Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2023 23.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, sifariş vərəqələri, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. "xxxx" MMC (bundan sonra iddiaçı) "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/095 saylı, xx.xx.2018-ci il tarixli “Tikinti Texnikalarına Xidmət göstərilməsi” müqaviləsinə əsasən iddiaçının cavabdehə olan göstərilmiş servis xidmətləri üzrə 278,961.38 manat əsas borc, 51,452.86 manat ƏDV borcu, GPS xidməti üzrə 13,723.16 manat əsas borc, 2470.17 manat ƏDV borcu, təhvil verilmiş ehtiyyat hissələri üzrə 16,779.66 manat əsas borc, 3020.34 manat ƏDV borcu olmaqla, ümumilikdə ƏDV daxil 366407.57 manat məbləğində borcun , əlavə olaraq 10% həcmində, yəni 36640.75 manat məbləğində peniyanın və ödənilmiş 693.10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında AZTX/095 saylı, 02.07,2018-ci il tarixli “Tikinti Texnikalarına Texniki Xidmət Göstərilməsi" barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı" Bakı şəhəri Şamaxı şossesi 15-ci km ünvanında yerləşən “Volvo/Mack Truck, VOLVO Construction, SDLG, CAT” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin “Sifarişçi”-nin sifarişinə əsasən istehsalat sahələrində “Sifarişçi”-nin təqdim etdiyi avadanlıqları təmir etməyi, "Sifarişçi” isə “İcraçf’-nın gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin təqdim etidyi texnika və nəqliyyat vasitələrinə 295,019.90 AZN əsas məbləğ, 53,103.58 AZN ƏDV məbləği dəyərində servis xidmətləri göstərilmiş, 13,723.16 AZN əsas məbləğ, 2,470.17 AZN ƏDV məbləği dəyərində GPS xidməti üzrə haqq hesablanmış, 16,779.66 AZN əsas məbləğ, 3,020.34 AZN ƏDV məbləği dəyərində ehtiyyat hissələri təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş servis xidmətləri üzrə 16,058.52 əsəs məbləğ, 1,650.72 AZN ƏDV məbləği ödəniş həyata keçmişdir. Hazırda "xxxx" MMC-nin "xxxx" MMC-yə göstərilmiş servis xidmətləri üzrə 278,961.38 əsas məbləğ, 51,452.86 AZN ƏDV məbləği, GPS xidməti üzrə 13,723.16 əsas məbləğ, 2,470.17 AZN ƏDV məbləği, təhvil verilmiş ehtiyyat hissələri üzrə 16,779.66 AZN əsas məbləğ, 3,020.34 AZN ƏDV məbləği olmaqla, ümumilikdə ƏDV daxil 366407,57 manat məbləğində yekun borcu mövcuddur. Məlumat üçün qeyd edir ki, “AZTEXNİKA LTD" MMC tərəfindən Cavabdeh MMC-yə 17,710.42 əsas məbləğ, 3,187.88 AZN ƏDV məbləği dəyərində təsdiqlənmiş e-qaimə, 202,021.99 AZN əsas məbləğ, 36,363.96 AZN ƏDV məbləği dəyərində geri qaytarılmış eqaimə göndərilmişdir. Tərəflər arasında bağlanan AZTX/505 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.2-ci maddəsinə əsasən “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün “İcraçıya”, ödənişi gecikdirilmiş xidmət haqqı məbləğinin 1%-dan başlayaraq 10% keçməmək şərti ilə peniya ödəyir. Beləliklə, müqavilə üzrə yaranmış borcun üzərinə 10% həcmində peniya hesablanmalıdır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. Bundan əlavə, “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq cavabdehə mediasiya prosesinin keçirilməsi barədə təklif göndərilmiş, daha sonra Mediasiya Şurasına müraciət edilmiş, mediator X4 tərəfindən 05 mart 2022- ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” verilmişdir. Hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmə mediator tərəfindən “Mediasiya Haqqında” Qanunun tələblərinə düzgün riayət edilməməsini əsas gətirərək, e-2-2(113)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardad qəbul edərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Daha sonra iddiaçı tərəfindən “Mediasiya Haqqında” Qanunvericiliyin tələbinə əsasən yenidən yeni mediasiya prosesi keçirilmiş və Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” verilmişdir. Həmin arayışdan da görünür ki, cavabdehə təyin edilmiş mediasiya prosesi barədə 13 gün əvvəldən poçt vasitəsi ilə rəsmi məlumat verilməsinə baxmayaraq, o yenə də mediasiya prosesində iştirakdan imtina etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 verdiyi izahatda bildirdi ki, tərəflər arasında bağlanmış 02 iyul 2018-ci il tarixli müqavilə üzrə göstərilmiş servis xidmətləri üzrə borc məbləği AR Məhkəmə Ekspertizası tərəfindən verilmiş ekspert rəyində də öz əksini tapmışdır. İddiaçı tərəfindən GPS xidməti göstərilsə də, tərəflər arasında bununla bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Odur ki, bunu sübut edəcək hər hansı sübutu təqdim edə bilmir. Ehtiyyat hissələri ilə bağlı sübutlar məhkəməyə təqdim edilmiş sifariş aktlarında öz əksini tapmışdır. İddia tələbinin bu hissəsinə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bir tərəfdən bundan sonra “icraçı” adlandırılacaq "xxxx" MMC, digər tərəfdən bundan sonra” sifarişçi” adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 02 iyul 2018ci il tarixli, AZTX/095 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən icraçı Bakı şəhəri, Şamaxı şossesi 15-ci km ünvanında yerləşən “Volvo/Mack Truck”, Volvo Construction, SDLG, Cat” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürür. - Müqavilənin 3-cü bəndinə əsasən icraçının göstərdiyi iş və xidmətlər üzrə ödənişə daxildir: Servis ərazisində xidmət haqqı 35 AZN/adam saat (ƏDV-siz), müştəri ərazisində xidmət haqqı-45 AZN/adam saat (ƏDV-siz), mobil servis haqqı – 0,8 AZN (Gediş birtərəfli hesablanır). 3.2. Bu müqaviləyə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50 %, icraçının hesabına ödənilir, qalan 50 % hesab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edilən tarixdən 15 gün ərzində icraçının bank hesabına və ya xəzinəsinə ödənilməlidir. - Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün icraçıya ödənişi gecikdirilmiş xidmət haqqı məbləğinin 1%-dan başlayaraq 10% keçməmək şərti ilə penya ödəyir.

8. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin müqabilində EAAQ seriyalı 082173 nömrəli, xx.xx.2019-cu il tarixli dəyəri 12770 manat təşkil edən, EAAS seriyalı 400144 nömrəli, xx.xx.2019-cu il tarixli dəyəri 8127.62 manat təşkil edən , EBAH seriyalı 072021 nömrəli, xx.xx.2020-ci il tarixli dəyəri 35400 manat təşkil edən, GPS xidməti üzrə xx.xx.2020-ci il tarixli dəyəri 16193.33 manat əsas borc, 2470.17 manat ƏDV məbləği təşkil edən, servis xidmət haqqı barədə müqavilə üzrə xx.xx.2020-ci il tarixli dəyəri 222192.62 manat əsas borc, 33893.79 manat ƏDV təşkil edən elektron qaimələr göndərilmişdir.

9. İş materiallarına əlavə edilmiş mübahisələndirilən dövr üzrə (2018 və 2019-cu illər), eyni zamanda əvvəlki dövrləri əhatə edən sifariş vərəqələrindən məlum olur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZT/X/015 nömrəli müqavilə üzrə “Volvo/Mack Truck, Volvo Construction, SDLG, CAT avadanlıqlarına servis xidmətləri göstərilməsi ilə əlaqədar müvafiq sifarişlər verilmişdir və sözügedən sifariş vərəqələri hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

10. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 13 yanvar 2022-ci il tarixli AZT/X/015 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, ümumilikdə 309,464.20 manat təşkil edən əsas borc məbləği və 56,943.37 manat təşkil edən ƏDV məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımı hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən sifariş olunan texnika və nəqliyyat vasitələrinə 295,019.90 azn əsas məbləğ, 53,103.58 ədv məbləği dəyərində servis xidmətləri göstərilmiş, 13,723.16 azn əsas məbləğ, 2,470.17 azn ədv məbləği dəyərində GPS xidməti üzrə haqq hesablanmış, 16,779.66 azn əsas məbləğ, 3,020.34 azn ədv məbləği dəyərində ehtiyyat hissələri təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş servis xidmətləri üzrə 16,058.52 azn əsəs məbləğ, 1,650.72 azn ədv məbləği ödəniş həyata keçmişdir. Hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə göstərilmiş servis xidmətləri üzrə 278,961.38 azn əsas məbləğ, 51,452.86 azn ədv məbləği, GPS xidməti üzrə 13,723.16 azn əsas məbləğ, 2,470.17 azn ədv məbləği, təhvil verilmiş ehtiyyat hissələri üzrə 16,779.66 azn əsas məbləğ, 3,020.34 azn ədv məbləği dəyərində borcu mövcuddur. "xxxx" MMC tərəfindən Cavabdeh MMC- yə 17,710.42 azn əsas məbləğ, 3,187.88 azn ədv məbləği dəyərində təsdiqlənmiş e-qaimə, 202,021.99 azn əsas məbləğ, 36,363.96 azn ədv məbləği dəyərində geri qaytarılmış e-qaimə göndərilmişdir.

12. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC üzrə təqdim edilmiş maliyyə arayışında qeyd olunmuş 295,019.90 manat əsas məbləğ, 53,103.58 manat ƏDV məbləği dəyərində göstərilmiş servis xidməti üzrə məbləğin 16,058.52 manat əsas məbləğ, 1605.72 manat ƏDV məbləği ödənilmişdir. Qalıq borc məbləği 278,961.38 manat əsas məbləğ, 51,452.86 manat ƏDV məbləği üzrə göstərilmiş servis xidmətlərinin müvafiq olaraq illər üzrə açıqlaması bu şəkildə olmuşdur: 2018-ci il üzrə əsas məbləğ 243,159.92 manat, 2018-ci il üzrə ƏDV məbləği 44,066.14 manat, 2018-ci il üzrə cəmi məbləğ 287,226.06 manat, 2019-cu il üzrə əsas məbləğ 35,801.46 manat, 2019-cu il üzrə ƏDV məbləği 7386.72 manat, 2019-cu il üzrə cəmi məbləğ 43,188.18 manat təşkil edir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış AZTX/095 saylı, xx.xx.2018-ci il tarixli “Tikinti texnikalarına texniki xidmət göstərilməsi” barədə müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Hazırda iddiaçının tələbindən məlum olur ki, iddiaçının tələbinin əsasını 1. AZTX/095 saylı, xx.xx.2018-ci il tarixli “Tikinti Texnikalarına Xidmət göstərilməsi” müqaviləsinə əsasən iddiaçının cavabdehə olan göstərilmiş servis xidmətləri üzrə 278,961.38 manat əsas borc, 51,452.86 manat ƏDV borcunun 2. GPS xidməti üzrə 13,723.16 manat əsas borc, 2470.17 manat ƏDV borcunun 3. Təhvil verilmiş ehtiyyat hissələri üzrə 16,779.66 manat əsas borc və 3020.34 manat ƏDV borcunun 4. 36640.75 manat məbləğində penyanın ödənilməsi təşkil edir.

22. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sifariş aktları təsdiqləyir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən servis xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq sifarişlər edilmişdir və həmin sifarişlərin edilməsini, onların dəyərini təsdiq edilən sifariş vərəqələri hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bundan əlavə iş materiallarına iddiaçı tərəfindən servis xidmətlərinin göstrərilməsi ilə bağlı cavabdehə elektron qaydada ünvanlanmış elektron qaimələr də əlavə edilmişdir.

23. Məhkəməyə təqdim edilmiş sifariş vərəqələri üzrə borc məbləğinin düzgün hesablanmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1602 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sifariş vərəqələrinə əsasən bildirilir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZTX/095 nömrəli “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” müqavilə üzrə 2018 və 2019-cu illərdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş servis xidmətlərinin dəyəri 295019,90 manat əsas borc və 53103,58 manat ƏDV məbləği olmaqla müəyyən edildi. Eyni zamanda, təqdim edilmiş iş materiallarında "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AZTX/095 nömrəli “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” müqavilə üzrə görülmüş işlərin, göstərilmiş servis xidmətlərinin dəyərinin ödənilməsinə dair ödəniş sənədləri öz əksini tapmadığından 2018-2019-cu illərdə "xxxx" MMC tərəfindən ödənilməmiş borc məbləğinin nə qədər olmasını hazırki tədqiqatla müəyyən etmək mümkün olmadı.Lakin iş materiallarında olan "xxxx" tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 295019.90 manat əsas məbləğ və 53103.58 manat ƏDV məbləği dəyərində göstərilmiş sevis xidməti üzrə məbləğin 16.058.52 manat əsas məbləğ olan hissəsindən, 1605.72 manat isə ƏDV olan hissəsindən ödənildiyi göstərilmiş, 2018-2019-cu illər üzrə qalıq borc məbləğinin 278961.38 manat əsas məbləğ, 51452.86 manat ƏDV məbləği olduğu göstərilmişdir.İş materiallarında olan maliyyə arayışının düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir.

25. Məhkəmə yuxarıda sadalananlara əsasən, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2018-2019-cu illərdə iddiaçı tərəfindən göstərilmiş servis xidmətlərinin göstərilməsinin və onların dəyərinin ödənilmədiyinin iş üzrə müvafiq sübutlarla təsdiq edildiyini nəzərə alaraq, iddia tələbini cavabdehdən 278,961.38 manat məbləğində əsas borc və 51,452.86 manat ƏDV məbləğinin tutulması hissəsində əsaslı hesab edir.

26. Məhkəmə iddia tələbinin GPS xidməti üzrə 13,723.16 manat məbləğində əsas borc və 2470.17 manat ƏDV məbləğinin tutulması ilə bağlı hissəsində münasibətdə qeyd edir ki, iddiaçı şifahi şəkildə qeyd edilən xidmətin göstərildiyi bildirsə də, bu fakt hər hansı bir sübutla təsdiq edilmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında ümumiyyətlə GPS xidmətinin göstərilməsi ilə bağlı münasibətlərini tənzimləyən müqavilə bağlanmamışdır və xidmətlərin göstərilməsi rəsmiləşməmişdir.

27. Qeyd edilənlərə əsasən məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir.

28. İddia tələbinin ehtiyyat hissələri üzrə 16,779.66 manat əsas və 3020.34 manat ƏDV məbləğinin tutulması ilə bağlı hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı ehtiyyat hissələrinin təhvil verilməsi faktının iş materiallarına əlavə edilmiş sifariş vərəqələri ilə təsdiq edildiyini və bununla bağlı digər hansı sübutun mövcud olmadığını bildirmişdir. Məhkəmə tərəfindən sifariş vərəqlərinə nəzər yetirilərkən həmin sənədlərdə ehtiyyat hissələrinin təhvil verilməsi ilə bağlı hər hansı qeyd olmadığı məlum olmuşdur.

29. Məhkəmə İddiaçının maliyyə arayışında göstərilən GPS xidməti üzrə 13,723.16 manat və ehtiyyat hissələri üzrə 16,779.66 manat borcla bağlı dəlili ilə onu vurğulamağı zəruri hesab edir ki, iddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. İddiaçının nümayəndəsi tərəfindən maliyyə arayışına göstərilən borc məbləği sonuncunun daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada İddiaçı birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin Cavabdeh üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Çünki yuxarıda istinad edilən AR Mülki Məcəllənin 386.1-ci maddəsinin məzmunundan da göründüyü kimi öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Odur ki, məhkəmə bu hissədə də iddia tələbini əsassız hesab edir.

31. İddiaçı iddia tələbində 36640.75 manat məbləğində penyanın cavabdeh tərəfindən ödənilməsi tələbini də irəli sürür.

32. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

33. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 13948.05 ( on üç min doqquz yüz qırx səkkiz) manat məbləğində dəbbə pulu tutulmalıdır.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli, AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə 278,961.38 manat əsas, 51,452.86 manat ƏDV məbləği, 13948.05 manat məbləğində penya tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

36. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 150 manat və ödənilmiş 693.10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixli, AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə 278,961.38 (iki yüz yetmiş səkkiz min doqquz yüz altmış bir manat otuz səkkiz qəpik) manat əsas, 51,452.86 (əlli bir min dörd yüz əlli iki manat səksən altı qəpik) manat ƏDV məbləği, 13948.05 (on üç min doqquz yüz qırx səkkiz manat beş qəpik) manat məbləğində penya və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 693.10 (altı yüz doxsan üç manat on qəpik) manat, ümumilikdə 345,055.39 (üç yüz qırx beş min əlli beş manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar