Məhkəmə qərarları › İş №e-2-2(113)-10386/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10386/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10386/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: daşıma müqaviləsi, xidmət haqqı Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, RUSNUR/AZTR-xx/xx/2024 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, icraçı (iddiaçı) hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan əlavə də göstərilən xüsusi nəqliyyat vasitələri ilə “Sifarişçi”yə (cavabdehə) yükqaldırma, yükboşaltma, yükdaşıma və digər xidmətlər göstərir. Müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsi ilə göstərilən aylıq xidmət haqqı bu müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırma protokoluna (Əlavələr) və “İcraçı” tərəfindən təqdim olunan akta və qaiməyə əsasən, müvafiq olaraq həyata keçirilir. 1.2. 2.2-ci bəndinə əsasən, ödəniş “Sifarişçi” tərəfindən “İcraçı” ya hər ayın sonunda gündəlik iş saatlarını təsdiq edən sənəd əsasında hesablanır və növbəti ay ərzində 20 (iyirmi) təqvim günündən gec olmayaraq ödənilir. 1.3. 5.1-ci bəndinə əsasən, müqavilə “Tərəfiər”in onu imzalandığı gündən qüvvəyə minməklə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Bu müddət “Tərəflər”in razılığı ilə müqavilənin qüvvədə olduğu istənilən vaxtda artırıla və yaxud azaldıla bilər.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, RUSNUR/AZTR-xx/xx/2024 saylı xidmət müqaviləsinə 1, 2, 3 saylı Əlavələri olan X1 ilə tərəflər “yükləyici XCMG ZL 50GN d/q/n 35AB050” markalı və “ekskavator yükləyici CAT 426F2 d/q/n 10AD021” markalı nəqliyyat vasitələri ilə göstərilən xidmətin bir aylıq (26 gün) xidmət haqqını 6500 manat; “hidromek markalı HMK 200W ekskovator d/q/n 10 AC411” markalı nəqliyyat vasitəsi ilə göstərilən xidmətin bir aylıq (26 gün) xidmət haqqını 9500 manat, ƏDV daxil olmadan müəyyən etmişlər.

3. Həmçinin, hər iki tərəfdən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarında iddiaçı tərəfindən ƏDV daxil – 15930 manat, 16388,9 manat, 12062,24 manat, 7014,43 manat və 4425 manat olmaqla, ümumilikdə 55820,57 manat məbləğində xidmətlərin göstərilməsi qeyd edilmiş, tərəfindən cavabdehə ümumilikdə 55820,53 manat məbləğində elektron-qaimə göndərilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı 20 iyun 2024-cü il tarixli RUSNUR/AZTR-xx/xx/2024 nömrəli Xidmət müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-dən 55820,54 manat pulun və 258 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 20 iyun 2024-cü il tarixli RUSNUR/AZTRxx/xx/2024 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, “İcraçı” müqavilə ilə müəyyən edilmiş şərtlərlə müqavilənin ayrılmaz hissəsi olan əlavə də göstərilən xüsusi nəqliyyat vasitələri ilə “Sifarişçi”yə yükqaldırma, yükboşaltma, yükdaşıma və digər xidmətlər göstərir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh bu öhdəliklərin icrasından yayınır. Bu səbəbdən də təqdim edilmiş qaimələr üzrə cavabdehin iddiaçıya 55820.54 manat borcu yaranmışdır. Qaimələr: xx.xx.2024 MT2412 10077845 13 500,00 2 430.00 xx.xx.2025 MT2501 10183769 13 888,87 2 500,00 xx.xx.2025 MT2502 10880305 10 222,24 1 840,00 xx.xx.2025 MT2503 10063617 5 944,43 1070,00 xx.xx.2025 MT2504 10301163 3 750,00 675,00.

b) İddiaya qarşı etirazın dəlilləri

6. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

22. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, RUSNUR/AZTR-xx/xx/2024 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçının əsas öhdəliyi hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilən xüsusi nəqliyyat vasitələri ilə cavabdehə yükqaldırma, yükboşaltma, yükdaşıma və digər xidmətlər göstərmək, cavabdehin əsas öhdəliyi isə göstərilən xidmətlərin dəyərini ödəməkdən ibarət olmuşdur.

24. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən, 2.1-ci bəndinə əsasən, Nəqliyyat vasitəsi ilə göstərilən aylıq xidmət haqqı bu müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırma protokoluna (Əlavələr) və iddiaçı tərəfindən təqdim olunan akta və qaiməyə əsasən, müvafiq olaraq həyata keçirilir.

25. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, RUSNUR/AZTR-xx/xx/2024 saylı xidmət müqaviləsinə 1, 2, 3 saylı Əlavələr olan X1 ilə tərəflər “yükləyici XCMG ZL 50GN d/q/n 35AB050” markalı və “ekskavator yükləyici CAT 426F2 d/q/n 10AD021” markalı nəqliyyat vasitələri ilə göstərilən xidmətin bir aylıq (26 gün) xidmət haqqının 6500 manat; “hidromek markalı HMK 200W ekskovator d/q/n 10 AC411” markalı nəqliyyat vasitəsi ilə göstərilən xidmətin bir aylıq (26 gün) xidmət haqqının isə 9500 manat məbləğində, ƏDV daxil olmadan müəyyən etmişlər. Eyni zamanda, hər iki tərəf iddiaçı tərəfindən ƏDV daxil – 15930 manat, 16388,9 manat, 12062,24 manat, 7014,43 manat və 4425 manat olmaqla, ümumilikdə 55820,57 manat dəyərində xidmətlərin göstərilməsini imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları ilə təsdiq etmişlər. Bundan başqa, iş materialları ilə o da müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə, gəstərilmiş xidmətin ödənilməsi üçün, ümumilikdə 55820,53 manat məbləğində elektron-qaimə göndərilmişdir.

26. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü xüsusi nəqliyyat vasitələri ilə yükqaldırma, yükboşaltma, yükdaşıma və digər xidmətlərin göstərilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən xidmətləri qəbul etmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən, hər ayın sonunda gündəlik iş saatlarını təsdiq edən sənəd əsasında hesablanaraq və növbəti ay ərzində 20 (iyirmi) təqvim günündən gec olmayaraq ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətlərin qəbul edilməsinə dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Odur ki iddiaçı 55820,54 manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

27. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 20 iyun 2024-cü il tarixli RUSNUR/AZTR-xx/xx/2024 nömrəli Xidmət müqaviləsi əsasında 55820,54 manat pul və ödənilmiş 258 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar