Məhkəmə qərarları › İş №e-2(125)-6020/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6020/2025

09.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6020/2025 09.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Qurban oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı 2022-2025-ci il tədris illərinə görə əməyin saat hesabı ödənilməsi qaydasında verilən əlavə dərs yükünün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində iddiaçıya 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında bağlanılan xidməti müqavilə - əmək müqaviləsinə əlavə olaraq tanınması, 2023-2024 və 2024-2025ci tədris illərində illik dərs yükünün 500 saatdan 550-600 saata qədər artırılmasına görə artıq saatların aylıq əmək haqqına mütənasib qaydada əlavələrin ödənilməsi və həmin əlavələr nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, xx.xx.2022 – xx.xx.2025 tədris illərində imtahanlara nəzarətçi qismində ödənişsiz əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə zidd olaraq məcburi əməyə cəlb edildiyinə görə iş vaxtından artıq vaxt ərzində görülən iş kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4, 50.2 və 50.4 maddələrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-ci tarixli 401 saylı əmrinin 1 nömrəli əlavəsinin «Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması» Qaydaları haqqında Əsasnamənin 1.1-ci bəndinə uyğun olaraq iddiaçıya bağlanılan müddətli əmək müqaviləsi xx.xx.2023-cü ildən etibarən 5 illik kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilərək ləğv edilməsi və buraxılan müddət üzrə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi, mediasiya, notariat xərcləri və nəqliyyat xərcləri üçün 100 manat məbləğində vurulmuş maddi ziyanın və mənəvi zərərin əvəzi qismində 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkədəmə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ərizəsini təqdim edərək cavabdehin sistemli şəkildə əmək qanunvericiliyin tələblərinin pozması nəticəsində qanunla nəzərdə tutulan əmək haqqmın vaxtında ödənilməyən hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən «gecikmiş əmək haqqı» kimi tanınması və bu məbləğlərə hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması təmin edilməsi, ödənişsiz görülmüş əlavə işlərə (imtahan nəzarəti) görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161.1-ci maddəsinə uyğun müəyyən edildikdən sonra, hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139 və 140-cı maddələrinin tələblərinə uyğun olaraq, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı işçiyə ödənilən bütün növ müntəzəm əməyin ödənilməsi sisteminə daxil olan əmək haqqının vaxtında ödənilməyən hissəsi nəzərə alınaraq məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh «Avtomatika və İnformasiya Texnologiyaları» kafedrasında baş müəllim vəzifəsində, müddətli əmək müqaviləsi əsasında 1 ştat üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 il müddətinə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı göstərilmişdir. Həmin siyahının nəzərə alınan ödənişlər hissəsində iş vaxtından artıq iş saatlarının ödənilməsi öz əksini tapmışdır. Bu səbəbdən də Universitetin mühasibatlığından məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı həmin məbləğin nəzərə alınmasını xahiş etmişdir. Lakin onu bunun qanunsuz olduğu və həmin məbləğin hesalanmayacağı bildirilmişdir. Bundan sonra universitetin İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə əmək qanunvericiliyini pozaraq müəllimlərin ştatdan əlavə saat hesabı dərs yükünü mülki-hüquqi müqavilə əsasında bağlanmasını təşkil etmişdir. 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində ona 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında xidməti müqavilə əsasında verilmişdir. Bu fəaliyyətin bütün hüquqi və əməli əsasları əmək münasibətləri çərçivəsində həyata keçirilmiş olsa da, müəssisə tərəfindən bu fəaliyyət üçün qanunvericiliyə zidd olaraq onunla mülki-hüquqi müqavilə bağlanmışdır. Qanuna zidd olaraq mülki-hüquqi əsaslarla bağlanmış müqavilə əsasında təhsil müəssisəsi saat hesabı əməyin ödənilməsini işin sonunda (yəni tədris semestri bitdikdə) birdəfəlik ödənişlə hər saatına 5 manat ödəməklə, cəmi 900 manat məbləğin ödənilməsini həyata keçirmişdir və məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı həmin məbləğ nəzərə alınmamışdır. Beləliklə, həm iş vaxtından artıq işin ödənilməsi, həm də əmək haqqının verilməsi qaydası pozulmuşdur. Bundan başqa 180 saat əlavə dərs yükü ona verilməzdən əvvəl, kafedra rəhbərliyi tədris yükünün bölgüsündə ixtisasına uyğun olaraq 1 ştat vahidindən əlavə ona 0,5 ştat vahidi dərs yükü planlaşdırmışdır. Lakin universitet rəhbərliyi kafedra müdirinə təziq göstərərək ona əlavə verilən 0,5 ştat vahidi dərs yükünü, saat hesabı dərs yükü ilə əvəz etmişdir. Bundan əlavə Universitet rəhbərliyi 2023-2024 və 2024-2025-ci tədris illərində saat hesabı ödənişlərin məbləğini süni şəkildə azaldıması məqsədi ilə professor-müəllim heyətinin bir ştat vahidi üzrə illik dərs yükünü 500 saatdan 550-600 saata qədər artırmışdır və həmin artıq saatlara görə vəzifə maaşına əlavə artım etməmişdir. Həmçinin müəllimlərin imtahanlara nəzarətçi qismində cəlb edilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsinin 2-ci bəndində professor-müəllim heyətinin tədris işinin həcmi və onun növləri sırasında nəzərdə tutulmayıb. Yəni professor-müəllim heyətinin 1 ştat vahidi üzrə müəyyən edilmiş 500 saatlıq dərs yükünə daxil deyildir. Yuxarıda qeyd edilmiş hüquq pozuntularını universitetin rəhbərliyinə bildirdiyinə görə ona əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 50-01-758/08 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba münasibət bildirərək əmək müqaviləsinin uzadılması üçün xx.xx.2025-ci il tarixdə müraciət ərizəsi vermişdir. Lakin müraciətinə müsbət cavab verilməyərək xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən bu qanunvericiliyə zidd olaraq, onunla ardıcıl 3 dəfə bir illik müddətli müqavilə bağlayaraq öz üstün mövqeyindən və qanunun vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edərək qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, o, işə müsabiqə yolu ilə qəbul olmuşdur. Müvafiq normativ hüquqi aktın tələblərinə zidd olaraq onuna 5 illik müqavilə əvəzinə müddətli müqavilə bağlanmışdır. Bundan əlavə, Universitet xx.xx.2025-ci il tarixdə «https://atu.edu.az/elan/155» elektron saytda onun ixtisasına uyğun fənnlər üzrə vakansiya elan etmişdir: - Analoq və rəqəmli elektronika - Avtomatlaşdırma texnikasının əsasları - Proqramlaşdırılan məntiqi kontrollerlər - Ölçmə texnikasının əsasları - Proseslərin analizi və identifikasiyası - Rəqəmli idarəetmə - Rəqəmsal elektronika - Rəqəmsal elektronika və mikroprosessorlar - Rəqəmsal sistemlər - Sxemotexnikanın əsasları - Siqnalların analoq və rəqəmli emalı. Elan edilən vakansiyalar üzrə müraciət üçün son tarix kimi xx.xx.2025-ci ili müəyyən edilmişdi. Onunla bağlanmış əmək müqaviləsinə xitam barədə yazılı bildiriş yalnız xx.xx.2025-ci ildə təqdim edilmişdir. Bu isə onunla əmək müqaviləsi qüvvədə olduğu zaman işəgötürənin kobud pozuntuya yol verdiyinə istinad edir. Buna görə də pozulmuş əmək hüquqlarının bərpaa olması üçün məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdehndə mikroprosessorla və proqlamlaşdırılan inteqram sxemləri, rəqəmsal elektronika və mikroprosessorlar, rəqəmsal sistemlər, proqramlaşdırılan məntiqi kontrollerlər, rəqəmli idarəetmə və proseslərin analizi və identifikasiyası fənnlərini tədris etmişdir. Belə ki, iddia tamamilə əsassızdır. İddiaçı ilə Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddətinin bitməsinə azı 1 həftə qalmış isə işəgötürən işçini yazılı xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa İddiaçı bundan öncə də ödənilməmiş və düzgün hesablanmamış məzuniyyət pulunun ödənilməsi üçün X11 Xidmətinə müraciət etmiş, oradan ona cəmi 165 manat məbləğində pul vəsaiti hesablanaraq ödənilmişdir. Həmçinin qeyd olunan əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə universitetin fəaliyyətinə uyğun olaraq imtahanlar, sessiyalar zamanı və s. müəllimlərin nəzarətçi kimi faəliyyəti iş vaxtından artıq iş kimi qiymətləndirilməmişdir. Hazırda İddiaçı tədris etdiyi dərs saatları X7 və X6 0,5 ştat vahidi ilə tədris edir. X4 əsas iş yeri Gəncə Dövlət Universiteti, X3 əsas iş yeri isə Azərbaycan Kənd Təsərüffatı Akademiyasıdır. Sonda cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********573 nömrəli əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə görə tərəflər arasında olan müqavilənin müddəti xx.xx.2025-ci il tarixədək yəni 03 il 01 gün müddətə bağlanmışdır. İddiaçı əmək funsiyaları tədris planlarına və fərdi plana uyğun olaraq mühazirə, seminar,labrator və praktik məşğələlər aparır, istehsalat təcrübəsinə, kurs və diplom işi layihələrinə rəhbərlik edir, tələbələrdən aralıq və buraxılış imtahanlarını qəbul edir, rəhbərliyin tapşırığı ilə ixtisası üzrə tələbələrin yazılı imtahan nəticələrini təkrar yoxlayır, elmi-tədqiqat işi aparır, elmi məqalələr və tezislər yazır, onların nüfuzlu beynəlxalq və respublika əhəmiyyətli elmi jurnallarda və universitetin elmi jurnallarında çap olunmasına nail olur, beynəlxalq və respublika səviyyəli elmi konfranslarda çıxış edir, unuversitetdə keçirilən elmi praktik konfransların təşkilində fəal iştirak edir, çıxışlar edir, tələbərin elmi tədqiqat işlərinə rəhbərlik edir və ya bu işlərə rəy verir, tələbələrin tərbiyəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirir, universitetin ictimai işlərində iştirak edir,imtahan sessiyalarının təşkili üçün universitet rəhbərliyi tərəfindən yaradılmış komissiyaların tərkibində ona həvalə edilmiş vəzifələri, universitet rəhbərliyinin və şifahi göstərişi əsasında verilmiş digər tədris-təlim, ictimai işlər üzrə zəruri tapşırıqların ödənişsiz əsaslarla vaxtlı-vaxtında və keyfiyyətlə icra etməkdən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı pensiya kapitalı Cavabdeh üzrə 2022-ci üzrə 566 manat 15 qəpik, 2023-cü il üzrə 2.054 manat 82 qəpik, 2024-cü il üzrə 2.202 manat 53 qəpik və 2025-ci il üzrə 1.263 manat 75 qəpik hesablanmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 412 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 583 nömrəli, xx.xx.2023-cü il tarixli, 231 nömrəli, xx.xx.2024-cü il tarixli, 219 nömrəli, xx.xx.2024-cü il tarixli, 549 nömrəli, xx.xx.2025-ci il tarixli, 217 nömrəli əmrdən çıxarışların surətlərindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı imtahanlara nəzarətçi qismində cəlb edilmişdir. İşdə olan «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı tərəfindən Azərbaycan Texnologiya Universitetinin rektoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsi ixtisasına uyğun olaraq növbəti dəfə uzadılmasını və 1 ştat vahidi ilə baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx-xx-1073/08 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə «Avtomatika və İnformasiya texnologiyaları» kafedrasında baş müəllim vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi bağlanmış və universitet rektorunun xx.xx.2022-ci il tarixli 349 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində bağlanmış əmək müqaviləsi hər dəfə bir il müddətinə uzadılmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində başa çatdığından həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İşə bərpa məsələsi ilə əlaqədar universitetə daxil olmuş eyni məzmunlu ərizə hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X1 də baxıldığını və nəticəsi barədə məlumat veriləcəyini nəzərə almağı xahiş olunur. İşdə olan Cavabdeh tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında xx.xx.2022-ci il tarixli, 451 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Kompüter mühəndisliyi və telekommunikasiya» kafedrasının baş müəllimi X10 xx.xx.2022-ci il tarixdən analıq məzuniyyətinə çıxdığına görə 2022/2023-cü tədris ilinin 1-ci semestrində ona ayrılmış aktiv dərs yükü saat hesabı qaydada ödənilməklə «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən 39 saat dərs yükü aparılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında xx.xx.2023-cü il tarixli, 155 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının müdiri dos. X8 xx.xx.2023-cü il tarixində vəfat etdiyi üçün 2022/2023-cü tədris ilinin yaz semestrində ona ayrılmış dərs yükünün qalan hissədi xx.xx.2023-cü il tarixdən «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən Mikroprosessorlu sistemlər-laboratoriya 20 saat dərs yükü aparılmalıdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında xx.xx.2024-cü il tarixli, 73 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasında saat hesabı qaydasında dərs deyən Gəncə Dövlət Universitetinin «İnformatika və cəbr» kafedrasının dosent əvəzi X4 əsas iş yerindən dərs saatlarının çoxluğu və universitetdəki dərslərinin toqquşmasını nəzərə alınaraq ona ayrılmış yük xx.xx.2024cü il tarixindən saat hesabı qaydada «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən aparılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş «dərslərin əvəz olunması vəsait hesabı qaydada dərs yükünün verilməsi» haqqında xx.xx.2024-cü il tarixli, 387 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdehndə 2024/2025-ci tədris ilində müxtəlif kafedralarda yaranan vakant dərs yükləri və sosial, həmçinin ödənişsiz məzuniyyətdə olan müəllimlərin dərs yükləri, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə «Avtomatika və informasiya texnologiyaları» kafedrasının əməkdaşı olan İddiaçı tərəfindən cəmi 180 saat dərs aparılmalıdır. İşdə olan Azərbaycan Respubliksı Əmək və X9 Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-M-100000/2025 nömrəli məktubun surətindən görünür ki, Cavabdehnin xx.xx.2025ci il tarixli, xx-xx-1072/07 nömrəli məktubuna və məktuba qoşma olaraq şöbyə təqdim edilən sənədlərə, eyni zamanda Nazirliyin «Əmək və məşğulluq» altsisteminə baxılması zamanı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixə qurtarması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə Nazirliyin «Əmək və məşğulluq» altsisteminin işçi ilə işəgötürən arasında rəsmi yazışmalar bölməsi vasitəsi ilə şəxsi kabinetə xx.xx.2025-ci il tarixdə bildiriş göndərildiyi və əmək müqaviləsinə universitetin xx.xx.2025-ci il tarixli, 412 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verdildiyi məlum olmuşdur.Eyni zamanda təqdim olunan sənədlərə baxılması zamanı mülki-hüquqi müqavilə əsasında universitetin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı 180 saat dərs saatlarına görə universitetin elmi şurasının xx.xx.2022-ci il tarixli, 549 nömrəli qərarı əsasında 1 saat üçün 5 manat olmaqla cəmi 900 manat məbləğ vəsaitinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığı,lakin sözügedən vəsait yenidən hesablanaraq işəgötürənin son haqq-hesabı olaraq qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər,sosial sığorta haqları və digər icbari ödəmələr tutulduqdan sonra 130 manat 81 qəpik məbləğində xx.xx.2025-ci il tarixdə əmək haqqının kart hesabına köçürüldüyü məlum olmuşur. İddiaçı düşən bütün ödənclər xx.xx.2025-ci il tarixədək ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmamışdır.Eyni zamanda universitetin xx.xx.2025-ci il tarixli, 4xx-xx-1126/07 nömrəli məktubunda nəzarətçi qismində imtahanlara cəlb edilmənin və saat hesabı dərs aparılmasının İddiaçıla bağlanmış əmək müqaviləsində göstərilən iş vaxtı müddətində həyata keçirildiyi bildirilmişdir.Həmçinin təqdim olunan iş vaxtının uçot cədvəllərində iş vaxtından artıq işlərə cəlb olunmadığı və nəzarətçi qismində imtahlara cəlb edilmənin əmək müqaviləsində göstərilən əmək funksiyasına uyğun olduğu öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Cavabdehnin «Avtomatika, telekommunikasiya və informatika» fakültəsinin dekanı tərəfindən həmin universitetin rektoruna ünvanlanmış təqdimatın surətindən görünür ki, İddiaçı pedaqoji fəaliyyət üçün yararsız hesab olunduğu, onun universitetdə müəllim vəzifəsində çalışması və onunla 2025/2026 tədris ilində yenidən əmək müqaviləsinin bağlanması məqsədə uyğun deyildir. İşdə olan Cavabdehnin «Avtomatika və informasiya texnologiyaları» kafedrasının açıq dərsinin 08 saylı iclasının protokolundan görünür ki, «Avtomatika və informasiya texnologiyaları» kafedrasının baş müəllimi İddiaçı xx.xx.2024-cü il tarixində 4222a qrupunda «rəqəmsal elektronika və mikroprosessorlar» fənni üzrə «ardıcıl məntiqi sxemlər» mövzusunda dinlənilmiş açıq dərsi qeyri-qənaətbəxş qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 549 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdehndə pedaqoji işçilərə saat hesabı ödənişin məbləği elmi dərəcəsi, elmi adı olmayan müəllimlərə 5 manat, dosent və ya fəlsəfə doktoru üçün 7 manat, professor və ya elmlər doktoru üçün 10 manat təsdiq olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 196 nömrəli əmrdən çıxarışdan görünür ki, «Avtomatika və idarəetmə» kafedrasının adı dəyişdirilərək «Avtomatika və informasiya texnologiyaları» kafedrası adlandırılmışdır. Kafedra müdiri, professor-müəllim və tədris-köməkçi heyəti olduğu tərkibdə fəailyyətini «Avtomatika və informasiya texnologiyaları» kafedrasında davam etdirməlidirlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə uyğun olaraq, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh «Avtomatika, Telekommunikasiya və İnformatika (ATİ)» fakültəsinin «Avtomatika və informasiya texnologiyaları» kafedrasına «baş müəllim» vəzifəsinə qəbul edilmişdir. Həmin həmin əmək müqaviləsinin müddəti sonradan xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə hər dəfə 1 il müddətə olmaqla xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli 412 nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə, xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh nümayəndəsi iddianı qəbul etməmiş, öz etirazının əsası kimi tərəflər arasında əmək münasibətləri müddətinin razılaşdırıldığını və iddiaçının iddia etdiyi dərs saatlarının artıq bölüşdürüldüyünü, bununla yanaşı əmək haqqı ödənişlərinin qanunla nəzərdə tutulmuş qaydada ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə əmək müqaviləsi a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəsissəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli Qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi işəgötürənlə müqayisədə işçi iqtisadi cəhətdən zəif tərəfdir. Qeyd olunan səbəbdən tərəflər arasında əmək müqaviləsi bağlanarkən, müqavilə şərtlərini redaktə etmək, qanunun tələbinə əməl olunmasını ilk mərhələdə tələb etmək işəgötürənin əmək münasibətlərinə daxil olmasından imtina ilə nəticələnə biləcəyindən işçi işəgötürənə qarşı qeyd olunan tələbdən çəkinir. Hazırki halda isə İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş şərtlərə əməl etməmiş və İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti 5 il müddət olmalı olduğu halda həmin əmək müqaviləsini 1 il müddətə bağlamışdır. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor – müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin tələbi baxımından yalnız «Ali təhsil müəsissəsi və ya kafedralar yeni təşkil edildikdə ........ ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.» Hazırki halda işəgötürən ali təhsil müəssisəsi və işçinin fəaliyyət göstərdiyi kafedra tərəflər arasında hüquq münasibətinin yaranmasından uzun müddət əvvəl fəaliyyətə başlamış, hətta Cavabdeh xx.xx.2017-ci il tarixli 196 nömrəli əmrilə həmin Universitetin «Avtomatika və idarəetmə kafedrası»nın adı dəyişdirilərək «Avtomatika və İnformasiya Texnologiyaları» kafedrası adlandırılmışdır. Bununla yanaşı, İddiaçıla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti hər dəfə 1 il müddətə olmaqla, 2 dəfə uzadılmışdır. Digər tərəfdən Cavabdeh xx.xx.2025-ci il tarixli 412 nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə, xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı tədris etdiyi dərs saatları əsas iş yeri Gəncə Dövlət Universiteti olan X7 və əsas iş yeri Azərbaycan X2 X6 arasında 0,5 ştat vahidi üzrə bölünmüşdür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbi barədə iddiası əmək müqaviləsinin 5 il müddətə bağlanmış hesab edilməsi və işə bərpa tələbinə dair hissədə əsaslıdır, buna görə də iddia həmin hissədə təmin olunmalıdır. Lakin İddiaçı iddia tələbini 2022-2025-ci il tədris illərinə görə əməyin saat hesabı ödənilməsi qaydasında verilən əlavə dərs yükünün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, 2024-2025-ci tədris ilinin 1-ci yarım illiyində iddiaçıya 1 ştatdan əlavə 180 saat dərs yükü əməyin saat hesabı ödənilməsi qaydasında bağlanılan xidməti müqavilə - əmək müqaviləsinə əlavə olaraq tanınması, 2023-2024 və 2024-2025ci tədris illərində illik dərs yükünün 500 saatdan 550-600 saata qədər artırılmasına görə artıq saatların aylıq əmək haqqına mütənasib qaydada əlavələrin ödənilməsi və həmin əlavələr nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, xx.xx.2022 – xx.xx.2025 tədris illərində imtahanlara nəzarətçi qismində ödənişsiz əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə zidd olaraq məcburi əməyə cəlb edildiyinə görə iş vaxtından artıq vaxt ərzində görülən iş kimi tanınması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydalar üzrə ödənişlərin və həmin ödənişlər nəzərə alınmaqla məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, notariat xərcləri və nəqliyyat xərcləri üçün 100 manat məbləğində vurulmuş maddi ziyanın və mənəvi zərərin əvəzi qismində 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin sistemli şəkildə əmək qanunvericiliyin tələblərinin pozması nəticəsində qanunla nəzərdə tutulan əmək haqqmın vaxtında ödənilməyən hissəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən «gecikmiş əmək haqqı» kimi tanınması və bu məbləğlərə hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması təmin edilməsi, ödənişsiz görülmüş əlavə işlərə (imtahan nəzarəti) görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161.1-ci maddəsinə uyğun müəyyən edildikdən sonra, hər gecikmiş gün üçün azı 1% məbləğində ödənc hesablanaraq ödənilmə öhdəliyi cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139 və 140-cı maddələrinin tələblərinə uyğun olaraq, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı işçiyə ödənilən bütün növ müntəzəm əməyin ödənilməsi sisteminə daxil olan əmək haqqının vaxtında ödənilməyən hissəsi nəzərə alınaraq məzuniyyət haqqının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə iddianı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli 412 nömrəli əmri ləğv edilməli, İddiaçı və «»Azərbaycan Texnologiya Universiteti» publik hüquqi şəxsi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi həmin tarixdən 5 (beş) il müddətinə bağlanmış hesab edilməli, İddiaçı Cavabdeh «Avtomatika, Telekommunikasiya və İnformatika (ATİ)» fakültəsinin «Avtomatika və informasiya texnologiyaları» kafedrasına «baş müəllim» vəzifəsinə bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ştat cədvəlinə uyğun tam ödənilməli, Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İddiaçı xeyrinə tutulmalı, İddiaçı iddiası qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 412 nömrəli əmri ləğv edilsin. İddiaçı və «»Azərbaycan Texnologiya Universiteti» publik hüquqi şəxsi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi həmin tarixdən 5 (beş) il müddətinə bağlanmış hesab edilsin. İddiaçı Cavabdeh «Avtomatika, Telekommunikasiya və İnformatika (ATİ)» fakültəsinin «Avtomatika və informasiya texnologiyaları» kafedrasına «baş müəllim» vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ştat cədvəlinə uyğun tam ödənilsin. Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar