Məhkəmə qərarları › İş №e-2-2(102)-167/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-167/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-167/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında 03.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “icarə müqaviləsinin ləğvi və icarə haqqı və s. vəsaitlərin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(113)-1645/2025 n ömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – “MMC”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında **-UD-*** və **VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair 2023cü il 10 noyabr tarixdə bağlanmış 01 saylı icarə müqaviləsinin ləğv olunması, cavabdehlərdən icarə haqqı olaraq 2000 manat pulun və nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr əsasında yaranmış 190 manat cərimənin və ödənilmiş 45 manat dövlət r üsumunun, 300 manat hüquqi yardım xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçıya taksi fəaliyyəti ilə məşğul olan şirkətinin olduğunu bildirmiş, bununla bağlı Cavabdeh2 nümayəndəsi olduğu MMC ilə iddiaçı arasında minik avtomobillərinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Lakin, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmamış və icarə haqları iddiaçıya ödənilməmiş, habelə minik avtomobillərinin sürücüləri tərəfindən avtomobillər idarə olunarkən törədilmiş inzibati xətalarla bağlı cərimələr də ödənilməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(113)-1645/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıy a geri qaytarılması qərara alınmışdır (hakim – N.Əhmədova).

4. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

5. Hazırkı mübahisə icarə müqaviləsindən irəli gəlmiş, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş vergi məlumatlarından iddiaçının VÖEN-ə malik olmadığı aydın olmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu isə sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir.

6. Məhkəmə hesab etmişdir ki, fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmadığından və ona VÖEN verilmədiyindən iddiaçı fərdi sahibkar hesab oluna bilməz.

7. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı fərdi sahibkar statusuna malik olmamaqla yanaşı hazırkı mübahisə yuxarıda qeyd olunan iki haldan heç birinə uyğun gəlmir. Beləliklə, mübahisə fərdi sahibkar statusuna malik olma yan fiziki şəxsin (iddiaçının) iştirakı ilə olan münasibətdən irəli gəldiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1, 284-3.5-ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11, 12, 26, 27-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

10. İddiaçı şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanavr tarixli e-2-2(113)-1645/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Əhmədova). Şikayət a) Şikayətin dəlilləri

12. İddiaçı barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsində VÖEN müəyyən edilməsə də, onun iştirakçısı olduğu icarə münasibətləri fəaliyyə ti sahibkarlıq fəaliyyəti ilə bağlıdır. İddiaçının VÖEN-i olmayan fiziki şəxs olması onun fəaliyyətinin sahibkarlıqla bağlı olmasını istisna etmir. Ona görə də hazırkı işə ümumi məhkəmədə deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçı şikayətinin əsası kimi MPM-in 24.2, 26.1, 385-ci maddələrinə istinad etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müva fiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 402-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” “Maddə 284-3. Ərizənin forması və məzmunu... 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar arad an qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər...” 15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında nəzərdə tutulmuşdur: “Maddə

10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı...

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə 3

3. Vergi ödəyicilərinin uçotu Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.” Ali Məhkəmənin mövqeyi

17. Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi X2, İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-cü il 10 yanvar tarixli e-2-2(113)-1645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müə yyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyət inin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).

19. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).

20. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

21. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmayıb və ona görə də, o fərdi sahibkar statusuna malik olan fiziki şəxs hesab edilmir.

22. İstinad olunan Al i Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 2627-ci bəndlərində isə müəyyən edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələ rin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərin in müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır (27-ci bənd).

23. Beləliklə, iddiaçı fərdi sahibkar statusuna malik deyil, mübahisə isə həmin Qərarda qeyd olunan iki haldan heç birinə uyğun gəlmir.

24. Ona görə də, hazırkı mübahisənin aidiyyətinin ümumi məhkəməyə aid olması və bu əsasa görə iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, iddiaçının şikayətində göstərilən dəlillər isə əsassızdır.

25. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(113)1645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 yanvar tarixli e-2-2(113)-1645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar