Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10153/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 389,94 (üç yüz səksən doqquz manat doxsan dörd qəpik) manat məbləğində əsas borcun və əsas borcun ödənilmədiyi hər gün üçün onun 1% həcmində, ümumilikdə, 1201.20 (min iki yüz bir manat iyirmi qəpik) manat dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 16,93 (on altı manat doxsan üç qəpik) manat, 30 manat hüquqi yardım xidmətinin və 36 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı elektron kabinet vasitəsi ilə iddianın həcminin azaldılması barədə ərizə verərək cavabdeh "xxxx" MMC-dən 389,94 (üç yüz səksən doqquz manat doxsan dörd qəpik) manat məbləğində əsas borcun və əsas borcun ödənilmədiyi hər gün üçün onun 1% həcmində, ümumilikdə, 1201.20 (min iki yüz bir manat iyirmi qəpik) manat dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 16.93 (on altı manat doxsan üç qəpik) manat və 36 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı elektron kabinet vasitəsi ilə iddianın həcminin artırılması barədə ərizə verərək cavabdeh "xxxx" MMC-dən 389,94 (üç yüz səksən doqquz manat doxsan dörd qəpik) manat məbləğində əsas borcun və əsas borcun ödənilmədiyi hər gün üçün onun 1% həcmində, ümumilikdə, 1201.20 (min iki yüz bir manat iyirmi qəpik) manat dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 16.93 (on altı manat doxsan üç qəpik) manat, 30 manat hüquqi yardım xidmətinin və 36 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin Sifarişçiyə broker xidmətini göstərilməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbu ki, müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödəmni gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəməlidir. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə də, borcun ödənilməsi barədə cavabdeh heç bir hərəkət etməmişdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müqaviyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçi ilə razılaşdırılıb xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir; idxal bəyannaməsi, elektron qısa bəyannamə və ya gömrük bəyannaməsinin tərkibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 389.95 (üç yüz səksən doqquz manat, doxsan beş qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11031502 nömrəli qaimə təqdim olunmuşdur. Cavabdehdə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borcumuzu ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallaırnda olan: İddiaçı MMC ilə “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC arasında bağlanmış Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında xx.xx.2024-cü il tarixli, 24/0761 nömrəli müqavilədən görünür ki, təmsilçi İddiaçı öz nizamnaməsinə uyğun olaraq sifarişçi “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC-nin tapşırığı əsasında onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşaiyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 iş günü ərzində köçürmə yolu ilə təmsilçinin hesabına ödəməyi, ödənişin hər gecikdirilmiş gününə görə sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. MT2411 seriyalı, 11031502 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, təmsilçi İddiaçı MMC tərəfindən sifarişçi “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC-yə SİLKWAY(çek əsasında) anbarlama, fəhlə xidməti ƏDV-li, Tam Təmsilçilik və E-GB Tərtibi xidmətləri göstərmiş və bu xidmətlərin ümumi dəyəri (ƏDV-də daxil olmaqla) 389,94 manat təşkil edir. xx.xx.2024-cü il tarixli **********7338 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC-nin təmsilçisi (bəyannaməçi) İddiaçı MMC tərəfindən şəkər əlavələri və ya digər şirinləşdirici işçilər və ya dad-aromatik maddələr əlavə edilmiş qazlı sular, Dinamit-500ML-ədəd, X1 – 250ML 8 ədəd, Plus Ower NEW Generation - 500 ML 04 ədəd və Plus Ower Z Generation -250 ML 08 ədəd Rusiya Federasiyasına göndərilmişdir. İddiaçı MMC-nin 27 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, “Aqat Group Bakı Kozmetik LTD Şirkəti" MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu 389,94 (üç yüz səksən doqquz manat 94 qəpik) manat, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla borc 19,66 (on doqquz manat 66 qəpik) manat və əsas borcun ödənilmədiyi hər gün üçün 1% məbləğində hesablanmaqla borc 1435,02 (min dörd yüz otuz beş manat 02 qəpik) manat məbləğində borcu vardır. MT2509 seriyalı, 11881648 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, hüquqi xidmətin (iddia ərizələrinin hazırlanması) göstərilməsi üçün My Broker MMC tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına (miqdarı 27, hər birinin məbləği 30 manat) 30 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2025-ci il tarixli **********17 saylı ödəniş tapşırığından görünür ki, My Broker MMC 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -787-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. -788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir - 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Göründüyü kimi, tərəflər arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan xidmətləri göstərmiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia əsas borcun və 5% illik gecikdirmə faizinin tutulması hissəsində təmin edilməli və cavabdeh "xxxx" MMC-dən Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında xx.xx.2024-cü il tarixli, 24/0761 nömrəli müqavilə üzrə 389,94 (üç yüz səksən doqquz manat 94 qəpik) manat və 5% illik gecikdirmə faizi üzrə isə 16,93 (on altı manat 93 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən, Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında xx.xx.2024-cü il tarixli, 24/0761 nömrəli müqavilənin şərtlərinə əsasən iddiaçı 1201,20 manat cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, 389,94 manat əsas borc üzrə həmin məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə, 1201,20 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 389,94 (üç yüz səksən doqquz manat 94 qəpik) manat, 5% illik gecikdirmə faizi üzrə 16,93 (on altı manat 93 qəpik) manat və 50(əlli) manat cərimə cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün 30 manat məbləğindən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edirəm ki, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işə əlavə edilmiş MT2509 seriyalı, 11881648 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, hüquqi xidmətin (iddia ərizələrinin hazırlanması) göstərilməsi üçün My Broker MMC tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına (miqdarı 27, hər birinin məbləği 30 manat) 30 manat məbləğində vəsait köçürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia tələbi həmin hissədə təmin edilərək, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 30 manat məbləğindən pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilsə də, iddia tələbində cavabdehdən 36 manat rüsumun tutulması xahiş edilmişdir. Ona görə də hesab edirəm ki, iddia qismən təmin edildiyindən, tələb edilən 36 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında xx.xx.2024-cü il tarixli, 24/0761 nömrəli müqavilə üzrə 389,94 (üç yüz səksən doqquz manat 94 qəpik) manat məbləğində əsas borc, 5% illik gecikdirmə faizi üzrə 16,93 (on altı manat 93 qəpik) manat, 50(əlli) manat məbləğində cərimə, 30(otuz) manat məbləğində hüquqi yardım xidməti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 516,87 (beş yüz on altı manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-10153/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10153/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver