Məhkəmə qərarları › İş №e-2(125)-977/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-977/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-977/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 2401.08 manat olmaqla, cəmi 2401.08 manat borcun tutulması, ödənilmiş 44.02 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CO0305502 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Müştəri Xidməti Departamentinin müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 2401.08 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 227 manat olmasına baxmayaraq 1300 manat məxaric edərək hesabından 1073 manat artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından vəsaitlər məxaric edərək ümumilikdə 2832 manat vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 533.58 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 102.66 manat borcu mövcuddur. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 2401.08 manat borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 2401.08 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44.02 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-43380/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Mülki işin materiallarında olan, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, CO0305502 saylı müqavilənin 6.6-cı bəndi iə Cavabdeh kartdan istifadə nəticəsində "xxxx" ASC-yə dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan, "xxxx" ASC-nin Cavabdeh kartdan istifadə etməsi ilə bağlı əsassız varlanmanı əks etdirən 18 noyabr 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh kartdan istifadə nəticəsində "xxxx" ASC-yə vurduğu zərər 2401,08 manat məbləğindədir. Mülki işin materiallarında olan, Bank tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, cavabdehə istifadəsində olan , "xxxx" ASC-yə məxsus CO0305502 saylı “Tam kart” hesabından istifadə zamanı balansda faktiki olaraq müştəriyə məxsus kifayət qədər vəsait olmadığından 2401.08 manat məbləğində texniki overdraft borcunun yaranması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin, cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək, müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst iradəsinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh 2401.08 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 2401.08 manat məbləğində mənfi qalıq formalaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, hazırda cavabdehin "xxxx" ASC-yə 2401.08 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən faktiki halları ondan ibarətdir ki, özünə məxsus olmayan, texniki səhv nəticəsində kartına keçmiş pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmış, bundan sonra müqavilə ilə nəzərdə tutulan müddət ərzində həmin vəsaiti iddiaçı Bankın hesbına qaytarmalı olduğu halda, müqavilə üzrə bu öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Ona görə də, cavabdehin əsassız olaraq əldə etdiyi, iddiaçı Bankın mülkiyyəti olan 2401.08 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarından müəyyən olunur ki, hazırki iddianın qaldırılması üçün "xxxx" ASC tərəfindən 44.42(qırx dörd manat) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2401.08 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun(xidmət haqqının) əvəzi kimi 44.42(qırx dörd manat) manat 42 qəpik məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Tam kart” müqaviləsi üzrə əsassız yaranmış borcun əvəzi kimi 2401.08 (iki min dörd yüz bir) manat 8 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun xidmət haqqı ilə birlikdə əvəzi kimi 44.42 (qırx dörd manat) manat 42 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar