Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6910/2025 06.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X6, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 406,09 manat penya borcu olmaqla, 773,49 manat əsas borc, ümumilikdə 1179,58 (min yüz yetmiş doqquz manat, əlli səkkiz qəpik) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair X7”-nin Tədbirlər Planı bölməsinin 2.2.1-ci yarımbəndinə uyğun olaraq dövlət sifarişi əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla Azərbaycan Respublikasının Mənzil X2 müraciət etmiş və X3 3 dekabr 2021-ci il tarixli 16 nömrəli Qərarı ilə X4ki Rəfiqə Əliyeva və Azərbaycan bayrağı küçəsində yerləşən ünvan üzrə Nazirliyə təklif ediləcək 80 mənzilin siyahısı təsdiq edilmişdir. Elə həmin qərara əsasən X4 yerləşən Gəncə şəhəri, Kəpəz rayonu, Rəfiqə Əliyeva küçəsi, bina 14, giriş 117, mərtəbə 3, 4 saylı mənzil üzrə İddiaçı MMC ilə AR ƏƏSMN arasında 28 yanvar 2022ci il tarixdə ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. AR ƏƏSMN tərəfindən qeyd edilən mənzil Cavabdeh sahibliyi və istifadəsinə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 28 yanvar 2022-ci il tarixdə “Çoxmənzilli binaların idarə edilməsi haqqında müqavilə”si bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun olaraq müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X1 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasının 9.2-ci yarımbəndinə və AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq göstərilən (binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə) xidmətlərə görə ödənilməli olan haqqın məbləği yaşayış sahəsinin hər kvadratmetr sahəsi üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin sahibliyi və istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, Rəfiqə Əliyeva küçəsi, bina 14, giriş 117, mərtəbə 3, 4 saylı mənzilin ümumi sahəsi 75.83 kvadratmetr təşkil etdiyindən onun tərəfindən hər ay 22,75 manat ödəniş olunmalıdır. Buna baxmayaraq, müqavilə bağlandığı vaxtdan bu günədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən hər ay ödənilməli olan ödənişlər həyata keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 773,49 manat xidmət haqqı borcu, gecikdirilmiş 1020 gün üçün 406,09 manat penya üzrə borcu, ümumilikdə isə 1179,58 manat borcu yaranmışdır. Ona pretenziya qaydasında xəbərdarlıq ünvanlanmış və borcunun 10 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin 3.1.19-cu yarımbəndi və 6.4cü bəndinə əsasən yaranmış (penya) borcun tutulmasının məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 14/117/3/4 nömrəli «Çoxmənzilli Binaların idarə edilməsi haqqında» müqaviləsinin 2.1-ci bəndinə əsasən idarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı hər kvadratmetr üçün 0,30 manat təşkil edir. Maliyyə arayışın surətindən görünür ki, İddiaçı X5 6,28 ha ərazisindəki Rəfiqə Əliyeva küçəsi, ev 14, giriş 117, mərtəbə 3, mənzil 4 ünvanında yaşayan sakin Cavabdeh məxsus mənzilin “Çıxarış” üzrə daxil sahəsi 75,83 m2 olduğundan, mənzilin aylıq kommunal xidmət haqqı 22,75 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş xidmət haqqı borcu üzrə 773,49 manat, 1020 gün üçün penya üzrə borc 406,09 manat, ümumilikdə borc 1179,58 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 28 iyul 2025-ci il tarixli, 1168/2-505/2025 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin birinci qeydində Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və Yaşayış qaydalarına dair Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. "Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə"nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (İddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Belə ki, o, müqavilə bağlandığı andan hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmişdir. Nə nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 682,49 manat borcu yaranmışdır. Odur ki, yaranmış borcun ləngimədən ödənilməsi ondan xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclunun vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0.10 və 6.0.11-ci maddələrinə görə mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 109.1-ci maddəsinə görə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 110.4-cü maddəsinə görə mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Beləliklə, mülki iş materialları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Rəfiqə Əliyeva küçəsi, bina 14, giriş 117, mərtəbə 3, 4 saylı mənzilin sahəsi 75,83 kvadrat metrdir və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 14/117/3/4 nömrəli «Çoxmənzilli binaların idarəedilməsi haqqında» müqavilə üzrə xidmət haqqının hər kvadrat metri üçün 0,30 manat məbləğində razılaşdırılmışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməmiş və onun xx.xx.2025-ci il tarixə gecikdirilmiş xidmət haqqının əvəzi qismində 773,49 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 406,09 manat təşkil edən cərimə məbləğinin 40 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, müqavilə üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş xidmət haqqının əvəzi qismində 773,49 manat, cərimə qismində 40 manat olmaqla, ümumilikdə 813,49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli, 14/117/3/4 nömrəli «Çoxmənzilli binaların idarə edilməsi haqqında» müqavilə üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş xidmət haqqının əvəzi qismində 773,49 (yeddi yüz yetmiş üç manat qırx doqquz qəpik) manat və cərimə qismində 40 (qırx) manat olmaqla, cəmi 813,49 (səkkiz yüz on üç manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6910/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6910/2025
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver