Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7396/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********), xx.xx.2023-cü il tarixli, MBE000253 nömrəli müqaviləyə əsasən 1478 manat əsas borc, 410 manat hüquqi xidmət üçün ödənilmiş vəsait, 60 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum və 40 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 1988 manat pul vəsaitinin Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında əşyanın nisyə alğı-satqısı barədə xx.xx.2023-cü il tarixdə bir ədəd paltaryuyanın nisyə alğı-satqısı barədə MBE000253 nömrəli müqavilə və ona 1 nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə və ona əlavəyə əsasən satıcı İddiaçı 1764 manat dəyərindəki əşyanı alıcıya nisyə satmağı, alıcı Cavabdeh isə həmin əşyanın dəyərini müqavilənin tərkib hissəsi olan Əlavə-1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin nisyə alğı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1764 manat dəyərindəki əşyanı əldə etməli, əşyanın dəyərini isə 100 manat ilkin ödəniş edərək 18 ay müddətində hər ay 93 manat (sonuncu ay 83 olmaqla) olmaqla hissə-hissə satıcıya ödəməlidir. Təhvil-təslim aktı əsasında əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh aldığı paltaryuyan maşını avadanlığının pulunun cəmi 2 (iki) ay, yəni 186 manat ödənişini etdikdən sonra qalan 1478 manat pulu ödəməmişdir. Bununla bağlı qarşı tərəflə dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin iddiaçıya ödənilməsi üçün ona mütəmadi telefon zəngləri olunsa da, pretenziya məktublarları göndərilsə də, məsələ öz həllini tapmamışdır, yəni cavabdeh borcunu ödəməmişdir. Yaranmış borc öhdəliyin icrası ilə bağlı mübahisənin məhkəməyəqədər tənzimlənməsi üsulu kimi iddiaçı cavabdehi mediasiya prosesinə (danışıqlara) dəvət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Başlanılmış mediasiya prosesi üçün iddiaçı tərəfindən 60 (altmış) manat rüsum ödəmişdir. Eyni zamanda qeyd edilən məsələlərlə bağlı hüquqi yardım alınması üçün iddiaçı vəkilə müraciət etmiş və hüquqi yardım üçün 410 manat ödəniş edilmişdir. İşə məhkəmədə baxılması üçün isə 40 manat məhkəmə rüsumu ödənilmişdir. Həmçinin cavabdehin iddiaçıya, müqavilə üzrə öhdəliklərindən yayındığı üçün 1478 manat əsas borcla yanaşı 665 manat gecikdirilmiş ödənişə görə dəbbə pulu borcu da yaranmışdır. Lakin iddiaçının niyyəti əsassız varlanma deyil, sadəcə müqavilə üzrə pozulmuş hüququnun bərpa edilməsi olduğundan, cavabdehə qarşı gecikdirilmiş ödənişə görə qeyd edilən 665 manat dəbbə pulu tələbi irəli sürülmür. Məhkəmə hazırkı işi araşdırarkən iddiaçının qeyd edilən ədalətli mövqeyini və artırılmamış olan iddia tələbinin nəzərə alınması xahiş olunur. Beləliklə, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı ümumi tələbi 1988 manat təşkil etməkdədir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdehin bağladığı nisyə alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı alıcıya siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavə 1-də göstərilən malı satır və alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Eyni zamanda, həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri mediasiya xərcindən, hüquqi yardıma görə ödənilmiş vəkil xərcindən və dövlət rüsumundan ibarətdir. Məhkəmə, mediasiya xərci ilə bağlı hissədə qeyd edir ki, qanunvericilikdə hazırki mülki iş üzrə mediasiya prosesindən keçmə barədə hər hansı imperativ norma müəyyən edilməmişdir. Ona görə də, hazırki halda iddiaçının mediasiya prosesindən keçməsi ilə əlaqədar cavabdehdən onun xeyrinə mediasiya xərcinin əvəzi tutulmamalıdır. Məhkəmə hüquqi yardıma görə ödənilmiş vəkil xərcini araşdıraraq, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu, o cümlədən hazırki iddia ərizəsinin kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında verildiyini nəzərə alaraq cəmi 200 manat məbləğində vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan hesab edir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 36,78 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,78 (otuz altı manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-7396/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7396/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver