Məhkəmə qərarları › İş №e-2-2(113)-10213/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10213/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10213/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 18061.26 (on səkkiz min altmış bir.26) manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 830 (səkkiz yüz otuz) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin SATİNALMA VƏ TƏCHİZAT İDARƏS ilə İddiaçı MMC (VÖEN №**********) ilə arasında 37 saylı xx.xx.2024-cü il tarixli Müqavilə Razılaşması bağlanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin 37 saylı xx.xx.2024-cü il tarixli Müqavilə Razılaşması üzrə İddiaçı MMC-yə borcu 18061.26 (on səkkiz min altmış bir.26) manat təşkil edir. Müqavilə üzrə 18061.26 (on səkkiz min altmış bir.26) manat borcun ödənilməsi ilə əlaqədar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair bildiriş xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. 18061.26 (on səkkiz min altmış bir.26) manat məbləğində olan xx.xx.2024-cü il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura (Seriya:MT2412; Nömrə:********) iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.”

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iş üzrə eqaimə 2024-cü il tarixində tərtib olunmuş, lakin onlara 2025-ci il tarixində göndərildiyinə görə ödəniş edə bilməmişlər. Əsas borc məbləğini qəbul edir, lakin digər məhkəmə xərcləri və vəkil xərcinin onlara aid olmadığını, həmin hissəyə etiraz etdiyini bildirdi.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış 37 saylı xx.xx.2024-cü il tarixli Odsöndürən balonların təkrar doldurulması xidmətlərin göstərilməsinə dair müqavilə razılaşmasına əsasən müqavilənin şərtlərinə əsasən Təchizatçı Müdafiə Nazirliyi üçün odsöndürən balonların təkrar doldurulması xidmətlərin göstərilməsi məqsədilə müqavilədə müəyyənləşdirilmiş vergilər daxil 87 097, 74 (səksən yeddi min doxsan yeddi, 74) manat məbləğində Odsöndürən balonların təkrar doldurulması xidmətini müəyyənləşdirilmiş müddətlərdə göstərməyi, Satınalan təşkilat isə müqavilənin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür.

7. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən Müdafiə Nazirliyi üçün Odsöndürən balonların təkrar doldurulması xidməti barədə xx.xx.2024-cü il tarixində və Bakı şəhərində bağlanmış vergilər daxil 87097,74 manat məbləğli 37 nömrəli Müqaviləyə əsasən bununla hazırkı Aktı tərtib edərək təsdiq ediblər ki, Müqavilənin xx.xx.2024-cü il tarixinə vergilər daxil 18061,27 manat hissəsi icra edilmişdir.

8. Tərəflər arasında bağlanmış təhvil-təslim aktına əsasən Müdafiə Nazirliyi üçün Odsöndürən balonların təkrar doldurulması xidməti barədə xx.xx.2024-cü il tarixində və Bakı şəhərində bağlanmış vergilər daxil 87097,74 məbləğli 37 nömrəli Müqaviləyə əsasən bununla hazırkı Aktı tərtib edərək təsdiq edirlər ki, Müqavilənin xx.xx.2025-ci il tarixinə vergilər daxil 69036,47 manat hissəsi icra edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə dair MT**********31 saylı xx.xx.2024-cü il tarixli 18061,26 manat məbləğində e-qaimə göndərilmişdir.

10. İddiaçi tərəfindən təqdim edilmiş 05 yanvar 2025-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixində 58505,48 manat məbləğində ödəniş edilmişdir.

11. Köçürmələrin aparılması barədə bildirişə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-nin ƏDV hesabına xx.xx.2025-ci il tarixində 10530 manat məbləğində ödəniş edilmişdir.

12. 10.10.2025-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən Hərbi-texniki Təchizat Baş İadrəsinin Satınalma və təchizat idarəsinə məktub ünvanlayaraq bildirilmişdir ki, mal alışı sənədləri ötən il üzrə yaranmış kreditor borclar barədə müvafiq hesabat aidiyyəti dövlət orqanlarına göndərilənədək İdarəyə təqdim edilmədiyindən borcun Xəzinədarlıq orqanlarında uçota alınması mümkün olmamışdır. “Dövlət xəzinədarlığı vasitəsi ilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydasf’na əsasən xəzinə orqanının uçotunda olmayan kreditorlar borcların növbəti büdcə ilindəki ayırmalar hesabına ödənilməsinə icazə verilmədiyindən 2024-cü ildə göstərilmiş xidmətə görə yaranmış kreditor borcun 2025-ci il büdcə ayırmaları hesabına ödənilməsi imkan xaricindədir.

13. 22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-yə müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 37 nömrəli satınalma müqaviləsi üzrə təqdim edilmiş 18061,26 manat dəyərində ödəniş sənədlərinə aidiyyəti üzrə baxılmışdır. “Dövlət xəzinədarlığı vasitəsi ilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”na əsasən xəzinə orqanının uçotunda olmayan kreditorlar borcların növbəti büdcə ilindəki ayırmalar hesabına ödənilməsinə icazə verilmədiyindən 2024-cü ildə göstərilmiş xidmətə görə yaranmış kreditor borcun 2025-ci il büdcə ayırmaları hesabına ödənilməsi imkan xaricindədir.

14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında imzalanmış müqavilənin adı xidmət müqaviləsi olsa da, faktiki olaraq tərəflər arasında odsöndürən məhlulunun alqı-satqısı həyata keçirilmişdir. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya alınmış mala görə ödənilməmiş borcu qalmışdır. 18061,26 manat borcun mövcüdluğu işin mübahisəsiz halıdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, təhvil-təslim aktı, e-qaimə, qismən ödənişlər və cavabdehin nümayəndəsinin etirafı (iddianın əsas borc hissəsində qəbul etməsi) ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 18061,26 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 18061,26 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 18061,26 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 148 manat dövlət rüsumu və 830 manat məbləğində vəkil xərci ödənilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

29. Məhkəmə qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 18061,26 manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar