Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10164/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, broker müqaviləsi, borcun ödənilməsi,cərimə, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdehnə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 50.39 AZN məbləğində əsas borcun, 116,50 AZN dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 1,68 AZN, 30 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə 28 aprel 2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəfimizdən Sifarişçiyə broker xidmətini göstərilməyi öhdəmizə götürmüşük. Müqavilə üzrə öhdəliklərimizi yerinə yetirsək də, Sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Müqavilənin 3.2-ci bəndinə əsasən Sifarişçi ödəmni gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəməlidir. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə, borcun ödənilməsi barədə Cavabdeh heç bir hərəkət etməmişdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müqaviyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçi ilə razılaşdırılıb xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir; idxal bəyannaməsi, elektron qısa bəyannamə və ya gömrük bəyannaməsinin tərkibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdehə cəmi 50.39 (əlli manat, otuz doqquz qəpik) AZN dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 12120512 nömrəli elektron qaimə təqdim olunmuşdur. Cavabdehdə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borcumuz ödənilməmişdir. Həmçinin tərəfimizdən hüquqi yardım üçün 30 manat xidmət haqqı ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443, 445.1, 787, 788-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
4. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
7. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
8. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
9. İş materiallarından görünür ki:
10. İddiaçı MMC “təmsilçi”, Cavabdeh MMC “sifarişçi” olmaqla tərəflər arasında xx.xx.2020-ci il tarixli 20/0104 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətləri göstərməyi, Sifarişçi Təmsilçi tərəfindən xidmətlərin haqqını bu müqaviləyə edilmiş 01 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırki müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokol №1-də öz əksini tapır. Müqavilənin 3.1-ci bəndinə əsasən təmsilçi sifarişçiyə müqaviləyə əlavə Protokol №1-də göstərdiyi xidmət növünə əsasən hesab-faktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 3 iş günü ərzində köçürmə yolu ilə təmsilçinin hesabına ödənilməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesabfaktura üzrə tam məbləği 3 bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə Sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəyir.
11. Gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 20/0104 nömrəli müqavilənin qiymətlərin razılaşdırılması protokolu 1 saylı Əlavədən görünür ki, təmsilçi İddiaçı MMC ilə sifarişçi Cavabdeh arasında idxal və tranzit gömrük əməliyyatları üzrə xidmətlərin müqavilə qiymətləri müəyyən edilmiş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. MT2501 seriyalı, 12120512 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 50.39 manat dəyərində xidmət İddiaçı MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.
13. MT2509 seriyalı, 11881648 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 810 manat dəyərində hüquqi xidmət "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmiş və hüquqi xidmətin vahidinin satış qiyməti 30 manat dəyərində müəyyən edilmişdir.
14. 27 noyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə əsas borcu 50.39 AZN, dəbbə pulu 116,50 AZN, 5% illik gecikdirmə faizi üzrə 2,03 AZN təşkil edir.
15. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə 50,39 manat əsas borcun, 116,50 manat dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 1,68 manatın, hüquqi yardım üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun, yekun olaraq 228,57 manat borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyə əsasən müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
16. 02.12.2025-ci il tarixli **********57 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
19. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
24. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
25. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
26. 787-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
27. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
28. 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. Məhkəmə baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
36. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında broker müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq sifarişçiyə nəzərdə tutulmuş vasitəçilik xidmətləri göstərsə də, iddiaçıya cavabdeh tərəfindən müqavilədə şərtləşdirilmiş muzd ödənilməmişdir. Odur ki, borclunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir.
37. Müqavilə üzrə yaranmış əsas borc məbləği təqdim olunmuş sübutlarla – qiymətlərin razılaşma protokolu, elektron qaimələr ilə təsdiqini tapdığı üçün iddia tələbi əsas borc hissəsində təmin edilməlidir.
38. Bundan başqa iddiaçı cavabdehdən 116,50 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 5 manat müəyyən olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır.
39. Həmçinin, iddiaçı maliyyə arayışında ilik 5% hesablanmış məbləğin 2.03 manat olduğunu qeyd etsə də, iddia tələbində 1,68 manat ilik 5% hesablanmış məbləğin ödənilməsini tələb etmişdir. Odur ki, iddia həmin hissədə də əsaslı hesab edilməlidir.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
41. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edirəm ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə təmin olunmalı, illik 5% ilə hesablanmış 1,68 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Məhkəmə xərclərinə münasibətdə də məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində 30 manat, hüquqi xidmətə görə 30 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehndən əsas borca görə 50.39 (əlli manat otuz doqquz qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat, əldən çıxmış fayda qismində 1,68 (bir manat altmış səkkiz qəpik) manat olmaqla, cəmi 57,07 (əlli yeddi manat yeddi qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi, 30 manat hüquqi xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev