Məhkəmə qərarları › İş №e-2(125)-871/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-871/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-871/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi ilə, “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 6.586 manat 54 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 87 qəpik, cəmi 6.672 manat 41 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi qismində 6.586 manat 54 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 87 qəpik, cəmi 6.672 manat 41 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. “X4” Qapalı Səhmdar Cəmiyyəti ərizəsində göstərmişdir ki, Cavabdeh "X4 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti arasında 01 may 2013-cü il tarixli 98927/01 kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 01 may 2013cü il tarixdə iddiaçı Bank ilə ipoteka qoyan X2 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən X1 məxsus ünvan 1, 46A fərdi yaşayış evi “X4” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirmədikləri üçün “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi ilə Cavabdeh cəmi 19.349 ABŞ dolları 68 sent və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 25 qəpik məbləğində pul vəsaitinin “X4 Azərbaycan“ Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X1 məxsus ünvan 1də yerləşən 46A saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 25 avqust 2017-ci il tarixli 58/07 saylı Hərracın yekun protokoluna əsasən “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq, adları yuxarıda qeyd olunan vətəndaşlar, əsassız olaraq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan daşınmaz əmlaklardan istifadə edərək, daşınmaz əmlaklarda yaşamış və daşınmaz əmlakların boşaldılmasından imtina etmişlər. İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakın boşaldılması müqavilə şərtlərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq,aidiyyəti orqanlara müraciət və məcburi icranı təşkil edərək, öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və daşınmaz əmlakların boşaldılmasını təşkil etmişdir. Yuxarda qeyd edilən 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 yanvar 2018-ci il tarixli razılaşmanın 5.1.3.2-ci maddəsinin şərtərinə görə boşaldılmış daşınmaz əmlaka görə 6.586 manat 54 qəpik məbləğində xidmət haqqı ödənilmişdir. “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 01 may 2013-cü il tarixdə bağlanmış 98927/01 saylı kredit müqaviləsinin 12.2-ci maddəsində qeyd edilmişdir ki, “... Bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəxslərə satıla və ya digər üsula verilə (güzəşt edilə) bilər. Buna görə vurulmuş maddi zərərin əvəzi qismində 6.586 manat 54 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 87 qəpik, cəmi 6.672 manat 41 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 27 iyul 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (büro) ilə “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 04 iyul 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 faizi nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan 15 aprel 2019-cu il tarixli təhvil aktından görünür ki, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin aprel ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X4 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, MMC tərəfindən ünvan 1 ünvanında 46A nömrəli fərdi yaşayış evinin boşaldılması icra edilərək, QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmiş, buna görə MMC tərəfindən 6.586 manat 54 qəpik məbləğində xidmət haqqı hesablanmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli 2(044)-1476/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi ilə Cavabdeh cəmi 19.349 ABŞ dolları 68 sent və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 25 qəpik məbləğində pul vəsaitinin “X4 Azərbaycan“ Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X1 məxsus ünvan 1də yerləşən 46A saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli 2(044)-1476/2015 nömrəli qətnaməsinə əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuş, tutma ipoteka predmetinə yönəldilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş, icra mərhələsində tələb üzrə borcun tutulması üçün müəyyən icra hərəkətləri aparılmış və borc tam həcmdə ödənilmişdir. İddiaçı ilə "xxxx" arasında 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 6.586 manat 54 qəpik məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun vaxtında ödənilməməsi və ya ipoteka predmetinin vaxtında boşaldılmaması, bununla bağlı "xxxx" MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04 iyul 2017-cı il tarixli Hüquqi xidmət haqqında müqavilə və həmin müqaviləyə əlavə olan 30 yanvar 2018-ci il tarixli Razılaşma ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində borcun qaytarılması ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 6.586 manat 54 qəpik manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 6.586 manat 54 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 87 qəpik, cəmi 6.672 manat 41 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar