ünvanında yerləşən evimizin bir hissəsini yəni məhlənin baş tərəfində yerləşən bir otağı (saray) 2.500 ABŞ dollara satmışıq. Həmin pulu nəğd şəkildə almışıq» məzmununda müqavilə bağlamışlar. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 0412.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,95 kv/m olan bir mərtəbəli fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilməsi üçün tikinti işlərinə çəkilmiş xərcin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 16.831 manat 07 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, GST seriyalı ********** nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı daşınmaz əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-nin hesabına 200 manat məbləğində pul vəsaiti köçürmüşdür. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1495 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3.217 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/7348-9/7680 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3.217 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə ünvan 3 ünvanında yerləşən bir otaqlı tikilini almaq üçün 2.500 ABŞ dolları məbləğində pul vəsaitini X4, Cavabdeh2 və Cavabdeh1 vermiş, X5, Cavabdeh2 və Cavabdeh1 isə həmin əmlakı İddiaçı satmağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və X5 ilə İddiaçı arasında Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə bağlanarkən Cavabdeh1, Cavabdeh2 və X3 həmin əmlaka dair sərəncam vermə hüququ olmamış, hətta Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə miras qoyan X7 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 7075/2023 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə müayinə baxışının keçirilməsi İddiaçı qadağan edilmişdir. Buna görə də xx.xx.2008-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və X5 ilə İddiaçı arasında Gəncə şəhəri, M.Sübhi küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanarkən, Cavabdeh1, Cavabdeh2 və X3 həmin əmlaka dair sərəncam vermə hüququ olmadığından həmin əqd etibarsız əqd olmuşdur. İddiaçı həmin əmlaka dair 3.217 manat dəyərində ayrıla bilməyən yaxşılaşdırmalar aparmışdır. Bununla da cavabdehlər etibarsız əqd üzrə əmlakın alqı-satqı dəyəri qismində 2.500 ABŞ dolları və yaxşılaşdırmalar üzrə 3.217 manat məbləğində əsassız varlanmışlar. Qeyd olunan xüsusat tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə yanaşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7075/2023 nömrəli qətnaməsi, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1495 nömrəli və xx.xx.2025-ci il tarixli 10/7348-9/7680 nömrəli ekspert rəyləri ilə təsbit edilmişdir. İddiaçı birgə borclulardan Cavabdeh1 Cavabdeh1 və Cavabdeh2 qarşı 2.500 ABŞ dolları məbləğində pul vəsaitinin, maddi zərərin əvəzi qismində 16.831 manat 07 qəpik, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154 manat, cəmi 21.435 manat 07 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarsız əqd ilə əlaqədar 2.500 ABŞ dolları məbləğində və əmlakın yaxşılaşdırılması ilə əlaqədar 3.217 manat məbləğində pul vəsaiti sərf etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, iddia tələbini digər hissələrdə sübuta yetirməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi etibarsız əqd alınmış vəsaitin əvəzi qismində 2.500 ABŞ dolları və əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 3.217 manat məbləğində pul vəsaiti tələbinə dair hissədə əsaslı olsa da, qalan hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 etibarsız əqd üzrə alınmış vəsaitin əvəzi qismində 2.500 ABŞ dolları məbləğində ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 3.217 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, mütəxəssis rəyinin verilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 200 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 94 manat 67 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 etibarsız əqd üzrə alınmış vəsaitin əvəzi qismində 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində, əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 3.217 (üç min iki yüz on yeddi) manat, mütəxəssis rəyinin verilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 94 (doxsan dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(125)-60/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-60/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver