Məhkəmə qərarları › İş №e-2(125)-6491/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6491/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6491/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 364,95 manat penya borcu olmaqla, 760,29 manat əsas borc, ümumilikdə 1125,24 manatın tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında (X3) Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, bina 8, ev 296, mərtəbə 12, 2 saylı mənzil üzrə 13/02/MİDA22 nömrəli, 09 fevral 2022-ci il tarixli “Güzəştli mənzilin alqısatqısı və ipoteka müqaviləsi” bağlanmışdır. Elə həmin tarixdə mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə imzalanmış aktın 4-cü hissəsinin qeydində Cavabdeh“ Çoxmənzilli binaların idarəedilməsi” haqqında müqavilənin və “Yaşayış qaydalarına dair” Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış 09 fevral 2022-ci il tarixli “Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun olaraq müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Həmçinin, cavabdeh-alıcı Cavabdeh ilə bağlanmış “Güzəştli mənzilin alqısatqısı və ipoteka müqaviləsi”nin 2.4.9-cu maddəsində də lazım olan ödənişlərin (əmlak vergisi, kommunal və digər məcburi ödənişləri) vaxtında ödənilməsi, habelə mülkiyyət hüquqlarından yaranan digər öhdəliklərin lazımi qaydada icra edilməsi mənzilin mülkiyyətçisinin vəzifələrindən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X1 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasının 9.2-ci yarımbəndinə və “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq göstərilən (binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə) xidmətlərə görə ödənilməli olan haqqın məbləği yaşayış sahəsinin hər kvadratmetr sahəsi üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olanGəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, bina 8, ev 296, mərtəbə 12, 2 saylı mənzil ümumi sahəsi 76,79 kvadratmetr təşkil etdiyindən onun tərəfindən hər ay 23.04 manat ödəniş olunmalıdır. Buna baxmayaraq, müqavilə bağlanıldığı vaxtdan bugünədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən hər ay ödənilməli olan ödənişlər həyata keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 760.29 manat xidmət haqqı borcu, 990 gün üçün 364.95 manat penya borcu, ümumilikdə isə 1125.24 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 iştirak etmiş və bildirmişdir ki, iddia edilən əsas borc məbləği ilə razıdır. Bununla belə cərimə borcunun 100 manatadək azaldılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC, X7 ASC və Cavabdeh arasında 09 fevral 2022-ci il tarixdə bağlanmış “Güzəştli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi”ndən müəyyən edilir ki, həmin müqavilə (X3) Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 8 saylı evin 12-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin Cavabdeh satılması barədə bağlanmışdır. İşdə olan, xx.xx.2022-ci il tarixli «mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi» barədə aktdan görünür ki, «Daşınmaz əmlakın alqı-satqı»/«güzəştli mənzilin alqı-satqı və ipoteka» müqaviləsinin icra olunması üçün Azərbaycan bayrağı küçəsi, 8 saylı evin 2 saylı mənzili Cavabdeh təhvil-təslim edilmişdir. İş materiallarında olan, Cavabdeh ilə İddiaçı arasında bağlanmış çoxmənzilli binaların idarəedilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə xidmət haqqı hər kvadratmetr üçün 0,30 qəpik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh məxsus olan mənzilin daxili sahəsi 76.79 kvadratmetrdir, xx.xx.2025-ci il tarixə həmin mənzilin gecikdirilmiş xidmət haqqı 760.29 manat, penya borcu isə 364,95 manat məbləğini təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin birinci qeydində Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və Yaşayış qaydalarına dair Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. «Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə»nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (İddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğde İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Belə ki, o, müqavilə bağlandığı andan hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmişdir. Nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 691.17 manat borcu yaranmışdır. Odur ki, yaranmış borcun ləngimədən ödənilməsi ondan xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclunun vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10 və 6.0.11-ci maddələrinə görə mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Məcəllənin 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 45.5-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 109.1-ci maddəsinə görə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Həmin Məcəllənin 110.4-cü maddəsinə görə mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Beləliklə, mülki iş materialları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, 8 saylı binanın 2 saylı mənzilin sahəsi 76,79 kvadrat metrdir və tərəflər arasında bağlanmış 09 fevral 2022-ci il tarixli «Çoxmənzilli binaların idarəedilməsi haqqında» müqavilə üzrə xidmət haqqının hər kvadrat metri üçün 0,30 manat məbləğində razılaşdırılmışdır. Lakin, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməmiş və onun xx.xx.2025-ci il tarixə gecikdirilmiş xidmət haqqı qismində 760,29 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 364 manat 95 qəpik təşkil edən cərimə məbləğinin həmin məbləğin 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş xidmət haqqı kimi 760,29 manat, cərimə qismində 100 manat, cəmi 860.29 (səkkiz yüz altmış) manat 29 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsmu ödənilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməli və ondan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 09 fevral 2022-ci il tarixli «Çoxmənzilli binaların idarə edilməsi haqqında» müqaviləyə əsasən, Cavabdeh məxsus olan mənzil üçün xx.xx.2025-ci il tarixə ödənilməmiş xidmət haqqı kimi 760,29 manat məbləğində pul və 100 manat cərimə borcu olmaqla, cəmi 860.29 (səkkiz yüz altmış) manat 29 qəpik məbləğində pul Cavabdeh alınıb, İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar