Məhkəmə qərarları › İş №e-2(125)-6228/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6228/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6228/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 291,81 manat məbləğində bоrcun və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmışAZ47AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 3.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək sazişin 3.9-cu və 3.11-ci bəndlərini pоzmuşdur. Belə ki, Cavabdeh cari hesabına xx.xx.2023-cü il tarixdə card to card vasitəsi ("xxxx" ASC-yə məxsus kartla) ardıcıl olaraq iki dəfə cəmi 600 manat (300 manat + 300 manat) məbləğində vəsait mədaxil edilmişdir. Kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək borclu tərəfindən müxtəlif əməliyyatlar aparılmışdır. Sonradan, xx.xx.2023-cü il tarixdə hesaba köçürülmüş 300 manat pul vəsaiti “Kapitalbank ASC” tərəfindən xx.xx.2023-cü il tarixdə göndərənin hesabına geri çəkilmişdir. Ona görə də, həmin an borclunun kartında geri çəkilən məbləğ civarında pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və hal-hazırda 291,81 manat məbləğində overdraft yaranmışdır. Odur ki, qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişinin 7.4.1-ci və 7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini müştəri öz öhdəsinə götürür. Həmin müqavilənin 7.1.7-ci bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Müştəri tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 08 sentyabr 2023-cü il tarixinə borclunun qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 291,81 manat məbləğində əsas bоrcu yaranmışdır.Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, 262645/20210906 nömrəli qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişdən bank müştərinin müraciəti əsasında qeyri-kredit bank xidmətləri göstərən, müştəri isə baş saziş və onun çərçivəsində bağlanan əlavələr ilə müəyyən olunan şərtlərlə və qaydada qeyri-kredit bank xidmətlərindən istifadə edərək həmin xidmətlərin dəyərini Bankın haqqı üzrə internet səhifəsində və ya İnternet Bankçılıq platformasında yerləşdirilir. Müştəri müvafiq əməliyyatları icra etmədikdə, həmin tariflərlə razı olduğununu və xidmət haqlarının onun bankda olan hesablarından mübahisəsiz qaydada tutulmasına razılığını bildirir. Bu müqavilənin 3.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraf yaranmış hesaba vəsait mədaxil edildikdə yaranmış overdraft məbləği bank tərəfindən müştərinin hesabından akseptsiz qaydada silinir. 06 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh AZ47AZEN******************** saylı plastik kart təqdim olunmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 22 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC-də olan cari kart hesabında 293,81 manat mənfi qalıq (overdraft) yaranmışdır və dərhal cari hesab üzrə istifadə edilən bu məbləğ geri qaytarılmalıdır. Bu bildirişin məhkəməyə müraciət olunması üçün görülən son tədbir olduğu T.Q.Quliyevaya bildirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə hesabına köçürülmüş 300 manat pul vəsaiti “Kapitalbank ASC” tərəfindən xx.xx.2023-cü il tarixdə göndərənin hesabına geri çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, bank tərəfindən cavabdehin hesabına səhvən köçürülmüş pulun cavabdehə verilməsi üçün heç bir qanuni əsas və ya müqavilə əsası olmamışdır. Odur ki, əsassız varlanma qaydalarına uyğun olaraq qalıq vəsaitdən artıq xərclədiyi 291,81 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 291,81 (iki yüz doxsan bir manat səksən bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar