Məhkəmə qərarları › İş №e-2-2(104)-177/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(104)-177/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(104)-177/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2-2(115)-1493/2025 saylı qərardadına əsasən kommersiya işinin aidiyyət məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə əsasında ödənilməli olan 13140 ay abunə borcu, cəmi 78840 (yetmiş səkkiz min səkkiz yüz qırx) manat pulun və məhkəmə xərclərinə görə ödənilmiş 326,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(113)-3781/2025 nömrəli qərardadı ilə (hakim P.Zamanlı) İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsi işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərazi aidiyyəti ilə bağlı tərəflər arasında yazılı saziş mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 06/10 saylı müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər arasında mübahisə satıcının yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsində həll edilir. Həmçinin, mübahisənin tərəflər arasında mövcud olan mübahisəyə aid olması da mübahisəsiz haldır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışa əsasən, satıcı - İddiaçı MMC AZ2010, ünvan 1 ünvanında qeydiyyatdadır. Gəncə Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2-2(115)-1493/2025 saylı qərardadı ilə (hakim R.Qələndərzadə) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə İnzibati-İqtisadi Məhkəmələr ləğv edildiyindən və artıq belə bir məhkəmələr mövcud olmadığından Bakı Kommersiya Məhkəməsi tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndinə istinad edərək işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərməklə səhvə yol vermişdir. Belə ki, tərəflər öz aralarında bağlanmış müqavilədə mübahisənin satıcının yerləşdiyi yer üzrə İnzibati-İqtisadi Məhkəməsində həll edilməsi ilə bağlı razılığa gəlsə də, Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə həmin məhkəmələr ləğv edilmişdir və hal-hazırda belə bir məhkəmələr mövcud deyil. Belə olduğu təqdirdə tərəflər arasında bağlanılmış müqavilənin həmin bəndi öz əhəmiyyətini itirmiş olur. Odur ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdeh hüquqi şəxsin ünvanın olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsinə düzgün olaraq verildiyindən işə həmin məhkəmədə də baxılmalı idi. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflər izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Hazırkı işdən görünür ki, ərazi aidiyyəti ilə bağlı tərəflər arasında yazılı saziş mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 06/10 saylı müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər arasında mübahisə satıcının yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsində həll edilir. Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində son dövrdə qanunvericiliyə məhkəmə icraatının aparılması qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir. Qanunvericiliyə edilmiş dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir. Hazırki işdən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə də mübahisənin satıcının yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsində həll olunması göstərildiyindən və işin mahiyyəti kommersiya xarakterli olduğundan və hazırda kommersiya işlərinə kommersiya məhkəmələri tərəfindən baxıldığından və satıcı - İddiaçı MMC AZ2010, ünvan 1 ünvanında qeydiyyatda olduğundan Bakı Kommersiya Məhkəməsi həmin işi baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmuşdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə mövcud olduğundan və müqavilədə mübahisənin həll edilmə qaydası müəyyən olunduğundan işə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi işi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Ona görə də hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31, 36, 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi işlə birlikdə aidiyyəti baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar