Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-791/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «intizam tənbeh tətbiqi barədə əmrin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinə direktoru vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1- 521k/2024 nömrəli əmrin ləğv edilməsi» barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı onun barəsində xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr tərtib olunduğu məlum olmuşdur. Buna görə də o, «xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair iddia həcminin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə ilə onun barəsində olan xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521k/2024 nömrəli əmr ləğv edilmiş və işə bərpa olunmuşdur. Lakin həmin qətnamədə iddia tələbinin «xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsi» hissəsi əsl cavabdeh olan Cavabdehnə qarşı qaldırılmadığından iddia həmin hissədə təmin edilməmiş, iddianın həmin hissədə əsl cavabdeh olan Cavabdehnə qarşı qaldırmaq hüququ ona izah edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr əsassız və qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib olunmuşdur. Həmin əmrin xx.xx.2024-cü il tarixli monitorinq araşdırması zamanı yol verilmiş nöqsanlarla bağlı verildiyi qeyd edilsə də, həmin əmr xx.xx.2024-cü il tarixdə verilmişdir. Bundan başqa, onun həmin əmrdən daha sonradan məlumatı olmuşdur. Belə ki, əmrin tərtib olunması zaman ondan hər hansı izahat alınmamış və həmin əmr qəbul edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin onun hüquqi savadı olmadığından, faktiki olaraq əmrin qanuniliyini bildiyi andan mübahisələndirdiyindən, lakin ərazi aidiyyəti üzrə yanlış müraciət etdiyindən o, üzrlü olaraq, iddia müddətini ötürmüşdür. Halbuki, iddianın əsl olmayan cavabdehə qarşı yönəldiyi məhkəmə tərəfindən ona izah edilsə idi, o, həmin vaxt hazırki cavabdehi cavabdehlər siyahısına əlavə edə və bununla da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün həm vaxt, həm də maliyyə itkisinə məruz qalmazdı. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı barəsində «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmrin bir nüsxəsi Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbin elektron ünvanına göndərilmiş, bununla yanaşı xx.xx.2024-cü il tarixdə də İddiaçı şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Lakin İddiaçı hüququnun pozulduğunun aşkar etdiyi gündən 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. Qanunvericiliyin tələbinə əsasən tələb olunan müddəti hər hansı üzrlü səbəb olmadan ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi X4 iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli imtina aktının surətindən görünür ki, qeyd edilən tarixdə Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində yoxlama aparılarkən yazılan akta məktəbin direktoru İddiaçı, təlim tərbiyə işləri üzrə direktor müavini X7, uşaqlarla məktəbdənkənar və sinidənxaric tərbiyə işi üzrə təşkilatçı X2 və təsərüffat işləri üzrə direktor müavini X3 imza çəkməkdən imtina etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində aparılmış monitorinqə dair xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində aparılmış monitorinq zamanı nöqsanlar aşkar edilmişdir. İşdə olan Cavabdeh müdirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılan monitorinqin nəticəsində aşkarlanan nöqsanları nəzərə alaraq, «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Nümunəvi Əsasnaməsi»nin 5.5.4-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «b» bəndlərini əsas tutaraq, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3410/2024 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3- 1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilmiş və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbində direktor vəzifəsində çalışmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mübahisəyə məhkəmədə baxılarkən xx.xx.2024-cü il tarixdə Cavabdeh onun barəsində intizam tənbeh tədbirinin tətbiqinə dair əmrindən xəbərdar olmuşdur. Bundan sonra İddiaçı iddia tələbinin həcmini artırmış, xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi, habelə iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521k/2024 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-3410/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilmiş və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını, İddiaçı isə iddia müddətinin üzrlü səbəbdən buraxılmış və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təvqim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisənin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunverici mülki hüquq münasibətlərində iddia müddətinin bərpasını daha məhdud hallarla, yəni «məhkəmənin iddiaçının şəxsiyyətinə bağlı üzrlü saydığı müstəsna hallar»la şərləndirsə də, əmək münasibətlərində həmin halı daha geniş, yəni «üzrlü səbəb»lərlə əlaqələndirmişdir. Bu baxımdan iddia müddətinin buraxılmasının səbəbləri yoxlanılarkən həmin səbəbin mülki hüquq münasibətlərində yalnız iddiaçının şəxsiyyətinə bağlı üzrlü səbəb olub-olmadığı araşdırıldığı halda, əmək münasibətlərində həmin səbəbin üzrlü halla əlaqədar olub-olmadığı tədqiq edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlə hüquqlarının pozulmasını xx.xx.2024-cü il tarixdə aşkar etdiyini bildirmiş, cavabdeh isə həmin halı mübahisələndirməmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini qeyd edərək, xx.xx.2024-cü il tarixədək iddia müddəti ötürüldüyünə görə iddianın rədd olunmasını, iddiaçı isə həmin müddətin üzrlü səbəblərdən buraxılmış hesab olunmasını məhkəmədən xahiş etmişdir. Buna görə də həmin xüsusatların araşdırılması zərurəti yaranmışdır. Həmin xüsusatlar məhkəmə tədqiqi zamanı araşdırılmaqla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlə hüquqlarının pozulmasını bildiyi andan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbinin həcmini artırmış, xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsini xahiş etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-3410/2024 nömrəli qətnaməsi ilə iddia xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair hissədə iddianın əsl olmayan cavabdehə qarşı verilməsinə görə təmin olunmamışdır. Bundan 11 gün sonra İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi həmin hal üzrlü səbəblə, yəni mübahisənin məhkəmədə baxılması və iddiaçının hüquqi savadının olmaması ilə əlaqədar olmuşdur. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə üzrlü səbəblərdən iddia müddəti buraxılmaqla, məhkəməyə müraciət edilmişdir və həmin müddət bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, intizam tənbehinin verilməsi zamanı qanunvericiliyin digər tələblərinə əməl edilsə də intizam tənbehi əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi xx.xx.2024-cü il tarixdən bir ay sonra xx.xx.2024cü il tarixdə tətbiq edilmiş, bununla da Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Buna görə də Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh tərəfindən Samux rayonu İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı «vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi» barədə xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmri ləğv edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-791/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-791/2025
06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver