Məhkəmə qərarları › İş №e-2-2(113)-10499/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10499/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10499/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər:podrat müqaviləsi, xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. İşin mahiyyəti:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 194.95 AZN (yüz doxsan dörd manat doxsan beş qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-11051-001 saylı 12 iyul 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq mallar satılmış, xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq Cavabdehin İddiaçıya ümumilikdə 379. 95 AZN (üç yüz yetmiş doqquz manat doxsan beş qəpik) borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 185 AZN (yüz səksən beş manat) hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 194.95 AZN (yüz doxsan dörd manat doxsan beş qəpik) borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443 və 448-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

5. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

6. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

7. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

8. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

9. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİ. Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları

10. İş materiallarına əlavə edilmiş:

- İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 12 iyul 2021-ci il tarixli, NBA-11051-001 saylı müqavilədən görünür ki, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdınlmış ödəniş Sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 (beş) iş günü ərzində həyata keçiriləcək. - Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra İcraçı 10 iş günü ərzində işləri təhvil verməli və göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə aktı və elektron qaimə fakturanı Sifarişçiyə təqdim etməlidir.

11. Texniki xidmət müqaviləsi üzrə X2 Əlavə 1-dən görünür ki, tərəflər 1 ədəd Kassa qeydiyyatı və Tokenin qiyməti (ƏDV daxil 70.8 manat) barədə razılaşmışlar.

12. 01 avqust 2022-ci il tarixli Quraşdırılma aktından görünür ki, Smart-Kassa aparatı quraşdırılmış və akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

13. 18 sentyabr 2023-cü il tarixli 02 saylı protokola (12 iyul 2021-ci il tarixli, NBA-11051- 001 saylı müqavilənin tərkib hissəsi) əsasən kassanın qeydiyyatdan çıxarılması ƏDV daxil 35,40 manat dəyərində müəyyən edilir və protokol tərəflərin imzası ilə təsdiq edilmişdir.

14. 20 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, obyekt bağlandığına görə kassa ləğv olunmuş və akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. Texniki xidmət müqaviləsi üzrə X1 Əlavə 2-dən görünür ki, tərəflər NKA göstərilən aylıq servis xidmətinin dəyəri (ƏDV daxil 9.44 manat) barədə razılaşmışlar.

16. İş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müvafiq seriyalı elektron qaimələrdən görünür ki, cavabdehə 379,95 manat məbləğində xidmət göstərilmiş və elektron qaimələr 379,95 manat məbləğin ödənilməsi üçün təqdim edilmişdir.

17. İcraçı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixədək olan Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci ildən verilən tokenə və aylıq göstərilmiş xidmətə, o cümlədən kassa aparatının ləğv üçün ödənilməli olan vəsaitə görə ümumi dövriyyə 379,95 manat olmuşdur və icraçı bundan 185 manatın ödənildiyini təsdiq edir.

18. 12.12.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir.

İİİ. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

26. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

29. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

34. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

35. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

36. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

40. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

41. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

İV. Məhkəmə baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V. Məhkəmənin mövqeyi

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında 12 iyul 2021ci il tarixdə NBA-11051-001 saylı xidmət müqaviləsi bağlanmışdır. İlk növbədə qeyd edim ki, Mülki Məcəllədə “xidmət müqaviləsi” adlı müqavilə növü nəzərdə tutulmasa da, onlar Mülki Məcəlləyə zidd olmayan müqavilələr bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Hansı ki, tərəflər arasında bağlanmış müqavilədə Mülki Məcəlləyə zidd olan hallar müəyyən edilməmişdir.

50. Tədqiq edilmiş sübutlardan isə müəyyən edilir ki, xidmətlərin göstərilməsi barədə AKT-lar təqdim edilməsə də, müvafiq aylar üzrə elektron qaimələr olmuş və sifarişçi tərəfindən müqavilə üzrə görülən ümumi işlərin dəyəri 379,95 manat təşkil edir, belə ki, iddiaçı isə həmin məbləğdən 185 manat hissəsinin cavabdeh tərəfindən ödənildiyini təsdiq edir. Cavabdeh isə iddiaya dair etiraz verməyərək, tələb edilən məbləği mübahisələndirmir.

51. Odur ki,iddiaçının Mülki Məcəlləyə və müqaviləyə əsasən cavabdehdən öhdəliyin icrasını, yəni aylıq xidmət haqqının ödənilməsini tələb etmək hüququ əsaslı hesab edilməli və tələb edilən 194,95 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

52. Bundan başqa iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Vİ. Nəticə

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 194,95 (yüz doxsan dörd manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar