Məhkəmə qərarları › İş №e-2-2(113)-1015/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1015/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1015/2025 08.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 257,85 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 mart 2019-cu il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 257,85 manat ödənilməmiş borcu qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2019-cu il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.

5. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə təqdim edilən Xidmətlərinin qiyməti müvafiq Korporativ tarifə uyğun, digər xidmətlərin və cihazların dəyəri isə hazırkı Müqavilənin müvafiq Qoşmalərində göstərilir və ödəniş bank köçürməsi yolu və ya ”Şirkət"in müəyyən etdiyi digər qaydada həyata keçirilir. Bank köçürməsi yolu ilə hesab faktura əsasında ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 30-dan (otuzundan) gec olmayaraq, fərdi qaydada ödəniş edən Korporativ Abunəçi isə hər növbəti ayın 15-dən (on beş) gec olmayaraq ödənişi təmin etməlidir.

6. Müqaviləyə 01 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş nömrələr göstərilmişdir.

7. Müqaviləyə 02 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.

8. Müqaviləyə 03 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.

9. İddiaçı tərəfindən cavabdehə EBCM seriyalı 862085 nömrəli xx.xx.2023-cü il tarixli 63.25 manat, EBDB seriyalı 700958 nömrəli xx.xx.2023-cü il tarixli 64.61 manat,EBCO 677272 nömrəli xx.xx.2023-cü il tarixli 62.77 manat,EBDD 401369 nömrəli xx.xx.2023-cü il tarixli 62.20 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

11. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-nin adına olan mobil telefon nömrələrinə mobil rabitə xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmətə görə xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

12. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan hazırkı borcu ƏDV daxil olmaqla 257.85 manat təşkil edir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 257.85 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir.

14. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi qismən təmin edilməli, göstərilmiş mobil rabitə xidmətlərinin müqabilində Cavabdeh MMC-dən 190.63 manat (noyabr 2022 – mart 2023-cü il üzrə göndərilən elektron qaimələrin cəmi) xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

17. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

19. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 190.63 manat (bir iyirmi yeddi manat səksən altı qəpik) xidmət haqqı və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar