Məhkəmə qərarları › İş №e-2(125)-6256/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6256/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6256/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və iddiaçı ASC-yə olan 192,42 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında 10 dekabr 2021-ci il tarixli, “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair ******************** nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən tərəflər arasında münasibətlər bu xidmət müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart şərtləri” ilə tənzimlənir. Müştəri bu Xidmət Müqaviləsini, Bankın cari tariflərini, “Standart Şərtləri” oxuduğunu, başa düşdüyünü və bütün bəndlər ilə razı olduğunu təsdiq etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 10 dekabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı ASC ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, cavabdeh isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən iddiaçı ASC tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixində RRN **********58 nömrəli əməliyyat uğursuz olsa da, xx.xx.2024-cü il tarixində texniki xəta səbəbindən balansda əks olunmuş və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq iddiaçı ASC-yə 192,42 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan cavabdeh iddiaçı ASC-nin hesabına 192,42 manat məbləğində əsassız varlanmışdır. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, Bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 05 iyun 2024cü il tarixli, 6-3/xx/xx-5135 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrin surəti işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən tərəflər arasında münasibətlər bu xidmət müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavilələrinin Standart şərtləri” ilə tənzimlənir. Müştəri bu Xidmət Müqaviləsini, Bankın cari tariflərini, “Standart Şərtləri” oxuduğunu, başa düşdüyünü və bütün bəndlər ilə razı olduğunu təsdiq etmişdir. Sözügedən müqavilənin 2.7-ci bəndinə əsasən, Müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Həmin standart şərtlərin 3.1.8-ci bəndinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək, vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək müştərinin vəzifəsidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli elektron arayışdan və hesabdan çıxarışdan görünür ki, cavabdehə məxsus debet kart hesabı üzrə xx.xx.2024cü il tarixində RRN **********58 nömrəli əməliyyat uğursuz olsa da, xx.xx.2024-cü il tarixində texniki xəta səbəbindən balansda əks olunmuş və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq banka dəymiş ziyan 192,42 manat təşkil edir. Cavabdehin ünvanına bank tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək ona sözügedən müqaviləsi üzrə Banka borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 iş günü ərzində bütövlükdə geri ödənilməsi təklif olunaraq, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri üzrə ümumi dövriyyə zamanı ümumilikdə 192,42 manat pul vəsaiti kartdan çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını tərəflər arasındakı 10 dekabr 2021-ci il tarixli, “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair ******************** nömrəli müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 192,42 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst iradəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, iddiaçının hesabına əldə etdiyi 192,42 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən 192,42 manat məbləğində pul vəsaitinin köçürüldüyünü təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, həmin məbləğin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 192,42 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar