Məhkəmə qərarları › İş №e-2(125)-6467/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6467/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6467/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Açıq Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı ASC Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 915 manat 73 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BRML0815746B103 nömrəli “Birkart Miles” kredit müqaviləsinin 2-ci və 3-cü bəndlərindən görünür ki, Bu müqaviləyə görə bank müştəriyə «Birkart Miles» ödəniş kartı (bundan sonra - «Birkart Miles» və ya «Kart») verir. Müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. Bank kartdan istifadə edilməsi və ödənişlərin edilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında saylı cari hesab (bundan sonra - hesab və ya Birkart miles hesabı), habelə kredit xəttindən istifadə edildikdə isə kreditin uçotunun aparılması üçün kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank müştəriyə onun elektron kabinetində yerləşdirməklə və/və ya bu müqavilənin 11.5-ci bəndində müəyyən edilmiş üsul və vasitələrlə hesabın rekvizitləriııi (nömrəsi, kodu və s.) təqdim edə bilər. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə bankın və ya müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən. kart, habelə bank tərəfindən müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları müştəri tərəfindən bu müqavilənin 3.1 -ci bəndində nəzərdə tutulan və ya müştərinin artıq bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Hesaba yanlış daxilolma olduqda müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil oldqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Hesabda limitdən artıq borc-overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündər, ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 206 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, Cavabdeh ********* hesab nömrəli plastik kartı İddiaçı ASC-dən təhvil almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus plastik kartdan xx.xx.2024-cü il tarixdə 915 manat 73 qəpik məbləğində pul vəsaiti məxaric olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh bildirilmişdir ki, onun istifadəsində olan İddiaçı ASC-yə məxsus olan **********0275070103 nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından 915 manat 73 qəpik məbləğində texniki overdraft borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur. Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı Cavabdeh bildirilmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh istifadəsində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid plastik karta texniki yalnışlıq nəticəsində 915 manat 73 qəpik məbləğində pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti Cavabdeh tərəfindən istifadə edilmişdir. Lakin Cavabdeh qeyd olunan pul vəsaitini İddiaçı ASC-yə qaytarmalı olmasına baxmayaraq, onu İddiaçı ASC-yə qaytarmamışdır. Bununla da Cavabdeh İddiaçı ASC-nin hesabına hüquqi əsas olmadan 915 manat 73 qəpik məbləğində pul vəsaiti əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki işin müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 915 manat 73 qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 915 (doqquz yüz on beş) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 945 (doqquz yüz qırx beş) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar