Məhkəmə qərarları › İş №e-2-2(1-8)-212/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-212/2026

19.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(1-8)-212/2026 19.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mi lli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına qarşı “tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Şamaxı Rayon Məhkəməsi

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına qarşı “tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,18171 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin və çəpərin cavabdehin öz hesabına sökülməsi, cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması və həm in torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 2026-cı il 26 yanvar tarixli qərardadı ilə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Yaqubov).

3. Qərardad onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, Şirvan küçəsi 26 ünvanında 0,18171 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 784,8 kv.m. olan iaşə təyinatlı qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir və həmin qeyri-yaşayış binası 13 saylı Şamaxı Çörək zavodunun 1 saylı sexindən ibarətdir. İddiaçı ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 2007-ci il 28 iyun tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir. Həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xar akterinə və həm də, subyekt tərkibinə görə hazırki iş üzrə mübahisə kommersiya məhkəməsinə aiddir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.4, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 13, 14 və 25-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsi

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2026-cı il 4 mart tarixli e-2-2(4-13)-434/2026 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən ed ilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Alıyeva).

6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, fərdi sahibkar İddiaçı ilə dövlət orqanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasındakı mübahisə qanunsuz zəbt olunduğu iddia edilən torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin boşaldılması barədə olmaqla əşya hüquq münasibətlərindən irəli gəlir.

7. Buna görə məhkəmə hesab etmişdir ki, hazırkı iddia ərizəsinə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1 və 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxu d kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 25-ci bəndinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası aidiyyətinə dair mübahisələrə baxılması. məhkəməsində məhkəmə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahi bkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

12. Subyekt tərkibi baxımından hazırkı işin kommersiya mübahisəsinə aid edilməsi üçün hər hansı maneə mövcud deyildir. Belə ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs, cavabdeh isə dövlət orqanıdır.

13. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

14. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər (tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması) əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Bu tələblər heç bir müqavilə öhdəliyi və cavabdehin iqtisadi fəaliyyətindən irəli gəlməyib.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunu n “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarınının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadı ğından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

16. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu isə mübahisənin müvafiq Kommersiya Məhkəməsində baxılmasını istisna edən haldır.

17. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır.

18. Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına qarşı “tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar