Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10402/2025 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin surətlərinin təqdim edilməsi tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər sənədlərin surətlərinin təqdim edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərinin, "xxxx" ASC-nin 2024-2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; "xxxx" ASC-nin Emissiya prospektinin surətinin; "xxxx" ASC-nin 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin; "xxxx" ASC-nin 2023-2024cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahılarının; "xxxx" ASC-nin 2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətinin; "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın; "xxxx" ASC tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqləyərək "xxxx" ASC tərəfindən ona təqdim edilməsi; 100 (bir yüz) manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh ASCdən ASC-nin 2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin surətlərinin, ASC-nin 2024-2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2023- 2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahılarının surətləri, ASC-nin 2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətlərinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə ( fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, eyni zamanda təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla mənə təqdim edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nə müraciət etməsinə baxmayaraq Səhmdar cəmiyyəti müraciətlərə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər və məlumatlar ona təqdim edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
98.1-ci maddəsinə əsaən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3-cü maddəsinə əsasən Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 107-6.3-cü maddəsinə əsasən Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İş materiallarına əlavə olunmuş depo hesabından çıxarışa əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmaqla, 1 ədədinin nominal dəyəri 20 manat olmaqla, 1820 ədəd qiymətli kağızın sahibidir.
11. Yuxarıda qeyd edilmiş normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.
12. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş normalardan görünür ki, cəmiyyətin üzvü, onun idarə edilməsində və ümumi yığıncaqlarında iştirak etmək və səs vermək hüququ vardır. Nəzərə alınmalıdır ki, ümumi yığıncağa səhmdar cəmiyyətin bütün üzvləri dəvət edilir, onların və nümayəndələrinin iştirakı ilə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bu barədə də, protokol tərtib edərkən, ümumi yığıncaqda hansı səhmdarın iştirak etdiyi və hansı səhmdarın iştirak etmədiyi açıq olaraq protokolda qeyd edilir. Yəni bir səhmdar cəmiyyətin bir üzvü digər üzvünün kim olması barədə məlumatı olur. Ona görə də, səhmdar cəmiyyətin üzvünün, onun mülkiyyətçilərin reyestri məlumatları ilə tanış olmaq hüququ da vardır.
13. Yəni iddiaçının tələbi məhz Səmhdar cəmiyyətin fəaliyyəti ilə tanış olmaq və ona qanunla verilmiş hüquqlarından istifadə edilməsi ilə bağlıdır.
14. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin 2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin, Cavabdeh ASC-nin 2024-2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə, Cavabdeh ASCnin Emissiya prospektinin, Cavabdeh ASC-nin 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının, Cavabdeh ASC-nin 2023- 2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahılarının, Cavabdeh ASC-nin 2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın “əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş surətləri İddiaçı verilməlidir.
15. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
17. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh ASC-nin 2024-2025-ci il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrlərinin, Cavabdeh ASC-nin 2024-2025-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə, Cavabdeh ASC-nin Emissiya prospektinin, Cavabdeh ASC-nin 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının, Cavabdeh ASC-nin 2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahılarının, Cavabdeh ASC-nin 2023-2024-cü ilin maliyyə nəticələri haqqında hesabatın, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin, Cavabdeh ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın “əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş surətlərinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh ASCdən tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov