Məhkəmə qərarları › İş №e-2-2(113)-10116/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10116/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10116/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 6968 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 348,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,17 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair 25 noyabr 2023-cü il tarixli 2511/2023 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən, icraçı mülkiyyətində olan və xidmət müqaviləsi ilə xidmət aldığı xüsusi nəqliyyat vasitələri ilə torpaq hamarlama, bərkitmə və daşınma işlərinin aparılması xidmətinin yerinə yetirilməsini, sifarişçi isə göstərilmiş xidmətin həcminə uyğun, razılaşdırılmış qiymətlərə əsasən icraçıya xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilə tələblərinə uyğun olaraq cavabdehə müvafiq xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərə görə müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında 6968 manat həcmində borc öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borc öhdəliyini bu günədək icra etməmişdir. 2.2. Cavabdeh aldığı xidmətlərə görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə qanunvericiliyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir. Müqavilənin 3.1ci bəndinə əsasən iddiaçıya göstərilən xidmətlərin dəyəri bir ayda 26 iş günü, bir gün 10 saat iş olmaqla vergilər daxil 6490 manat təşkil etmiş və müqavilənin 3.8-ci bəndinə əsasən, müqavilə üzrə yerinə yetirilmiş xidmətlərin hesabat ayı bitdikdən sonra növbəti ayın 15-dək ödənilməsi müəyyən edilmişdir. Müqavilənin 3.5-ci maddəsinə uyğun olaraq, icraçı tərəfindən göstərilmiş xidmətlərin hesablanması işlənmiş günlərə mütənasib olaraq aparılmış, iddiaçı tərəfindən işlər görülərək cavabdehə təqdim edilmiş və görülmüş işlərlə bağlı cavabdehə 2023 və 2024-cü illər ərzində ƏDV daxil ümumi 20365 manat məbləğində e-qaimələr təqdim edilmişdir. Təqdim edilmiş e-qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər aparılsa da, EBDY 084113 və MT2402 00310770 saylı qaimələr üzrə cavabdehin iddiaçı qarşısında ƏDV daxil 6968 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. 2.3. Faiz məbləği ilə göstərilməlidir ki, cavabdeh 6968 manat borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə iddiaçıya ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitin 5 %-i məbləğində, yəni 348,40 manat məbləğində faiz də ödəməlidir (hesablanması: 6968 x 5 % = 348,40 manat. 2.4. Cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi ən azı 1000 manat həcmindədir. Belə ki, iddiaçı nəqliyyat xidmətlərinin göstərilməsinə dair 25 noyabr 2023-cü il tarixli 2511/2023 saylı müqavilə üzrə borcun cavabdehdən tələb edilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə "xxxx" MMC ilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuş və hüquq şirkətinə 1000 manat məbləğində ödəniş etmək öhdəliyi götürmüşdür. Cavabdeh borcunu ödəməklə yanaşı iddiaçıya hüquqi xidmətlər üçün 1000 manat məbləğində vəsaiti də vurulmuş zərərin əvəzi olaraq ödəməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 443, 439.3-cü və s. maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə bağlanan xidmət müqaviləsi üzrə görülən işlərə dair ödənişlər cavabdeh tərəfindən icra edilmişdir. Göstərilən tələb üzrə iddiaçının təqdim etdiyi sübutlar və təqdim edilən sənədlər araşdırılmalı və hüquqi nəticə verilməlidir. Odur ki işə iddia icraatı qaydasında baxılmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-10116/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi – qanuni təmsilçi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, daşıma, inşaat materiallarının satışı, inşaat texnikalarının icarəsi xidmətləri göstərilmiş, lakin xidmət haqları ödənilməmişdir.

7. Cavabdeh iddiaya etiraz təqdim edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, lakin məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2511\2023 nömrəli nəqliyyat xidmətinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mülkiyyətində olan və xidmət müqaviləsi ilə xidmət aldığı xüsusi nəqliyyat vasitələri ilə torpaq hamarlama, bərkitmə və daşınma işlərinin aparılması xidmətinin yerinə yetirilməsini, cavabdeh isə göstərilmiş xidmətin həcminə uyğun razılaşdırılmış qiymətlərə əsasən iddiaçıya xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiymət və ödənilmə qaydası ilə bağlı şərtlərinə əsasən “Bacalauder” texnikası ilə xidmətin göstərilməsi bir ay 26 gün, 1 gün 10 saat olmaqla bir ay üçün ƏDV daxil 6490 manat razılaşdırılmış, xidmətlərin dəyərinin aylıq işlərin təhvil cədvəli əsasında növbəti ayın 15 günü ərzində köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən ƏDV daxil 1497,42 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDU 868406 seriya və nömrəli, ƏDV daxil 6739,57 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2401 ********* seriya və nömrəli, ƏDV daxil 944 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli EBDW 811414 seriya və nömrəli, ƏDV daxil 6490,05 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli EBDY 084113 seriya və nömrəli, ƏDV daxil 1997,74 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2402 00310770 seriya və nömrəli elektron qaimələr (ümumilikdə 17668,78 manat dəyərində) tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmiş, düzəlişə və ya ləğvə qaytarılmamışdır. Cavabdeh tərəfindən EBDU 868406, EBDW 811414, EBDY 084113, MT2402 00310770 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə xx.xx.2024-cü il tarixdə 9068,46 manat əsas məbləğ, 1632,32 manat ƏDV məbləği ödənilmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixli 2511\2023 nömrəli xidmət müqaviləsi üzrə 6968 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz edərək ödənişlər etdiyini bildirir, lakin məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2511\2023 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

19. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

20. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

21. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

22. Bu mənada məhkəmə göstərir ki, cavabdehin göstərilmiş xidmətlər üzrə 6968 manat məbləğində borcu yaranmış, sonuncu xx.xx.2023-cü il tarixli 2511\2023 nömrəli xidmət müqaviləsinin 3.8-ci bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

29. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 6968 manat əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

30. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 348,4 manat məbləğində pulun da tutulmasını tələb edir.

31. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

33. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

34. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar təsdiqlənməlidir.

35. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə xidmətlərin dəyərinin növbəti ayın 15 günü ərzində ödənilməsini razılaşdırsalar da, işgüzar münasibətlər fərqli şəkildə formalaşmış, cavabdeh ödənişi həyata keçirmədiyi halda, iddiaçı xidmətləri göstərməyə davam etmişdir. İddiaçı yalnız xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya göndərərək borcun ödənilməsini tələb etmişdir.

36. Beləliklə, borclunun icranı gecikdirməsi anı xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək (iddia ərizəsinin verilməsi) 117 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 111,68 (6968 manat * 5 % / 100 % / 365 gün * 117 gün) manat təşkil edir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia qismən təmin edilməli, 111,68 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

38. İddiaçı ödənilmiş 103,17 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.

39. İş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə 89,68 manat, xx.xx.2025-ci il tarixdə 14,4 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, yuxarıda göstərilənləri, iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,12 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

43. Məhkəmə iddiaçının 1000 manat hüquqi yardım xərcinin tutulmasını hissəsində isə aşağıdakıları qeyd edir.

44. Mülki Prosessual Məcəllənin 115.0.5 və 115.0.6-cı bəndlərinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər.

45. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-yə hüquqi xidmətin göstərilməsi müqaviləsi üzrə ödənilmiş 1000 manat məbləğində pulun tutulmasını tələb edir. Halbuki bir hüquqi şəxs digər hüquqi şəxsi məhkəmədə etibarnamə əsasında təmsil edə bilməz. Başqa sözlə, "xxxx" MMC iddiaçının nümayəndəsi və vəkili deyildir və ona ödənilən xərc məhkəmə xərci hesab oluna bilməz.

46. Bununla yanaşı, həmin məbləğin dəymiş zərər kimi də tutulması mümkün deyildir. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02 saylı xidmət müqaviləsinə xx.xx.2025-ci il tarixli qiymət razılaşma protokoluna əsasən cavabdehə qarşı nəzərdə tutulmuş iddia tələbi üzrə iddiaçının hüquqlarının və qanuni mənafelərinin məhkəməyə qədər və 1-ci instansiyası məhkəməsində təmsil və müdafiə etmək xidmətlərinin göstərilməsi razılaşdırılmışdır.

47. Halbuki yuxarıda göstərilənlərə əsasən "xxxx" MMC-nin iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti olmamış, iddiaçı da hazırkı işlə əlaqədar hansı xidmətlərin göstərilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, həmin məbləğ cavabdehdən tutula bilməz.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat xidmətinin göstərilməsinə dair müqavilə üzrə 6968 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 111,68 manat olmaqla ümumilikdə 7079,68 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86,12 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar