Məhkəmə qərarları › İş №e-2(125)-67/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-67/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-67/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/055/AİF saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalana 300 ay müddətinə illik 7 % dərəcəsiylə 34000 manat kredit vermis, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus ünvan 1 ünvanında, 12A saylı 9 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 67,8 kv. m. olan 45 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestri xidmətində xx.xx.2019-cu ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Kredit müqaviləsində irəli gələn tələblər xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna, xx.xx.2020-ci il tarixdə Fond tərəfindən İddiaçı ASC-yə (bundan sonra – iddiaçı və ya Bank) ötürmüşdür. Bu barədə daşınmaz əmlakın dövlət reyestri xidmətində müvafiq qeyd aparılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 03/055/AİF saylı krediti müqaviləsi üzrə kreditə görə 31459,16 manat, faizə görə 1204,66 manat, cəmi 32663,82 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 199,32 manat məbləğində, cəmi 229,32 manat pulun tutulması; tələbin mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 2 ünvanında, 12A saylı 9 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 67,8 kv.m. olan 45 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, 03/055/AİF saylı kredit müqaviləsi üzrə cəmi 32663,82 manat və dövlət rüsumu kimi ödənilmiş, cəmi 229,32 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 2 ünvanında, 12A saylı 9 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 67,8 kv.m. olan 45 saylı mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh tərəfindən boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, 03/055/AİF saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh ümumi qaydada tutulması; Bank tərəfindən ekspertiza üçün ödənilmiş 500 manat xidmət xaqqını məhkəmə xərcləri kimi cavabdeh tərəfdən tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 45 saylı mənzilin hazırki bazar qiyməti 60000 manat, likvid dəyəri isə 52000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4968 saylı rəyə əsasən, Cavabdeh 18 dekabr 2023-cü il tarixə (iddia ərizəsi üzrə tarixə) İddiaçı ASC-yə olan əsas borcu 31459,16 manat, faiz borcu 3508,05 manat, cəmi 34.967.21 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə üzrlü səbəbdən iştirak edə biləməyəcəyi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək krediti verməsinə baxmayaraq, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyi öhdəsinə götürsə də, hazırda tələb edilən 31459.16 manat əsas borcdan daha artıq ödəniş etməsini, daha az borcunun qalmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir, buna görə tələb olunan əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspert tərəfindən həmin müqavilə üzrə 3508.05 manat faiz borcu hesablansa da, iddiaçının tələbi həcmində 1204.66 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, Azərbaycan Respublikası MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, müstəqil qiymətləndiricinin verdiyi rəyə əsasən, ipoteka predmeti olan ünvan 3, 45 saylı mənzilin ilkin satış qiyməti 52000 manat müəyyən edilməklə, həmin mənzil açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadında əks olunmuş hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bununla yanaşı, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-67/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata, ipoteka predmetinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay ərzində cavabdeh tərəfindən boşaldılmasına dair hissədə xitam verilmişdir. Bundan başqa, iddiaçı həmçinin, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən ümumi qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində borcun tutulmalı olması və tutmanın ipoteka predmetinə yönəldilməli olması müəyyən olunmuşdur. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borcun tutulması üçün icra icraatı çərçivəsində tədbirlər görülməsi qanunvericilikdən irəli gəlir. Buna görə həmin hissədə tələb hazırkı icraat çərçivəsində təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, cavabdehdən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 199,32 manat, qiymətləndirmə üzrə ekspertiza xərci olan 500 manat pul iddiaçının xeyrinə tutulmalı, mühasibatlıq üzrə ekspertiza xərci olan 100 manat pul dövlət büdcəsinə ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 31459,16 manat əsas borc, 1204,66 manat faiz borcu olmaqla, cəmi borcu 32663 (otuz iki min altı yüz altmış üç) manat 82 (səksən iki) qəpik borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 199 (yüz doxsan doqquz) manat 32 (otuz iki) qəpik pul və qiymətləndirmə üzrə ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 45 nömrəli mənzilə yönəldilsin. ünvan 4 ünvanında yerləşən 45 nömrəli mənzilin ilkin satış qiyməti 52000 (əlli iki min) manat müəyyən edilməklə açıq hərracda satılsın və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mühasibatlıq üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar