Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1050/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: bank hesabı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" (Azərbaycan) ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 192240 ABŞ dolları pul vəsaiti, 3500 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 620,31 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra –iddiaçı) Bank VTB (Azərbaycan) ASC-nin (bundan sonra–cavabdeh) müştərisidir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 192240 (bir yüz doxsan iki min iki yüz qırx) ABŞ dolları məbləğinin “X7” hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığı verilmişdir. Vəsait iddiaçının bank hesabından silinsə də, indiyədək təyinatı üzrə kontragentinə çatdırılmamışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə pretenziya göndərərək tələb etmişdir ki, 7 (yeddi) iş günü ərzində ya vəsaiti təyinatı üzrə kontragentinə çatdırsın, ya da iddiaçının hesabına qaytarsın. Lakin cavabdeh nəinki iddiaçının tələbini yerinə yetirməmiş, ümumiyyətlə ona cavab verməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 976.1-ci maddəsinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Abşeron Treyd" MMC internet banking vasitəsilə onlayn qaydada banka gəlmədən 42174 nömrəli köçürmə ərizəsi hazırlayaraq banka müraciət etmişdir. Köçürmə ərizəsinə əsasən müştərinin cari hesabından 192240 ABŞ dolları vəsaitin “SHARK SEAFOODS” OU-nun (benefisiar) “REVOLUT PAYMENTS UAB"-dakı LT**********90208863 saylı hesabına köçürmə əməliyyatı barədə müraciəti qeyd edilmişdir. Həmin köçürmə ərizəsinə əsasən xx.xx.2022ci ii tarixdə SWİFT beynəlxalq köçürmə sistemi vasitəsi ilə 192240 ABŞ dolları vəsait “SHARK SEAFOODS” OU-nun “REVOLUT PAYMENTS UAB”-dakı LT**********90208863 saylı hesabına köçürülmüşdür. Beləliklə də, köçürmə ərizəsi üzrə müraciət uğurla tamamlanmışdır. Köçürmənin tamamlanmasını İddiaçı MMC-nin baş mühasibi Müqbil Dəmirovun Cavabdeh ASC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli elektron məktubundan (email) da görmək mümkündür. Tərəflər arasında bağlanmış 268270 saylı bank hesabı müqaviləsinin 3.2-ci bəndinə əsasən müştərinin sərəncamında digər ödəniş tarixi nəzərdə tutulmayıbsa, bank onun tapşırığını müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, İddiaçı MMC ərizəsində vəsaitin onun tapşırığı əsasında müvafiq hesaba çatdırılmadığını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə sonradan bizə məlum olmayan səbəblərdən “SHARK SEAFOODS” OU “REVOLUT PAYMENTS UAB” vasitəsi ilə 192240 ABŞ dolları vəsaitin İddiaçı MMC-nin AZ74VTBA**********68270USD001 hesabına geri qaytarmaq barədə ödəniş tapşırığı göndərmişdir. Bundan sonra “Abşeron Treyd" MMC vəsaitin qaytarılması barədə “Bank VTB (Azərbaycan)" ASC-yə rəsmi müraciət etmiş və araşdırma başlamışdır. Araşdırmaya “VTB Bank”-ın Baş Ofisi (Rusiya Federasiyası) də cəlb edilmişdir. “VTB Bank”-ın Baş Ofisi ilə “CİTİBANK N.A.” arasında SWİFT vasitəsi ilə 192240 ABŞ dolları vəsaitin qaytarılması ilə bağlı danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində məlum olmuşdur ki, 192240 ABŞ dolları vəsait “CİTİBANK N.A.”-nın Compliance Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə bloklanmışdır. Digər tərəfdən hamıya məlumdur ki, 2022-ci ilin əvvəllərindən Rusiya Federasiyasına qarşı beynəlxalq miqyasda iqtisadi sanksiyalar tətbiq edilmişdir. Bu sanksiyalar bank və maliyyə sektorunu da əhatə etmişdir. Cavabdeh ASC-nin təsisçisi “VTB Bank” Publik Səhmdar Cəmiyyətidir (PSC). “VTB Bank” PSC-nin hüquqi ünvanı Rusiya Federasiyasındadır. Belə olduğu halda Rusiya Federasiyasına qarşı tətbiq edilən iqtisadi sanksiyalar “VTB Bank” PSC-ni və Cavabdeh ASC-ni də əhatə etmişdir. Bu səbəbdən “CİTİBANK N.A.”-nın Compliance Xidməti sözügedən məbləği bloklamışdır. Digər tərəfdən, Rusiya Federasiyasına qarşı beynəlxalq miqyasda tətbiq edilən iqtisadi sanksiyalarla əlaqədar yaranmış vəziyyəti fors-major halı adlandırmaq olar. Fors major əməliyyatda iştirak edən tərəflərin iradəsindən asılı olmayan və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mümkünsüzlüyünə gətirib çıxaran gözlənilməz hadisədir (məsələn: təbii fəlakət, epidemiya və ya müharibə). Nəticə olaraq, fors-major, müqavilə tərəflərini xaricə bağlı, qarşısıalınmaz və öncədən təxmin edilməyən hadisələrə görə öz öhdəliklərini yerinə yetirməkdən azad edən bir məcburiyyətdir. Bu cür hadisələr tipik olaraq insan təsirinə qarşı dayanılmaz olaylar, təbii fəlakətlər və digər böyük miqyaslı qlobal hadisələrlə əlaqəlidir. Tərəflər arasında bağlanmış 268270 saylı bank hesabı müqaviləsinin 5.2-ci bəndinə əsasən bank və ya müştəri fors-major hallarda müqavilə üzrə öz öhdəliklərini tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımır və həmin müddətdə müqavilənin icrası dayanır. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, “Bank VTB (Azərbaycan)" ASC yaranmış problemin həlli ilə bağlı imkanları daxilində hər şeyi etmişdir. Bundan əlavə pul vəsaitini bloklayan ABŞ-da yerləşən “CİTİBANK N.A.”-dır. Sözügedən bank müstəqil hüquqi şəxsdir və “VTB Bank''-la bağlılığı yoxudr. SWİFT sistemi vasitəsi ilə beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi üçün müxbir bank olaraq müəyyən edilmişdir. Rusiya Federasiyasına qarşı beynəlxalq miqyasda tətbiq edilən iqtisadi sanksiyalardan sonra həmin bank “VTB Bank” ilə əlaqələrini kəsmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin "Bank VTB (Аzаrbaycan)" ASC-ya qarşı 192240 АВŞ dolları vəsaitin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bu səbəbdən iddia ərizəsi rədd edilməlidir.
5. İddiaçı MMC-nin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, cavabdeh etirazında müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirmədiyini inkar etməyə çalışmışdır. Lakin onun arqumentləri tamamilə əsassızdır. Belə ki, cavabdeh qeyd edir ki, guya xx.xx.2022-ci il tarixdə SWlFT vasitəsi ilə vəsait “SHARK SEAFOODS” OU-nun “REVOLUT PAYMENTS UAB” hesabına köçürülmüşdür. Lakin cavabdeh vəsaitin nəinki “SHARK SEAFOODS” OU-nun, heç onun bankı olan “REVOLUT PAYMENTS UAB”-a da köçürülməsini təsdiq edən heç bir sənəd təqdim etməyib. Cavabdeh qeyd edir ki, “Köçürmənin tamamlanmasını İddiaçı MMC-nin baş mühasibi Muqbil Dəmirovun Cavabdeh ASC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli elektron məktubundan (e-mail) da görmək mümkündür”. Əslində cavabdeh həmin elektron məktubun məzmununu təhrif edir. Həmin məktubda Muqbil Dəmirov sadəcə yazıb ki, “məlum səbəblərdən vəsait xx.xx.2022ci ildə geri qaytarılmışdır”. Vəsaitin təyinatı üzrə çatdırılması, yəni köçürmə əməliyyatının tamalanmasından söhbət belə getmir. Başqa sözlə, iddiaçı deyir ki, köçürmüsünüz, amma tamamlamamısınız, vəsait geri qaytarılıb, onu hesabımıza mədaxil edin. Əks halda, cavabdehin özünün təqdim etdiyi və nəinki 2022-ci ilin mart, həmçinin sonrakı aylarını da əhatə edən daxili yazışmaları hansı zərurətdən irəli gəlib? Deməli, məsələ bitməmişdi. Cavabdehin digər arqumenti isə əslində onu ifşa edir: İddiaçı MMC ərizəsində vəsaitin onun tapşırığı əsasında müvafiq hesaba çatdırılmadığını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir”. Olmayan şeyi hansı sübutla təsdiq edək? Tapşırığın icrasına görə cavabdeh məsuldur, qanuna görə də məhz o, onu icra etdiyini təsdiq etməlidir. Cavabdehin buna dair sübutu olmadığı üçün sübutetmə yükünə iddiaçının üzərinə qoymaq istəyir. Cavabdeh qeyd edir ki, guya xx.xx.2022-ci il tarixdə “SHARK SEAFOODS” OU “REVOLUT PAYMENTS UAB” vasitəsilə vəsaiti geri qaytarmaq üçün ödəniş tapşırığı göndərmişdir. Cavabdeh həmin ödəniş tapşırığını da təqdim edib. Lakin orada hətta “REVOLUT PAYMENTS UAB”-ın bank kodu (SWlFT-də eyniləşdirmə nömrəsi) da yanlışdır. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi 17 fevral 2022-ci il tarixli ödəniş tapşırığının 57-ci bölməsində alanın bankı “REVOLUT PAYMENTS UAB SWİFT REVOLT21XXX” kimi göstərilib. Cavabdehin təqdim etdiyi 23 fevral 2022-ci il tarixli ödəniş tapşırığında isə köçürən bankın adı “REVOLUT”, onun kodu isə “REVOGB2LXXX” kimi göstərilib. Biz bilmirik bu nə bankdır, ora pul köçürməmişik ki, oradan da bizə vəsait geri qaytarılsın. Bu arqument həmçinin cavabdehin özünün məhkəməyə təqdim etdiyi sənədlərlə də təkzib olunur. Belə ki, cavabdehin İdarə Heyətinin üzvü T.C.Hüseynov xx.xx.2022-ci il tarixli, 1410 saylı məktubunda qeyd olunur ki, “əməliyyatın icrası, ödənişini qəbul edənin bankı tərəfindən... saxlanlılmışdır... həmin vəsaitin Bank VTB (PSC)-nin xüsusi hesabında bloklaşdırılması müəyyən olunmuşdur”. Yəni vəsaitin “SHARK SEAFOODS” OU-ya çatıdırılmasından söhbət belə getmir! Cavabdehin İdarə Heyətinin sədrinin “CİTİBANK N.A.”-ya ünvanladığı xx.xx.2022-ci il tarixli, 1344 saylı məktubda (ingilis dilindədir, Cavabdeh onun tərcüməsini nədənsə Məhkəməyə təqdim etmədi) da yalnız deyilir ki, alanın bankı ödənişi rədd etmişdir, yəni qəbul etməmişdir. Yəni vəsait nəinki “SHARK SEAFOODS” OU-ya, heç onun bankına da çatmayıb. Cavabdehin əməkdaşı Leyla Məmmədova xx.xx.2022-ci il tarixli daxili elektron yazışmada (Cavabdeh özü təqdim edib) vurğulayır ki, “ödəniş müxbir banklardan biri tərəfindən geri qaytarılıb”. Yəni alan və ya onun bankı tərəfindən yox, cavabdehin öz müxbir banklarından biri tərəfindən! Nəhayət, xx.xx.2022-ci il tarixdə cavabdeh SWlFT vasitəsilə göndərdiyi təcili müraciətdə ödəniş tapşırığının ləğv olunmasını və vəsaitin müxbir hesaba qaytarılmasını istəyir. Ödəniş tapşırığı icra olunmuşdursa, o, necə ləğv oluna bilər axı? Cavabdeh özü də etiraf edir ki, vəsait onun müxbir bankı olan “CİTİBANK N.A.” tərəfindən xx.xx.2022-ci il tarixdə bloklanmışdır. Bu etiraf da bir daha cavabdehi ifşa edir. Vəsait guya xx.xx.2022-ci il tarixdə geri qaytarılıbsa, amma yalnız 36 gün sonra bloklanıbsa, niyə gəlib çatmayıb? Deməli, tarixindən asılı olmayaraq, vəsait məhz cavabdehin müxbir bankı (yəni cavabdeh özü bu bankı seçib, həmin bank cavabdehin kontragentidir) tərəfindən bloklanıb. Bunun isə iddiaçıya aidiyyəti yoxdur və bununla təsdiq olunur ki, cavabdeh öhdəliyini icra etməyib. Bu bloklanmanın Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarla əsaslandıraraq cavabdeh vurğulayır ki, “yaranmış vəziyyəti fors-major aldandırmaq olar”. Lakin bu hal (sanksiyalar) tərəflər arasında bağlanmış bank hesabı müqaviləsində forsmajor kimi nəzərdə tutulmayıb. Tutula da bilməz. Çünki vəsait cavabdehin “CİTİBANK N.A.”-dakı hesabındadırsa belə, deməli hər bir halda cavabdehə məxsusdur. Bu ki, nağd pul deyil. Cavabdeh onu iddiaçıya hər bir halda dərhal qaytarmalıdır. İstənilən halda vəsaiti cavabdehin seçdiyi bank (“CİTİBANK N.A.”) bloklayıb. Bu, onların arasında olan münasibətdir, iddiaçıya aidiyyəti yoxdur. Və hər bir halda cavabdeh heç bu fors-major hala dair heç bir əsaslı sübutlar və dəlillər (sanskiayanın tarixi, mahiyyəti, onun Azərbaycan Respublikasının hüquqi şəxsi olan cavabdehə aidiyyəti və s.) təqdim etməyib. Sadəcə məsuliyyətdən yayınmaq üçün ümumi sözlərdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması xahiş edilmişdir.
6. Cavabdeh ASC vəsatət ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi son ərizəsində qeyd edilmişdir ki, guya 192240 ABŞ dolları vəsait “SHARK SEAFOODS” OU-ya çatdırılmamışdır. Halbuki həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “REVOLUT PAYMENTS UAB”-ın ödəniş sənədi, həm də İddiaçı MMC-nin baş mühasibi Müqbil Dəmirovun Cavabdeh ASC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli elektron məktub vəsaitin göstərilən ünvan üzrə çatdırıldığını təsdiq edir. İddiaçı isə bu faktı hər vasitə ilə qəbul etmək istəmir. Təəssüf yaradan məqam ondan ibarətdir ki, iddiaçı sözügedən vəsaitin qaytarılması ilə bağlı bankın çoxsaylı cəhdlərini “məsələ bitməmişdi də!” kimi qiymətləndirmişdir. Halbuki məsələ çoxdan bitib, yəni bank öz üzərinə düşəni artıq edib - vəsaiti kontragentə çatdırıb, sadəcə bank bu cəhdləri ilə müştərinin vəsaitinin geri qaytarılması ilə bağlı bütün vasitələrdən istifadə edib, iddiaçının da qeyd etdiyi kimi bank tapşırığın icrasına görə cavabdehdir. Cavabdeh olduğu hissədə də tapşırığı tam icra etmişik. Digər başa düşülməyən məqam odur ki, iddiaçı qeyd edir ki, “REVOLUT PAYMENTS UAB”-ın vəsaitin geri qaytarılması ilə bağlı ödəniş tapşırığındakı SWİFT kodu iddiaçının 42174 nömrəli “köçürmə ərizəsi”ndən fərqlidir. Lakin həmin ödəniş tapşırığında İddiaçı MMC-nin bankdakı AZ74VTBA**********68270USD001 saylı hesabının dəqiqliklə qeyd edilməsinə münasibət bildirməmişdir. Əgər ödəniş tapşırığının düzgünlüyünə şübhə varsa, o zaman sual ortaya çıxır: “REVOLUT PAYMENTS UAB” İddiaçı MMC-yə başqa vəsait göndərib? Bu onu göstərir ki, iddiaçı obyektivlikdən kənar əsassız iddialar irəli sürür. Daha sonra ərizədə qeyd edilib ki, güya iddiaçı heç bilmir ki, “REVOLUT PAYMENTS UAB” nə bankdır və onlar ora pul köçürməyiblər. Bu fərziyyənin əsassız olduğu onların özləri tərəfindən tərtib edilərək təqdim edilmiş 42174 nömrəli “köçürmə ərizəsi”ndən də görsənir. Həmin ərizədə vəsaitin məhz benefisiar bank olan “REVOLUT PAYMENTS UAB”-a köçürülməsi elə İddiaçı MMC-nin özü tərəfindən xahiş edilmişdir. Eyni zamanda, bir məqamı da qeyd etmək lazımdır ki, iddiaçı tərəf “SHARK SEAFOODS” OU-nun “REVOLUT PAYMENTS UAB”-a sorğu ilə müraciət etməsini bildirsə də, həmin sorğunun nəticəsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu isə bir daha onu göstərir ki, iddiaçı tərəf obyektiv həqiqətin üzə çıxarılmasında maraqlı deyil. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsi və sonrakı təqdim etdiyi ərizədə qeyd olunanlara uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsi və sonrakı ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və qeyd edildi ki, pul məbləği Cavabdeh ASC-nin hesabında olanda yox, geri qayıdanda bloklanıbdır. Pul tələbinin hansı səbəbdən geri qaytarılmasının səbəbi məlum deyildir. Hesab edilir ki, iddiaçı pulu bloklayan təşkilatdan tələb etməlidir.
9. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddianın rədd olunmasını xahiş etdi və qeyd etdi ki, müxtəlif banklarla əməkdaşlıq edirlər və müxbir bankları seçirlər. İddia tələbində qeyd olunan pul məbləği Cavabdeh ASC-nin müxbir hesabından silinibdir. Digər bank tərəfindən pulun təyinatı üzrə çatmaması məlumdur, lakin müxbir bank tərəfindən pulun çatdırılmaması banka məlum olmur və bu yalnız müştəri vasitəsilə məlum olur. Müxbir bank Cavabdeh ASC tərəfindən müəyyən edilir. Digər müxbir bankları da onlar özləri müəyyən edirlər.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, bank qismində Cavabdeh ASC ilə müştəri qismində İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 268270 nömrəli bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə ilə bank hesabın açılması üçün tələb olunan sənədlər əsasında müştəriyə cari hesab açmağı, açılmış hesaba pul vəsaitini daxil etməyi, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesab vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilə bankda müştərinin adına gələcəkdə açılacaq digər cari hesab üçün də hüquqi əsasdır, bu şərtlə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl edilsin və bank tərəfindən ayrı qayda müəyyən edilməsin. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müştərinin sərəncamında digər ödəniş tarixi nəzərdə tutulmayıbda, bank onun tapşırığını müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra edir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən qanunvericilikdə və müştəri ilə bağlanılmış müqavilələrdə digər hallar nəzərdə tutulmayıbsa, hesab üzrə əməliyyatlar müştəri tərəfindən verilmiş yazılı sərəncamlar və digər razılaşdırılmış vasitələrlə alınmış sərəncamlar əsasında aparılır. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən müştəriyə onun tələbi ilə hesabdan çıxarışlar verilir. Müştəri hesabdan çıxarışı aldıqdan sonra 15 təqvim günü ərzində öz iradını bildirmirsə, hesabdan çıxarış təsdiq olunmuş hesab olunur. Həmin müqavilənin 4.1.11-ci maddəsinə əsasən müqavilənin 4.1.10-cu bəndində nəzərdə tutulmuş məqsədlər üçün müştəri tərəfindən uyğunlaşdırılmış formaya daxil etdiyi məlumatlara əsasən müştərinin W-9 formasının müştəriyə təqdim etməlidir. Həmin müqavilənin 4.2.5-ci maddəsinə əsasən müştəri hazırkı müqavilə ilə tənzimlənən münasibətlər üzrə yaranmış hər hansı bir şikayətlə bağlı bankın pretenziya işi və müştəri məlumatlarının təhlili şöbəsinə müraciət edə bilər. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli, 42174 nömrəli köçürmə ərizəsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh ASC-yə 192240 ABŞ dolları məbləğinin “X7” hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığı verilmiş, hesabın debetləşdirilməsi xahiş edilmişdir. Benefisiarın Bankı (SWİFT, adı, şəhər,ölkə, şöbə) qrafasında REVOLUT PAYMENTS UAB SWİFT REVOLT21XXX qeyd olunmuşdur. Ərizə Cavabdeh ASC tərəfindən təsdiq edilmiş, göstərilən məbləğin ödənildiyi qeyd edilmişdir.
12. Cavabdeh ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC-nin hesabında olan 163487 valyuta mübadiləsi ilə xx.xx.2022-ci il tarixə 192240 ABŞ dollar məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə “X7” şirkətinə göndərildiyi göstərilərək hesabdan silinmişdir.
13. xx.xx.2022-ci il tarixli “qaytarılma üzrə təsdiq”-in surətindən müəyyən olunur ki, “Shark Seafoods” OU tərəfindən İddiaçı MMC-nin hesabına 192240 ABŞ dolları pul vəsaiti köçürülmüşdür.
14. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, ödəniş əməliyyatı bank tərəfindən "xxxx" PSC-də olan müxbir hesab vasitəsilə xx.xx.2022-ci il tarixində icra edilmişdir. Lakin bankda olan məlumata əsasən qeyd edilən əməliyyatın icrası, ödənişini qəbul edənin bank tərəfindən qlobal miqyasda Rusiya Federasiyasının maliyyə institutlarına qarşı tətbiq edilən sanksiyalar səbəbindən saxlanılmışdır. Bu məsələ ilə bağlı müvafiq olaraq müxbir banka müraciət olunaraq, həmin vəsaitin "xxxx" PSC-nin xüsusi hesabında bloklaşdırılması müəyyən olunmuşdur. Məsələnin həlli ilə əlaqədar bankın məsul əməkdaşları tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.
15. Cavabdeh tərəfindən iş materiallarına e-mail yazışmaları əlavə edilmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 7 (yeddi) iş günü ərzində ya vəsaitin təyinatı üzrə kontragentə çatdırılması, ya da iddiaçının hesabına qaytarılması tələb edilmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulan bütün tədbirlərdən istifadə ediləcəyi, o cümlədən vurulmuş zərərin əvəzinin də tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. 975.1-ci maddəsinə əsasən ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. 975.2-ci maddəsinə əsasən bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər. 976.1-ci maddəsinə əsasən müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. 976.2-ci maddəsinə əsasən tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bank hesab müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, 268270 nömrəli bank hesabı müqaviləsinin bağlanılması, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli, 42174 nömrəli köçürmə ərizəsi ilə Cavabdeh ASC-yə 192240 ABŞ dolları məbləğinin “X7” hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığının verilməsi, hesabın debetləşdirilməsinin xahiş edilməsi, xx.xx.2022-ci il tarixdə “SHARK SEAFOODS” OU “REVOLUT PAYMENTS UAB” vasitəsi ilə 192240 ABŞ dolları vəsaitin İddiaçı MMC-nin AZ74VTBA**********68270USD001 hesabına geri qaytarmaq barədə ödəniş tapşırığının göndərilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı “SHARK SEAFOODS” OU-nun hesabına köçürülməyən, eləcə də iddiaçıya qaytarılmayan 192240 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən ona qaytarılmalı olduğunu, cavabdeh isə tapşırığı icra etdiyindən həmin məbləğin ondan tələb edilməli olmadığını bildirmiş, fors-major halına istinad etmişdir.
20. Cavabdeh ASC xx.xx.2022-ci ii tarixdə SWİFT beynəlxalq köçürmə sistemi vasitəsi ilə 192240 ABŞ dolları vəsaitin “SHARK SEAFOODS” OU-nun “REVOLUT PAYMENTS UAB”-dakı LT**********90208863 saylı hesabına köçürüldüyünü, sonradan məlum olmayan səbəblərdən “SHARK SEAFOODS” OU “REVOLUT PAYMENTS UAB” vasitəsi ilə 192240 ABŞ dolları vəsaitin İddiaçı MMC-nin AZ74VTBA**********68270USD001 hesabına geri qaytarmaq barədə ödəniş tapşırığı göndərildiyini, lakin vəsaitin “CİTİBANK N.A.”-nın Compliance Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə bloklandığını bildirmişdir. Bloklanma səbəbi kimi Rusiya Federasiyasına tətbiq edilən beynəlxalq sanksiyaların iqtisadi və maliyyə sektoruna təsir etməsi göstərilmişdir. Cavabdeh bu halı fors-major hal adlandıraraq, öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirdiyini qeyd etmiş və mövcud vəziyyətin onların iradəsindən asılı olmadan yarandığını bildirmişdir.
21. İddiaçı xx.xx.2022-ci il tarixdə tərəfindən cavabdehə 192240 (bir yüz doxsan iki min iki yüz qırx) ABŞ dolları məbləğinin “X7” hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığı verildiyi, vəsaitin iddiaçının bank hesabından silinsə də, indiyədək təyinatı üzrə kontragentinə çatdırılmadığı, cavabdehdən vəsaitin təyinatı üzrə kontragentinə çatdırılması, ya da iddiaçının hesabına qaytarılmasının tələb edilməsinə baxmayaraq, qaytarılmadığı üçün cavabdehdən İddiaçı MMC-nin xeyrinə 192240 ABŞ dolları pul vəsaitinin tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, nəticədə iddiaçı məhrumiyyətə məruz qalmışdır, belə ki, ona məxsus olmuş 192240 (yüz doxsan iki min iki yüz qırx) ABŞ dolları məbləğində pul vəsaiti təyinatı üzrə çatdırılmamış və iddiaçıya geri qaytarılmamışdır və məhkəmənin qənaətinə əsasən iddiaçı hazırkı tələbi cavabdehə qarşı irəli sürməkdə haqlı sayılmalıdır.
23. Məhkəmənin qənaətinə əsasən üzərindən 3 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını lazımınca yerinə yetirməmişdir. Belə ki, 192240 ABŞ dolları məbləğinin “X7” hüquqi şəxsinə köçürülməsi təmin edilməmiş, eyni zamanda pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır.
24. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
25. Cavabdeh etiraz ərizəsində 192240 ABŞ dolları vəsait “CİTİBANK N.A.”-nın Compliance Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə bloklandığını qeyd etmiş və eyni zamanda fors major halına istinad etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, həmin halla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən istənilən halda həmin halın mövcudluğu fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.
26. Bundan əlavə, digər bir ziddiyətli məqam ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının 57-ci bölməsində benefisiar bank kimi “REVOLUT PAYMENTS UAB SWİFT, benefisiar bankın kodu kimi REVOLT21XXX qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “qaytarılma üzrə təsdiq” adlı sənəddə ödəyicinin hesab rekvizitlərində kod kimi REVOGB2LXXX qeyd edilmişdir.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 192240 (yüz doxsan iki min iki yüz qırx) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir.
28. İddiaçı vəkil xidmətinə xərclənmiş 3500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
29. Məhkəmə hesab edir ki, hüquqi yardım xərci ağlabatan məbləğdə müəyyən edilməli, cavabdehdən 800 (səkkiz yüz) manat hüquqi yardım xərci tutularaq iddiaçıya ödənilməlidir.
30. Eləcə də, iddiaçı ödənilmiş 620,31 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 620,31 manat (altı yüz iyirmi manat otuz bir qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 192240 (yüz doxsan iki min iki yüz qırx) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərclərinin əvəzi olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 800 (səkkiz yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 620,31 manat (altı yüz iyirmi manat otuz bir qəpik) tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım xərci qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova