Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-671/2025 26.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Bakı Şəhəri Səbail Rayon Məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən dəymiş zərər sığorta məbləğinin 75%-dən artıq olduğu və avtonəqliyyat vasitəsi tam məhv olduğu üçün avtomobilin dəyəri olan 48.000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 234 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2. "xxxx" MMC-nin nümayəndəsi ərizə verilərək iddiaçının əsl iddiaçı, sığorta müqaviləsi üzrə isə faydalanan şəxs olan "xxxx" MMC ilə əvəz edilməsi barədə vəsatət vermiş və məhkəmə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə qərar qəbul etmişdir.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2025-ci il 23 iyul ta rixli e-2(009)-1564/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ş.Abdullayev).
4. Həmin məhkəmə qeyd etmişdir ki, irəli sürülən tələb baş vermiş sığorta hadisəsi ilə əlaqədar maddi ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd edilən hadisə də məhz cavabdehin sahibkarlıq fəaliyyəti, yəni sığorta fəaliyyətini həyata keçirməsi ilə bağlı olan hadisə olmuşdur. Həmçinin işdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxslər olmaqla, iddianın predmeti kommersiya fəaliyyəti ilə əlaqəli olaraq yaranmışdır. Belə olan halda məhkəmə mübahisənin hüquqi şəxslər arasında yaranmaqla, kommersiya xarakterli olması qənaətinə gəlmişdir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 22 avqust tarixli e-2 -2(113)-6614/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Axundova).
6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, ümumi məhkəmədə iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından İddiaçı fərdi sahibkar olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçını əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və vəsatət təmin edilmişdir. Həmin hal, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınaraq, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qənaətinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə baxılaraq həll edilməlidir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi... 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” Ali Məhkəmənin mövqeyi
8. Qarışıq məhkəmə tərkibi birinci i nstansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
9. İş materiallarından məlum olur ki, “maddi ziyanın ödənilməsi” tələbinə dair hazırkı iddia ilə cavabdehə qarşı ümumi məhkəməyə müraciət edilərkən, iddiaçı qismində İddiaçı çıxış etmişdir. Sonuncunun nə iş materiallarından, nə də İnternet Vergi İdarəsindən vergi ödəyicisi kimi qanuni sahibkarlıqla məşğul olması faktı müəyyən olunmamış, qeyd olunan hal isə işin kommersiya məhkəməsində baxılmasını istisna etməklə, mübahisəyə ümumi məhkəmədə baxılmasını zəruri etmiş və məhkəmə də düzgün olaraq həmin ərizəni icraata qəbul etmişdir.
10. Bundan sonra "xxxx" MMC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçını əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, həmin vəsatət Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən təmin olunmuş, bununla əlaqədar həmin məhkəmə işin məhkəmə aidiyyətinin də dəyişməsi qənaətinə gəlmişdir.
11. Halbuki MPM-in 31.2-ci maddəsində (bax § 7) təsbit edilmişdir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
12. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, qanunvericiliyin tələbinə görə mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli idi.
13. Dig ər tərəfdən, qarışıq məhkəmə tərkibi bununla bağlı onu da qeyd edir ki, iddiaçı yuxarıda sözügedən vəsatətlə məhkəməyə müraciət edərkən, hazırkı iş üzrə mübahisəyə baxılması üzrə aidiyyət qaydalarını bilərəkdən dəyişdirməsi ilə bağlı onun hər hansı suiistifadə halına yol verməsi iş materiallarından görünmür. Çünki iş materiallarında görünür ki, mübahisəli avtonəqliyyatın sığortalısı məhz "xxxx" MMC-dir, bu səbəbdən də məhkəmə haqlı olaraq onu əsl iddiaçı qismində işə cəlb etmiş, lakin bu zaman aidiyyət qaydalarını müəyyən edərkən yanlış qənaətə gələrək, işi kommersiya məhkəməsinə göndərmişdir.
14. Yuxarıda göstərilənlər nəzərə alınaraq hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə qiymət verilməsinə artıq hər hansı zərurət qalmır.
15. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, işə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır.
16. Məhkəmə tərkibi MPM-in 31.2, 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.